`İkibaşlı` kəşfiyyat: dünya təcrübəsi - DOSYE

`İkibaşlı` kəşfiyyat: dünya təcrübəsi - DOSYE
  14 Dekabr 2015    Oxunub:35899
Prezident İlham Əliyevin bu gün imzaladığı fərmanla Milli Təhlükəsizlik Nazirliyi (MTN) ləğv edilərək əvəzində Azərbaycan Respublikasının Dövlət Təhlükəsizliyi Xidməti və Xarici Kəşfiyyat Xidməti yaradılıb. Bu praktika dünyada çoxdan mövcuddur.

Dövlətin qüdrəti həm də onun güclü kəşfiyyat oraqlarına sahib olması ilə ölçülür. Dünya ölkələrində hərbi kəşfiyyat, əks-kəşfiyyat, xarici kəşfiyyat və ya sadəcə kəşfiyyat qurumları, eləcə də onların müxtəlif istiqamətlərdə ixtisaslaşmış mərkəzləri mövcuddur.

Burda ilk yeri ABŞ tutur

ABŞ Mərkəzi Kəşfiyyat İdarəsi (Central Intelligence Agency - CİA. MKİ) - ABŞ hökumətinə tabe olan kəşfiyyat orqanıdır. CİA 1947-ci il sentyabrın 18-də prezident Harri Trumenin qərarı ilə təsis edilib. ABŞ-ın ən böyük kəşfiyyat orqanı olan CİA-nın əsas vəzifəsi ABŞ-ın siyasətinə təsir edə bilən ölkələr barədə məlumat toplamaqdır. Təşkilatın dünyanın demək olar ki, bütün nöqtələrində agentləri çalışır.

Bundan başqa təşkilatın Cinayətkarlıq və Narkotik Mərkəzi, Əks-kəşfiyyat, Əməliyyat Məlumatları, Silah Kəşfiyyatı Mərkəzi adlı bölmələri, o cümlədən Asiya-Sakit Okean, Latın Amerikası, Afrika, yaxın Şərq, Cənubi Asiya, Rusiya, Avropa və s. kimi ərazi bölmələri, həmçinin bir neçə ayrıca analiz mərkəzləri fəaliyyət göstərir.

ABŞ-da daxili kəşfiyyat orqanı səlahiyyətlərini Federal Təhqiqat Bürosu (FTB) həyata keçirir. Qurum 1908-ci ildə yaradılıb. Əsas vəzifəsi federal qanunlara qarşı olan hərəkətlər və terrorist fəaliyyətlərinə mane olmaq, bu cəhdlərin qarşısını almaq, ölkəni casuslardan qorumaqdır.



Britaniya kəşfiyyatı da ABŞ-dan geri qalmır. Mİ-6 (Military Intelligence) hərbi kəşfiyyat qurumu kimi yaradılsa da, sonradan xarici kəşfiyyat xidməti kimi fəaliyyət göstərib. Mİ-5 isə daxili kəşfiyyat qurumudur. 1909-cu ildə yaradılan qurum dünyada ilklərdən olaraq Britaniya hökumətinin təhlükəsizlik, müdafiə, xarici siyasət və iqtisadi siyasətinə kəşfiyyat dəstəyi verir.




Pakistan xüsusi xidmət orqanı İSİ (İnter Services İntelligence). 1948-ci ildə İSİ ayrıca qurum kimi yaradılıb. İSİ Hindistana qarşı kəşfiyyat fəaliyyəti aparıb, eyni zamanda Əfqanıstanda sovet işğalı zamanı fəal çalışıb. Bu səbəbdən də bir sıra qurumların reytinq cədvəllərində bəzən dünyanın ən güclü kəşfiyyat orqanı adlandırılır.

CİA ilə yaxından əməkdaşlıq edən İSİ-nin eyni zamanda “əl-Qaidə”, “Taliban” terror təşkilatlarının daxilində güclü agent şəbəkəsi mövcuddur. İSİ 150 min nəfər əməkdaşı olan dünyanın ən böyük kəşfiyyat qurumdur.

Dünyanın ən öndə gedən kəşfiyyat xidmətlərindən biri də İsrailin Mossad kəşfiyyat xidmətidir. Mossadla yanaşı, İsrailin hərbi kəşfiyyat xidməti (AMAN) və Şin Bet (Şabak adı ilə də tanınır-red) daxili təhlükəsizlik xidməti mövcuddur.

Mossad mülki qurumdur, baxmayaraq ki, əməkdaşlarının böyük əksəriyyəti hərbi xidmətdə olmuş şəxslərdir. Təşkilatın əsas fəaliyyəti kəşfiyyat məlumatlarının toplanması, İsrailə qarşı gizli planların ifşa olunması və nəhayət, xaricdə əməliyyatların keçirilməsidir. Mossad dünyada məhz xarici ölkələrdə keçirdiyi əməliyyatları ilə məşhurdur.

