Prokurorluqdan polisi yandıran şəxslə bağlı AÇIQLAMA

Prokurorluqdan polisi yandıran şəxslə bağlı AÇIQLAMA
  03 Dekabr 2014    Oxunub:2164
Polis əməkdaşına müqavimət göstərməkdə şübhəli bilinən şəxs barəsində cinayət işi başlanıb
Baş Prokurorluğun mətbuat xidmətindən AzVision.az-a daxil olan məlumatda bildirilir ki, dekabrın 2-də saat 19:30 radələrində Bərdə şəhər sakini Cəfərov Elçin Ələsgər oğlu sərxoş vəziyyətdə idarə etdiyi “VAZ 2106” markalı avtomobillə Bərdə şəhəri, Ü.Hacıbəyov küçəsində yol hərəkət qaydasını pozaraq işıqforun qadağanedici qırmızı işığında nəqliyyat vasitəsini idarə etdiyinə görə Bərdə rayon Polis Şöbəsinin Dövlət Yol Polis Bölməsinin Yol Patrul Xidməti inspektoru Aqil Quliyev tərəfindən saxlanılarkən avtomobili orada qoyub uzaqlaşıb. E.Cəfərov təxminən 10 dəqiqədən sonra həmin yerə qayıdaraq ondan sənədlərini təqdim etməsini və sərxoşluq müayinəsindən keçməsini tələb edən A.Quliyevin üstünə özü ilə plastmas qabda gətirdiyi benzin yanacağını töküb alışqanla yandıraraq sonuncunun həyatı və sağlamlığı üçün təhlükəli olan zor tətbiq edərək müqavimət göstərib.

Faktla bağlı E.Cəfərovun barəsində rayon prokurorluğunda Cinayət Məcəlləsinin 315.2-ci (hakimiyyət nümayəndəsinə qarşı həyat və sağlamlıq üçün təhlükəli olan zor tətbiq etmə) maddəsi ilə cinayət işi başlanmış, iş üzrə müvafiq ekspertizalar təyin edilib.

Hadisə zamanı sağ əlindən yanıq xəsarəti alan A.Quliyevə rayon xəstəxanasında ilkin tibbi yardım göstərilərək evə buraxılıb.

E.Cəfərov şübhəli şəxs qismində tutularaq istintaqa cəlb edilib.

Hazırda iş üzrə istintaq tədbirləri davam etdirilir.



Teqlər:



Xəbər lenti