NATO-dan Türkiyəyə dəstək: Almaniya və Fransa ordu göndərir

NATO-dan Türkiyəyə dəstək: Almaniya və Fransa ordu göndərir
  02 Dekabr 2015    Oxunub:5183
NATO-ya üzv ölkələr Su-24 insidentindən sonra Türkiyənin hava məkanının təhlükəsizliyinin gücləndirilməsi üçün əlavə tədbirlərin görülməsi haqda qərar qəbul edib.
AzVision.az xəbər verir ki, bunu NATO xarici işlər nazirlərinin Brüsseldə keçən toplantısının yekunları ilə bağlı keçirilən mətbuat konfransında alyansın baş katibi Yens Stoltenberq deyib.

Stoltenberq çıxışında Rusiya və Türkiyə münasibətlərdəki yaranan gərginliyi azaltmaq üçün hər iki tərəfi sakitliyə çağırıb: “Türkiyənin müdafiəsi ilə bağlı bizim uzunmüddətli planlarımız var. Müdafiə sistemi ilə bağlı planlar hələ rus təyyarəsi vurulmazdan qabaq mövcud idi. Həmin planları ardıcıl olaraq müzakirə edib daha da gücləndiririk. Son bir neçə ildə NATO Türkiyənin hava müdafiəsini əhəmiyyətli dərəcədə genişləndirib. Bunu davam etdirəcəyik. Çünki, hazırda müttəfiq ölkələr Türkiyə üçün bir sıra əlavə dəstək planlarını nəzərdən keçirir. Onlar qarşıdakı həftələrdə yekunlaşdırılacaq”.



NATO-nun baş katibi nəzərdə tutulan planlar barədə də danışıb: “İngiltərənin bu çərçivədə Türkiyəyə təyyarə, Almaniya və Danimarkanın Aralıq dənizinə hərbi gəmilər göndərəcək. Hazırda Türkiyədə olan İspaniya “Patriot”ları və ABŞ hərbi təyyarələri dəstək məqsədi ilə bu ölkədədir”. İŞİD-ə qarşı mübarizənin gücləndirilməsindən danışan Stoltenberq bu tədbirlərin Rusiya təyyarəsinin vurulması ilə heç bir əlaqəsinin olmadığını diqqətə çatdırıb.



Bu arada Almaniya hökuməti ötən gün İŞİD-ə qarşı mübarizə aparmaq üçün Suriyaya 2000 əsgər, 4-6 arası kəşfiyyat təyyarələrinin göndərilməsi barədə qərar qəbul edib. Eyni zamanda Almaniya və Fransa ABŞ-ın Türkiyədə yerləşən hərbi bazası olan “İncirlik”dən istifadə üçün rəsmi Ankaraya müraciət edib.

İlkin Nəcəfzadə


Teqlər:  





Xəbər lenti