`Hakimiyyəti `şampunçiklər` deyil, kişilər müdafiə etməlidir` - MÜSAHİBƏ

`Hakimiyyəti `şampunçiklər` deyil, kişilər müdafiə etməlidir` - MÜSAHİBƏ
  16 Yanvar 2015    Oxunub:4176
Demokratik Maarifçilik Partiyasının sədri Elşən Musayev AzVision.az saytına müsahibəsində Azərbaycan-ABŞ münasibətlərində yaranan durumu təhlil edib:

- “Amerikanın Azərbaycana münasibəti dəyişib” fikrini bölüşürsünüzmü?


- Xeyr. Birmənalı şəkildə bölüşmürəm.

- O zaman uzun müddətdir ortalıqda dövr edən anti-Azərbaycan ritorikası nədir bəs?

- Əslində bu, ritorika deyil, ənənəvi siyasətdir. Hətta lap siz deyən kimi ritorika kontekstində qiymətləndirsək belə, yenə də anti-Azərbaycan ritorikasını deyil, merkantil maraqların, istila təfəkküründən doğan isterikanın şərtləndirdiyi ritorikanı ön plana çıxarmalıyıq. Çünki Amerika üçün dost, müttəfiq, tərəfdaş anlayışı yoxdur. Tarixən də olmayıb.

Baxın, bir var, anlayışın özü olsun, sadəcə icra olmasın. Bunlarda isə ümumiyyətlə, kökündən, yaranışından mövcud deyil. Və ümumiyyətlə, fövqəldövlətlər öz “fövqəl” statuslarını da elə məhz dost anlayışına aludə olmadıqları üçün qazanıblar.

Həmin dövlətlərin beynəlxalq siyasəti təxminən antibiotik mahiyyətindədir: biri mikrobla bərabər bütün mədə-bağırsağın florasını pozmağa çalışır, digəri isə hansısa marağın, ambisiyanın namınə dünyanın siyasi düzənini dəyişməyə... Amma hər iki variantda çarə var. Birinin həmləsindən həb, digərininkindən isə qətiyyətlə yayınmaq olur.

- Elə isə, ənənəvi siyasət daha öncə niyə bu qədər aqressiv xarakter daşımırdı?

- Bir daha təkrar edirəm. Bu aqressiya dünyanın düz vaxtı da olub... Sadəcə, indiki kimi residiv hala keçməyib. Yəni eyni adlı siyasətin prioritetləri tarixən “istila” elementlərini öz üzərində cəmləyib, onların xəmiri əzmək, qəsb etmək amacı ilə yoğrulub. Ona görə də, bu gün baş verənləri yenilik kimi deyil, tam əksinə, dünyanın, Qafqazın siyasi mənzərəsi üzərinə hesablanan növbəti gediş kimi qiymətləndirməyin tərəfdarıyam.

- Residiv hala keçidin səbəbləri nədir bəs?

- Rusiya ilə yaxınlaşma. Həm də mütləq bir yaxınlaşma. Qərb bunu həzm etmir. Edə bilmir. Qərb deyərkən Amerikanı qəsd edirəm, təbii. Onlar kiminsə müttəfiqliyinə, bəlli miqdardan artıq “isti münasibət”ə hər zaman böyük qısqanclıqla yanaşıb. Və nə qəribədir ki, bunu heç bir zaman gizlətməyiblər. Üstəgəl, az qala bütün dünyanın gözünə soxmaq istədikləri “hiperdemokratiya”, “insan hüquq və azadlıqları” anlayışı da niyəsə həmişə bu qısqanclığın fonunda zühur edib, blef alətinə çevrilib.

- Amma razılaşın ki, Azərbaycana qarşı Vaşinqton dinləmələri yetərincə sərt idi...

- Sərt və haqsız. Ayrıca, həm də riyakar! Fəqət, gözləyirdik bunu. Hər halda, Altay Göyüşov adda birisi durub Vaşinqton tribunasından Azərbaycan iqtidarını tərifləyəcək deyildi. Ya da Kənan Kazımoğlu, Kristofer Uolker və qeyriləri. Yəni təyinat və hədəf bütün hallarda iqtidarı “vurmaq” idi. Həm də qarşı tərəfin bir nümayəndəsinin belə həmin dinləmələrdə iştirakını təmin etmədən. Və ya həmin tədbirdə iqtidarın da təmsilçiliyi olsaydı, barı sonda çıxış üçün söz alan Miriam Lanskoyun qəfil sentimentallaşma səbəbini anlardıq. Bilərdik ki, adam Azərbaycanın vətəndaşının halınamı ağlayır, öz gününəmi ağlayır, yoxsa hardasa itib-batan qohum-əqrəbasının aqibətinəmi...

- Dünən Bakıda da QHT-lərə Dəstək Şurasının təşkilatçılığı ilə ABŞ dinləmələrinin müzakirəsi keçirildi. Bir iştirakçı kimi təəsüratınız nədir?

- Bu haqda danışmaq istəmirəm.

- Səbəb?

- Sadəcə, danışmaq istəmirəm.

- Orada danışdınızmı barı?

- Xeyr. Müraciət etsəm də, hörmətli Azay müəllim çıxış üçün söz vermədi. Digər məruzəçilərin reqlamentə riayət etməməsi səbəbindən zaman qıtlığı yarandı. Bu səbəbdən də mövzu ilə bağlı fikir bildirmək imkanım olmadı.

- Hər zaman iqtidar gəncliyini fəaliyyətsizlikdə ittiham edən Elşən Musayevin məhz bu durumda, yəni qarşılaşdığımız beynəlxalq ziddiyyətlərin fonunda onlarla bağlı düşüncəsi, fikri, proqnozu nədir?

- Mən Azərbaycan iqtidarını təmsil edən gəncliyi fəaliyyətsizlikdə deyil, bəzən proseslərə qeyri-adekvat münasibət bildirməkdə ittiham etmişəm. O da ərk etdiyimdən. Vəssalam. Oysa həmin gəncliyin içində çox ağıllı, çox dəyərli, siyasi cəhətdən kifayət qədər yetkin simalar, təmsilçilər var. Sadəcə, bu sadaladığım keyfiyyətlər hamı üçün keçərli deyil. Nə təəssüf ki. Fikrim və devizim isə bu gün də dəyişməyib: Mövcud hakimiyyəti, Azərbaycan dövlətçiliyini kiminsə hesabına adam olub, ortalığa çıxıb, döşündə, yaxasında gül gəzdirən “şampunçik”lər deyil, həmin sinədə ÜRƏK gəzdirən kişilər müdafiə etməlidir. Və çox şükürlər olsun ki, ətrafımızda cəmlənən və haqqında danışdığım gəncliyin böyük əksəriyyəti elə həmin o ürəkli kişilərdən ibarətdir.

Anar Kəlbiyev
AzVision.az



Teqlər:  





Xəbər lenti