Prezident Administrasiyası rəhbərindən səmimiyyət dərsi

Prezident Administrasiyası rəhbərindən səmimiyyət dərsi
  04 Dekabr 2014    Oxunub:4928
Sahib Alıyev

Dekabrın 3-də Prezident Administrasiyasının rəhbəri, akademik Ramiz Mehdiyevin “İkili standartların dünya nizamı və müasir Azərbaycan” adlı məqaləsi dərc edildi. İndi dünya nizamını Amerika müəyyənləşdirdiyindən, dəqiq desək, məhz bu dövlət pozmağa çalışdığından məqalə də daha çox rəsmi Vaşinqtonun yeritdiyi siyasətin tənqidinə həsr olunub.


Onu hardasa səmimi olmayanlar üçün səmimiyyət dərsi də adlandırmaq mümkündür. Və orada yazılanları hazırda baş verənlərə sadəcə hakimiyyətin, yaxud da fərd olaraq akademik Ramiz Mehdiyevin yanaşması kimi qiymətləndirmək düzgün deyil. Məqalədə bütövlükdə Azərbaycan dövlətinin və xalqının baxışları öz əksini tapıb. Əslində heç izaha ehtiyac da yoxdur, amma yenə də aydınlıq gətirməyə çalışacağam nə üçün.

Baxın, bu ölkədə içərisində az-çox vətən sevgisi daşıyan və müəyyən dərəcədə də savadı olan elə bir adam tapmaq çətindir ki, qərbdəkilərin, özəlliklə də Amerika təmsilçilərinin bizim ən həssas yerimiz sayılan Dağlıq Qarabağ münaqişəsinə yanaşmalarından narazı qalmasın. Eyni zamanda savadlılar içərisindən çox az adam tapa bilərsiniz ki, onların bütün dünyada, özəlliklə də Yaxın Şərqdə yeritdikləri siyasətin doğru olduğunu fikirləşsin. Və fikirləşsin ki, bütün bunlar oradakı müsəlmanların yaxşılığı üçün edilir.

Hələ Türkyənin sərhəd şəhərlərini demirik, İstanbulun özündə belə qışın bu soyuğunda əllərində pasportları küçələrdə oturub dilənən nə qədər suriyalı gözə dəyir. Suriyanı qarışdıranlar haradadır, niyə gəlib onlara yiyə durmurlar? Ərəb baharı dedikləri bu idimi? Özləri belə bir bahar yaşamaq istərdilərmi?

Kürdlərin müəyyən, şiələrin isə az bir hissəsini çıxmaq şərtilə indi İraqda hamı diktator Səddama rəhmət oxuyur. Niyə? Doğrudan da qaniçən bir adam olan Səddama iraqlıların yanaşması nədən dəyişdi? Çünki onun vaxtında indikindən qat-qat yaxşı yaşayırdalar. Əmin-amanlıq vardı, indiki kimi az qala hər gün terror aktı baş vermirdi. O zaman İraq deyiləndə göz önünə ərəb dünyasının liderliyinə iddialı bir dövlət gəlirdi. İndi nə gəlir, de fakto üç yerə parçalanmış, gələcəyi qaranlıq görünən İŞİD və buna bənzər qruplaşmaların at, pardon, üstünə pulemyot bərkidilmiş cip oynatdıqları toqquşma meydanı . Ölkə də yox, məhz toqquşma meydanı. Demokratiya adı altında Yaxın Şərqdə xaos yayanlar, etdiklərinin məhz belə bir mənzərə ortaya çıxaracağını bilmirdilərmi. Elə gözəl bilirdilər ki.

Qərbdəkilərin nəyisə bilib-bilmədəiklərindən söz düşmüşkən, bəzən özlərini elə aparırlar ki, guya burda nə baş verdiyindən zamanında xəbər tutmurlar. Əgər zamanında xəbər tutsaymışlar, obyektiv olacaqlarmış. Bu yaxınlarda Amerika Dövlət Departamentinin rəsmisi ermənilərin Ağdam yaxınlığında gecə apardıqları bir əməliyyatı izlədiklərini deyirdi. Özü də çox məmnun bir görkəm və tonla. Bilərəkdən yazmıram söhbət hansı əməliyyatdan gedir, amma sual yaranır ki, necə olur onlar kiçik bir erməni dəstəsinin gecə nəyi necə etdiklərini izləyə bilirlər, bunun məhz bizim torpaqlarda reallaşdırıldığını görmürlər? Əgər görürlərsə, Minsk qrupuna həmsədrlik edən bir dövlət olaraq nədən bunu pisləmirlər?

