İnsanı zamanla döyüşdürən rejissor – KİNOTƏHLİL

İnsanı zamanla döyüşdürən rejissor – KİNOTƏHLİL
  25 Avqust 2015    Oxunub:9188
Aysel ƏLİYEVA
AzVision.az

- “Madam Bovari”ni yazan Floberdən “Madam Bovari kimdir?” deyə soruşanda “Madam Bovary mənəm” demişdi. Filmlərimdəki qəhrəmanlar da mənim bir parçamdır. Fəqət eyni zamanda, tanıdığım başqa insanların da bir parçasıdır...

Bu sözlərin müəllifi; filmlərini izlərkən bizə özümüzdən bir parça tapdıran, eyni zamanda insanı çətin bir çıxmaza salan rejissor Teo Angelopoulosdur.

Qırx illik film təcrübəsi olan rejissor 1970-ci illərdə çəkdiyi ilk dönəm filmlərində tarixdən bəslənən və siyasi ideolojiyasını önə çıxaran filmlər ərsəyə gətirib. O dönəmlərdə kommunist hərəkatının cərgələrində yer almış Angelopoulos sol görüşə sahib idi və dünyanın dəyişərək daha ədalətli, daha gözəl ola biləcəyinə inanırdı. Bunun üçün savaşırdı.

Ancaq həyatın reallıqlarıyla bacara bilməyəcəyini anladığı zaman gözündə hər şey dəyişir. 1980-ci illərin ortalarından etibarən dünyanın daha yaşamalı bir yer olması üçün apardığı mübarizəyə ümidini itirir. Özünün də dediyi kimi, fəhlə sinfinin inqilab edəcəyinə olan inamı yerini “duyğusal sol”a buraxır. Beləliklə də, ilk dönəmdəki tarixi-siyasi filmlərini fərdə, fərdin problemlərinə ağırlıq verən filmlər əvəzləyir.

Angelopoulosun itirmədiyi bir ümid vardı amma. O da aydın düşüncənin, intellektual şəxsin, sənətin və sənətçinin gətirə biləcəyi gözəllikdir. Bu səbəbdəndir ki, daha çox ziyalı şəxsin yaşam sıxıntılarını mövzu edirdi.

Müsahibələrinin birində “Kino, toplumun daxili hərəkətsizliyini və toplumdakı boşluğu əks etdirir. Kino bu boşluğun şahididir”- deyən rejissor həmçinin dünyanın yaranmasından bu yana var olan insani problemlərə də toxunur: varlıq və yoxluq, gerçək və xəyallar, gənclik və yaşlılıq, doğum və ölüm, gözəllik və çirkinlik, eşq, xoşbəxtlik, faciə... Bir sözlə, insanın yaşaya biləcəyi hər şey – insan taleyi...

Angelopoulosun özəlliklərindən biri də “zamansız və məkansız” olan ruhudur. O, filmlərində insanların, ölkələrin, düşüncələrin sərhədsizliyini anladarkən, qaçqınları, partizanları, sevdiklərinə qovuşa bilməyənləri, yoxsulları, diktatorların əzdiyi xalqları, dünyanın yaxşılığını, pisliyini, çarəsizliyini, həyatla ölüm arasındakı cizgini dərin melanxoliya ilə çatdırır izləyiciyə.

Bir gün həbs edilib ortadan itən və aylarca evə dönməyən atasının gedişiylə ilk böyük xəyal qırıqlığını yaşamış və o sırada ilk şeirlərini yazmış rejissor, o zamandan bəri şeirin həyatındakı gücünə səmimiliklə inandığını söyləyir. Və öz xatirə anbarımıza girib, gerçək həyatda başımıza gələn bəzi olayları yenidən yaşadığımızı düşünür: “Əsərlərim uşaqlığımın və yeniyetməlik zamanımın duyğu və xəyallarıyla doludur. Məncə etdiyimiz hər şeyin tək qaynağı uşaqlığımızda yatır”- deyir.

Arzu etdiyi kimi, film çəkdiyi əsnada dünyasını dəyişən Angelopoulos, yaşadığı müddətcə film çəkdi və filmlərində öz çağının insanlarına ayna tutdu.
O, real yaşamın gerçəklərini mifoloji metaforalar və ədəbiyyat – şeir diliylə əks etdirirdi.



