Tələbələrinin Qulu Məhərrəmliyə yubiley təbriki

Tələbələrinin Qulu Məhərrəmliyə yubiley təbriki
  08 Dekabr 2014    Oxunub:1286
Professorun dostları yubilyarın 60 illiyinə toplandılar.
İki təhsil ocağı – Bakı Dövlət Universiteti və Slavyan universitetinin jurnalistika fakültələrinin tələbələri istəkli müəllimləri, ustad jurnalist, professor Qulu Məhərrəmlinin 60 illiyi münasibətilə xüsusi videoçarx hazırlayıblar. Jurnalistikanın həyatımızdakı önəmindən bəhs edən həmin çarx “Dəmirçi Plaza”da keçirilən yubiley toplantısında nümayiş etdirilib və iştirakçıların alqışları ilə qarşılanıb. Tələbələrin təqdimatında yubilyarın həyat və fəaliyyətinə aid foto-stend və müəllifi olduğu kitabların sərgisi də bəyənilib.
Yubiley toplantısında çıxış edən millət vəkili, respublika Dövlət mükafatı laureatı, Əməkdar jurnalist Elmira Axundova Qulu Məhərrəmlinin Azərbaycan mediasına, televiziya sənətimizə misilsiz xidmətlərindən və onun jurnalistika elmimizə verdiyi töhfələrdən danışıb.

Görkəmli ədəbiyyatşünas alim, Dövlət mükafatı laureatı, professor Nizaməddin Şəmsizadə, professor Alxan Məmmədov, tarix elmləri doktoru Nəsiman Yaqublu jurnalistikamızın fəxri hesab etdikləri Qulu Məhərrəmlinin yüksək peşəkarlığını, parlaq mənəvi keyfiyyətlərini qeyd etməklə yanaşı, onun jurnalistikamızda yeni istiqamətin əsasını qoymuş elmi əsərlərindən də bəhs ediblər.

Qulu Məhərrəmli ilə uzun illər televiziya sahəsində birgə çalışmış Prezident təqaüdçüsü, respublikanın xalq artisti, rejissor Vasif Babayev və əməkdar jurnalist Ələkbər Abbasov yubilyarın telepublisistikamızın inkişafındakı xidmətlərini, onun reportyorluq, siyasi şərhçilik və redaktorluq fəaliyyətini qeyd ediblər. BDU-nun Televiziya və radio jurnalistikası kafedrasının müdiri, dosent Aynur Kərimli, pedaqoji elmlər namizədi Zemfira Məhərrəmli, BSU-nun Yeni media kafedrasının müdiri, dosent Aynur Bəşirli, jurnalistika fakültəsinin tələbəsi Günel Hacı da öz çıxışlarında Qulu müəllimi görkəmli jurnalist, elmə yeni düşüncə gətirən alim və mahir pedaqoq kimi səciyyələndiriblər.

Toplantıda yubilyarın vaxtilə AzTV və Xəzər telekanallarında apardığı verilişlərdən fraqmentlər göstərilib. Sonda professor Qulu Məhərrəmlinin Rafiq İsmayılovla birlikdə hazırladıdğı və Altunkitab nəşriyyatında yenicə çapdan çıxmış “Məktəblinin alınma sözlər” izahlı lüğətinin təqdimatı olub.

AzVision.az


Teqlər:  





Xəbər lenti