Erməni hərbi dəstəsi başqasının torpağına niyə soxulub əməliyyat aparmalıdır? Və əgər belə bir əməliyyatı Ermənistanda azərbaycanlı hərbiçilər aparsaydı, Dövlət Departamentinin təmsilçisi o cür məmnunluqla, yaxşı bir şey baş veribmiş kimi danışardımı. Ermənistanın ortasında vurulmuş Azərbaycan hərbi helikopterinin ekipaj üzvlərinin ölməsindən sarsıldığını dilə gətirərək, buna görə bizə baş sağlığı verərdilərmi. Soruşmaq istəyirəm, niyə Abxaziyanın, Güney Osetiyanın, Dnestryanı bölgənin, Donbasın, Krımın rəhbərliyində təmsil olunan adamlar Amerikaya gedə bilmirlər? Amma erməni separatçılarının liderləri oranı su yoluna döndəriblər. Niyə həmin separatçı qurumlara heç bir dəstək verilmir, əksinə onlarala əməkdaşlıq edənlər sanksiyalarla üzləşdikləri halda Dağlıq Qarabağa yanaşmada bunun əksini görürürk?

Amerikada indiyədək dövlət xəttilə işğalçı Ermənistana 2 milyard dollardan çox, erməni separatçılarına isə yüz milyonlarla dollar yardım edilib. Hələ hər il keçirilən telemarafonlarda toplanan pulları demirik. Yeri gəlmişkən, ötən həftə amerikalı ermənilər özləri bildirdilər ki, oradakı varlıları bu telemarafonlardan vergidən yayınmaq üçün faydalanırlar. Vergidən yayınmanın bank yarmaq qədər ağır suç sayıldığı və bu məsələdə heç kimə güzəştə gedilmədiyi bir ölkədə görəsən ermənilərin telemarafondan məhz belə bir məqsədlər üşün faydalandıqlarını görmürlərmi? Təbii ki, görürlər. Fəqət susurlar. Ona görə susurlar ki, vergidən yayındırılan həmin pullar Amerika büdcəinə getməsə də, Dağlıq Qarabağ üçün xərclənilir. Və yəqin ki, ermənilərlə görüşdə onlara bir başa büdcədən ayırmalarla yanaşı, dolayı yardımların göstərildiyi də xatırladılır.

Bütün bunlar nə üçündür? Təkcə ona görəmi ki, erməni havadarı rolunda çıxış etməklə xristian həmrəyliyi sərgiləyir, islamofobluqlarını ortaya qoyurlar. Bu da var, amma qərbdəkilər ermənilərdən Türkiyə və Azərbaycan üzərində bir təzyiq aləti olaraq yararlanırlar. Ən təhlükəlisi isə budur ki, öz hegemonluqlarını sürdürmək üçün onlardan gələcəkdə bir ünsür olaraq daha geniş şəkildə faydalanılması düşünülür. Təbii ki, bütün bunları yazmaqla mən Amerika kəşf etmirəm. Amerika çoxdan kəşf edilib. Amma çoxdan kəşf edilən Amerika hər gün dəyişir və nə yazıqlar ki, bu dəyişmə pisliyə doğru gedir.

Prezident Administrasiyasının rəhbəri də öz məqaləsində bizim hamımızın gördüyü və bildiyi bu reallıqlardan bəhs edir. Sadəcə, o, akademik və təcrübəli dövlət xadimi olduğundan yazdıqları daha elmi, daha dərin və həm də daha dəqiqdir. Hörmətli Ramiz müəllim, məqaləsində tez-tez Amerikada, eləcə də dünyada geniş tanınan, böyük dövlət idarəçiliyi təcrübələri olan Henri Kissincer və Zbiqnev Bjezinski kimi adamlardan da sitatlar gətirir. Məncə, idarəçilik təcrübəsi, bilik və bacarığı heç də sitat gətirdiyi amerikalı strateqlərdən az olmayan akademik Mehdiyevin məqaləsində ən çox diqqət yetrilməli məqam qərbdəkilərin apadıqları siyəsətin necə pislənməsi yox, bu pis siyasətin qurbanlarının getdikcə artdığı bir dönəmdə Azərbaycanın atdığı və atmağı planlaşdırdığı addımlardır.

Nə yaxşı ki, bu dövlətin başında sözü gedən məqalədə də vurğulandığı kimi “özünün yüksək intellekti və təşkilatçılıq istedadı” ilə fərqlənən, fenomenallığı və nəhəngliyi yaddaşlarda dərin iz salan “öz böyük sələfinin kölgəsindən çıxmağı bacaran”, Azərbaycanı daha da irəli aparan yüksək intellektli, enerjili, Heydər Əliyev səbrli bir lider durur. Və bu xalq qərbdəkilərin yeritdikləri ikili siyasətin mahiyyətini yaxşı anladığı kimi, cənab Prezidentin də kimliyini, öz ölkəsinin maraqlarını qorumaq üçün apardığı mücadiləni, Azərbaycanımızı haradan hara qaldırdığını, millətini necə ləyaqətlə təmsil etdiyini yaxşı görür. Görür, sevinir və sevir. Əsas da budur!


Teqlər:  



Xəbər lenti