Onun kinosu əslində bütövlükdə tək bir filmdir. Tarix-fərd-insan münasibətini araşdırarkən istifadə etdiyi metaforalar eynidir. Misal üçün, sənətin hər cür icra edilməsinin mümkün ola biləcəyini anladan metafora olaraq “Ağlayan çəmən”dəki, “Sonsuzluq və bir gün”dəki musiqiçilərin musiqilərini ifa şəkli buna örnəkdir. Həmçinin qatar dayanacaqları, sərhəd məntəqələri, boz-bulanıq hava...

Və dəniz…

Adını unutduğum bir rus yazarının hekayəsində oxumuşdum: “Keçmişdə yunan qadınlar savaşa yolladıqları kişiləri dənizlə yola salar və onların geri dönməsini də yenə dənizdən gözləyərdilər. Bu ənənə yunanların dənizlə olan ilahi bağını yaradıb və yunanlar gözlədiklərinin hardan gələcəyindən asılı olmayaraq, hər zaman dənizə baxaraq, dənizdən gözləyirlər…”

Angelopoulos filmlərində tez-tez iki görüntü arasına girən dəniz onun yunanlığındanmı, yoxsa yaradıcı üslubundanmı qaynaqlanır, bilinməz, amma dənizin bir “son”u ya da “sonsuzluğu” simvolizə etdiyi dəqiqdir.
Bax belə bir “sonu” – “sonsuzluğu” axtaran insandır Angelopoulosun “Sonsuzluq və bir gün”dəki qəhrəmanı.

“Sonsuzluq və bir gün”



1998-ci il Kann Film Festivalında `Qızıl Palma Budağı` mükafatını alan film, çox qısa ömrünün qaldığını öyrənərək, sahil kənarındakı evini tərk edib xəstəxanaya yatmağa hazırlaşan yaşlı və tanınmış yazar Aleksandrın evindəki son günündən bəhs edir.

Aleksandr əşyalarını toplayarkən, uzun zaman öncə ölən yoldaşı Annanın yazdığı, xoşbəxt bir yay gününündən bəhs edən məktubu tapır. Məktubu oxuduqca keçmişi ilə indiki zaman arasında sonsuz səfərə çıxan qəhrəmanın bundan sonra yaşadıqları reallıq ilə xəyal arasında davam edir.

Aleksandr yaşarkən sonsuzmuş kimi görünən həyatın bir illüziya olduğunun və ömrünün sonunda hər şeyin yarım qaldığı gerçəyinin fərqinə varır. Yaşamı, sevdası, xoşbəxtliyi, işi, şairliyi, hətta kəlmələri belə yarım qalır. Yazarlıq həyatı üzündən ailəsinə qarşı etdiyi laqeydliyini xatırlayır, üzülür. Xətalarını bərpa etmək üçün gecikdiyini anlayan yaşlı adam, yenə də tam olaraq ümidini kəsmir.

Qayğısını əsirgədiyi mərhum yoldaşını, anasını xatirələrində canlandırır. Keçmişini bir günün içinə yerləşdirməyə çalışarkən, ömrünün sonuna çox az qaldığını öyrənən hər insanın edə biləcəyi kimi, arxasındakılara gözəl şeylər qoyub getmək barədə düşünür. Bu məqsədlə qızı ilə danışmağa gedir və itinə baxacaq etibarlı birini axtarır.

Aleksandr bəlkə də son günü olacaq bu günündə ölümdən deyil, öz-özüylə üzləşməkdən qorxur. Xəyallarla kifayətlənməyə bəlkə də buna görə üstünlük verir. Bir səhnədə onu, evində magnitafondan musiqi dinlədiyini görürük. Musiqini kəsdiyi anda isə qarşı binadakı bir balkondan musiqinin davamının səslənəndiyini eşidirik.
“Son zamanlarda bu dünya ilə tək əlaqəm, mənə elə hey eyni musiqi ilə qarşılıq verən bu bilinməyən qarşı pəncərədir ”- deyən Aleksandr, qarşı pəncərədəki insanın kim olduğunu düşünərkən öz-özünə cavabı: “Bəlkə də bilməmək və xəyal etmək daha yaxşıdır”,- olur.

