Gürcüstan `erməni soyqırımı`nı tanımadı - Parlamentdə etiraz
Onun təklifi ciddi etirazlarla qarşılanıb.
Azərbaycanlı deputat Azər Süleymanov S.Petrosyanın təklifini cəfəngiyat adlandıraraq deyib: “Yüz il bundan əvvəl törədildiyi iddia olunan hadisələrə belə yanaşmaq, tarixi faktları saxtalaşdırmaq olmaz. Əslində həmin hadisələr zamanı qətlə yetirilən türklərin sayı ermənilərin sayından çox olub. Bunu Türkiyə tərəfi və nüfuzlu elm adamları, tarixçilər dəfələrlə söyləyiblər. Yaxşı olar ki, bir daha tarixçilər öz sözlərini desinlər və sonra parlament öz qərarını versin”.
A.Süleymanov ermənilərin Azərbaycanda və digər qonşu dövlətlərdə törətdikləri vəhşilikləri də diqqətə çatdırıb: “Biz yaxın tarixə nəzər salsaq görərik ki, əslində ermənilər özləri başqa millətlərə, xüsusən də azərbaycanlılara və türklərə qarşı etnik təmizləmə və soyqırımı həyata keçiriblər. Ermənilər 1918-ci ildə paytaxt Bakıda və Azərbaycanın digər bölgələrində, 1992–ci il fevralın 26-da Xocalıda əsl soyqırımı həyata keçiriblər. Bunlar tarixi faktlarla sübuta yetirilib və onu inkar etmək olmaz”.
Digər azərbaycanlı deputat Mahir Dərziyev də erməni deputatın qaldırdığı məsələyə cavab verib.
M.Dərziyev qeyd edib ki, Gürcüstan uzun illərdir müxtəlif millətlərin azad, sülh şəraitində yaşadığı bir ölkədir. Deputat S.Petrosyanın qaldırdığı bu məsələ Gürcüstanın dövlət və milli maraqlarına xidmət etmir. Erməni deputatın 100 il bundan qabaq baş vermiş hadisələri bu gün gündəmə gətirməsi yeni narazılıqların yaranmasına səbəb ola bilər və bu, ölkənin nüfuzuna zərbədir. “Qondarma erməni soyqırımı” məsələsinin tarixçilər tərəfindən araşdırılmasının vacibliyini vurğulayan M.Dərziyev Türkiyənin arxivlərinin bunun üçün açıq olduğunu diqqətə çatdırıb.
M.Dərziyev daha sonra deyib: “Ermənilər heç bir tarixi faktlara əsaslanmayan “qondarma erməni soyqırımı” iddialarına son qoymalı, qonşu dövlətlərə qarşı ərazi iddialarından əl çəkməli, xüsusən də Azərbaycan və Türkiyə ilə normal əlaqələr yaratmalıdır. Bu həm Ermənistanın özünə xeyirdir, həm də bölgədə sabitliyin və sülhün bərqərar olmasına xidmət edər”. (Azərtac)