Rusiya xüsusi xidmət orqanı - FTX (Federal Kəşfiyyat Xidməti) də öz gücü ilə seçilir. Keçmiş DTK-nın varisi kimi hazırda Rusiyanın əsas kəşfiyyat orqanı məhz FTX-dır. DTK-nın varisi 1995-ci ildə Rusiya prezidenti Boris Yeltsinin əmri ilə yaradılıb. FTX əks-kəşfiyyat, daxili və sərhəd təhlükəsizliyi, terrorizmə qarşı mübarizə və xarici kəşfiyyat fəaliyyəti ilə məşğul olur. Moskvanın mərkəzində keçmiş DTK binasında yerləşən FTX-nın yalnız adının dəyişdiyini demək olar.

Rusiya Xarici Kəşfiyyat İdarəsi (SVR) 1991-ci ildə yaradılıb. Özünü “KQB” və “ SSRİ Mərkəzi Kəşfiyyat Xidmətinin (ÇSR SSSR) varisi elan edib. Rusiya prezidenti Boris Yeltsinin əmri ilə yaradılıb. SVR-in əsas vəzifəsi vətəndaşların, cəmiyyətin və ölkənin xarici təhlükələrdən qorunmasıdır.



İran xüsusi xidmət orqanları da iki quruma bölünüb: İranın Kəşfiyyat və Milli Təhlükəsizlik Xidməti (SAVAMA) ölkədə daxili təhlükəsizliyin təmin olunmasına cavabdehdir. 1984-cü ilin avqustunda yaradılıb. İslam İnqilabının ilk illərində Xomeyni rejimi tərəfindən Yaxın Şərq, Mərkəzi Asiya, Afrika, Şimali və Cənubi Amerikada İslam İnqilabını həyata keçirmək üçün bu qurumdan istifadə edilib.

Almaniyanın xüsusi xidmət orqanı isə BND dır (Bundesnachrichtendienst). Bu qurum Almaniya kanslerinə tabedir. Rəsmi olaraq alman hökumətinin xarici kəşfiyyat agentliyi hesab olunur. BND xaricdə Almaniyanın maraqlarının qorunması, ona olan təhdidlə bağlı məlumat toplayır və bu barədə hökuməti məlumatlandırır. Dünyada ən dəqiq işləyən kəşfiyyat orqanlarından biri hesab olunur. BND həm hərbi, həm də mülki kəşfiyyat məlumatları toplamaqla məşğuldur.

Almaniyada Konstitusiyanın qorunması üzrə Federal Xidmət (BfV) daxili təhlükəsizlik xidmətinin vəzifələrini yerinə yetirir. Qurum Almaniya Daxili İşlər Nazirliyinə tabedir. 1950-ci ildə təsis olunub. 2005-ci ildə 2448 üzvünün olduğu bildirilirdi. Təşkilatın həmin il büdcəsi 137 milyon avro olub. Əsas hədəfi Almaniyada azad və demokratik qayda-qanuna nəzarət etməkdir. Xüsusi xidmət orqanı hər il hesabat verir.

Çin Dövlət Təhlükəsizliyi Nazirliyi (MSS) Çin dövlətinin əsas xüsusi xidmət orqanıdır. 1983-cü ildə qurulub. Qurum həm daxili, həm də xarici kəşfiyyat sahəsinə nəzarət edir. Ölkə daxilində polis qədər səlahiyyəti var, həbslər həyata keçirə və istintaq apara bilir. Mərkəzi ofisi Pekində yerləşir. ABŞ, Kanada, Şimal və Qərbi Avropa, Yaponiyada MSS-in 120-dən çox agent mərkəzlərinin olduğu iddia edilir.

Hindistanın xüsusi xidmət orqanı RAW və Hindistan Xarici Kəşfiyyat Agentliyi 1968-ci il sentyabrın 21-də yaradılıb. Əsas funksiyası xarici kəşfiyyat, terrorizm əleyhinə mübarizə, məxfi əməliyyatlar həyata keçirməkdir. Bundan əlavə Hindistan hökumətinin xarici siyasəti, informasiya təminatı, xarici hökumətlər, kompaniyalar, korporasiyalar və şəxslər barəsində məlumat toplamaq da onun vəzifələri sırasına daxildir.

Fransa Xarici Təhlükəsizlik İdarəsi - DGSE isə Müdafiə Nazirliyinin tərkibində fəaliyyət göstərir. Əsasən xaricdə hərbi və əks-kəşfiyyat fəaliyyətlərinin həyata keçirilməsi, o cümlədən ölkə daxilində kəşfiyyat və milli təhlükəsizliyin təmin olunmasında əsas aparıcı orqandır. Fransada daxili təhlükəsizliyə DCRI (Daxili Kəşfiyyat Mərkəzi Müdirliyi) nəzarət edir.



Avstraliya xüsusi xidmət orqanı ASİS (Australian Secret Intelligence Service)

1952-ci ildə yaradılan qurumun əsas fəaliyyəti əks-kəşfiyyat, o cümlədən xarici ölkələrdə, xüsusən də Asiya Sakit Okean regionunda kəşfiyyat məlumatlarının toplanması olub. Maraqlıdır ki, qurumun mövcudluğu 20 il sirr saxlanılıb.

ASİS-in bölgədə böyük bir casus şəbəkəsi mövcuddur. Eyni zamanda təşkilat ABŞ və Böyük Britaniya kəşfiyyatı ilə yaxından əməkdaşlıq edərək birgə fəaliyyət göstərir.

Eldar Tanrıverdiyev
AzVision.az


Teqlər:  





Xəbər lenti