Yazarın üzləşə bilmədiyi gerçək əslində öz varlığı idi.
Necə yaşamışdı həyatını?!
Həmin gün, Aleksandr yoldaşının məktublarını və itini qızına aparmaq üçün yola çıxanda başına maraqlı bir olay gəlir. Maşınların qırmızı işıqda durduğu əsnada bir topa uşaq pəncərə silmək üçün bir-birilərilə yarışmağa başlayırlar. O sırada polislər gəlir və uşaqları tutuqlayır. Yalnız birindən başqa... Aleksandr ən yaxınlıqda olan uşağa maşınının qapısını açaraq, onu polisin əlindən qurtarır. Bu uşaq on yaşlarında, Selanikə qaçqın olaraq gəlmiş sarışın Alban uşağıdır.



Uşağı olay yerindən uzaqlaşdırıb, kənar məhəllədə maşından endirən Aleksandr, eyni gündə onu uşaq alverilə məşğul olan bir dəstənin əlindən də xilas edir. Əslində, Aleksandr bunu nədən etdiyini belə bilmir. Uşağa yaxın olub, son gününü onunla keçirərək bəlkə də vicdanını rahatlacaq, eyni zamanda, yenidən uşaqlığı ilə üzləşəcəkdi. Bu uşaq, yazarın həyatının xülasəsini sərgiləyəcək biri idi...



Aleksandr uşağa İtalyada doğulan bir yunan şairin hekayəsini anlatmağa başlayır. Şair Osmanlı-Yunan savaşının olduğu illərdə anasını yuxusunda görür. Anası onu adasına geri çağırmaqdadır. Bu çağırışla adasına geri dönən şair, orada yoxsulluq, aclıq və fəlakətlə qarşılaşır. Şair yunan olmasına rəğmən, İtalyada doğulub-böyüdüyü üçün, yunanca bilmir. Öz adasında, öz insanlarının arasında yad olmaq incidir şairi. Bir tərəfdən də savaş... Hər kəs azadlıq üçün dirənir.

- Bir şair,- deyir Aleksandr,- nə edə bilər ki? Azadlıq şeiri yazmaq gəlir ağlına… içi qovrulur.
“Bu şeiri yazmalıyam, mənim də xidmətim bu olmalıdır” deyən şair, bilmədiyi dildə şeir yazmaq üçün söz satın almağa başlayır. Qısa zaman ərzində adada, naməlum bir şairin pul qarşılığında söz aldığı xəbəri yayılır. Və pul qazanmaq istəyən hər kəs, şairə bir kəlmə satır.

Aleksandrın uşağa anlatdığı bu hekayənin içindəki şairin əksikliyini yaşadığı sözləri və ölkəsi, eləcə də özünün itirdiyi illər, onsuz yaşamağa tərk etdiyi sevgilisi həyatının son günündə yaşlı adam üçün ağır yükə çevrilir. Əzildiyi bu yükün altında yeni ümid arayışında olan yazar, yanında olan tək insanla - balaca dostuyla bir oyun oynamaq həvəsinə qapılır. Uşaq ona kəndlilərin Solomosa satdığı kimi sözcüklər satmağa başlayır. İlk olaraq balacanın dodaqaltında oxuduğu bir mahnıdan özünə gərəkli sözü seçir Aleksandr.
- Xırda, sürgün olunmuş bədbəxt quş. Yad torpaqlar xoşbəxtdir varlığından. Amma mən gücdən düşdüm sənin üzündən. Xırda çiçəyimi sənə uzatdım...
- `Xırda çiçək`mi dedin sən?!
Artıq ilk sözünü satmışdır uşaq: “korfulamu”. “Xırda çiçək – bir çiçəyin qəlbi” anlamına gələn bu söz sevgini, yaxınlığı və məhrəmiyyəti simvolizə edərkən, Aleksandrın həyatını da əks etdirir.

Aleksandr zamanında sevdiklərindən məhrum etdiyini düşündüyü şəfqətini indi bu uşağın simasında yenidən yaşatdırmağa çalışır. Yaşlı yazar özünü yorğun, yenilmiş və günahkar hiss edir. Yazarlıq yaşamı boyunca öz dünyasına həbs olaraq, sevgisini gərəkli insanlara göstərə bilməmiş və bu səbəbdən anası, arvadı tərəfindən qınaqlara məruz qalmışdı.

Xatirələrə dalanda arvadının üsyanı dolu sözlərini xatırlayır: “İki kitab arasında səni oğurlamağa çalışıram. Həyatın bizim yanımızda keçir. Qızımla mənim yanımda. Amma əsla bizimlə deyil”.



...Uşaqla keçirdiyi günün ortasında Aleksandr ondan ikinci kəlməsini satın alır - “Xenitis”. Yad, sürgün həyatı yaşayan anlamına gələn bu söz Aleksandrın ruh halının qısa anlamıdır. Aleksandr həyatı boyunca özünü sürgündəymiş kimi hiss etmişdi. Qurduğu xəyal dünyasının içində ömrünü yaşamış yazar, sevdiklərinin həyatına daxil ola bilməmişdi. Və bəlkə də bu səbəbdən yaralı biri halına gəlmişdi.



Yenə xatirələrə daldığı bir səhnədə Aleksandr xəstə yatağında yatan anası ilə söhbətləşir: “Niyə, ana, heç bir şey gözlədiyimiz kimi olmadı? Nədən? Niyə mən özümü öz evimdə sürgündəymişəm kimi hiss etdim? Söylə mənə, ana… İnsan niyə bilməz necə sevəcəyini?”

...Gecənin sonu gəlir. Dostlar vidalaşmalı və ayrılmalıdırlar, ancaq onları gözləyən müəmmadan qorxurlar. Son bir avtobus səfərinə çıxırlar bərabər. Sevgi, eşq və inqilaba dair hekayələrin bir-bir dolduğu avtobusda keçmiş və indiki zamanla üzləşirlər. Avtobusun arxa oturacağında əlində qırmızı bayrağı ilə oturub, yuxuya getmiş gəncin simvolizə etdiyi inqilabı məyus gözlərlə izlədikdən sonra, dava edən sevgililərə baxarlar diqqətlə. Səbəbsizcə avtobusa minən və musiqilərini ifa edən çalğıcı qrupundan sonra, Yunanıstanın ilk milli şairi, milli marşın sözlərinin yazarı Solomos da minir avtobusa. Üstəlik, Aleksandrın yarımçıq qoyduğu şeirin davamını söyləyir.



Aleksandr ilə balaca dostunun ayrılma zamanı gəlir. Alban uşaq yola düşərkən son sözünü də satır: “Argathini”. Bu isə “çox gec” anlamındadır.

Bax, bu üç söz Aleksandrın həyat hekayəsini tanıdır izləyiciyə.

Korfulamu – uğursuz olan insani münasibətlərini;
Xenitis - əsla içindən çıxa bilmədiyi ruh halını;
Argathini – həyata, yaşamağa gecikdiyini simvolizə edir.

Aleksandr qərarını verir və xəstəxanada yatmaqdan imtina edir. Xatirələrlə dolu köhnə sahil evinə geri dönür. Anılarla baş-başa yaşaya bildiyi qədər yaşamaqdan yanadır artıq.

Evinə girərkən Annanın məktubu səslənir qulaqlarında. Sahilə enir və xəyalında avradıyla – xoşbəxtliyi ilə rəqs edərkən ona: “Xəstəxanaya getməyəcəyəm, Anna, getməyəcəm” deyir.
- Sabah nə olacaq, Anna? Sabah nə qədər sürəcək?
- Sonsuzluq və bir gün qədər.
- Eşitmədim. Nə dedin?
- Sonsuzluq və bir gün qədər…



“Bütün zamanlar bir günün içində əriyər
Günəşin doğuşunun yerini günəşin batışı alıncayadək
bir tarix qədər zaman keçər…”

Borxesin şeirindəndir bu misralar.

Yaşamın əslində yaşadığımız gündən, andan ibarət olduğunu, keçmişin xatirəsinin-təsəllisinin və gələcəyin ümidinin bu gerçəyi görməmizə mane olduğunu anladan “Sonsuzluq və bir gün” bənzərinə az rastlanan filmlərdəndir. İnsanın özünü həyat şərtlərinə həbs etdiyini göstərən filmdə eyni zamanda kainatın böyüklüyü, yaşamın bəlirsizliyi, zamanın axıb getməsi qarşısında insanoğlunun qorxusu da sərgilənir.

Halbuki, yaşam, həyat, indi – davam edən zamandan ibarətdir. O zaman niyə insan yaşamı təxirə salır? Nə üçün çərçivələnmiş münasibətlərlə və rutin işlərlə başa vurur ömrünü?

Cavabı varmı?

Varsa da, sonsuzluqda gizlidir. Sonsuzluq da günəşin doğuşuyla batışı arasındakı tarixdə…





Teqlər:  





Xəbər lenti