Neft 16 dollara düşəcək – Bədbin proqnoz

Neft 16 dollara düşəcək – Bədbin proqnoz
  24 Dekabr 2015    Oxunub:2978
“Royal Bank of Scotland” baş iqtisadçısı Endryu Roberts hesab edir ki, dünya bazarlarında neftin bir barelinə görə qiyməti 16 dollara düşə bilər.

Bu barədə AzVision.az “RBK”-ya istinadən xəbər verir.

Roberts əmindir ki, fundamental faktorlar hazırda müşahidə olunan neft qiymətləri dinamikasını asanlıqla izah etməyə imkan verir.

Onun sözlərinə görə, hazırda müşayiət olunan trend neft təklifinin tələbatdan artıq olması ilə bağlıdır. Hazırkı trendi saxlayacaq ən əsas faktor isə yeni ildən İranın dünya neft bazarına daxil olmasıdır. Bundan əlavə, enerji resurslarına tələbatın azalma səbəblərindən biri də havaların isti keçməsi ilə bağlıdır ki, ekspert bunu “El – Nino” (Sakit okeanda suyun səthində temperaturun qeyri-adi tərəddüdünün planetin iqliminə təsiri) faktoru ilə izah edir.

“Bu neft qiymətləri üçün zəhərli reseptdir. Biz bir barel üçün 26 dollar səviyyəsinə yaxınlaşırıq. Bu göstərici çatdıqdan sonra neft qiymətləri 16 dollar səviyyəsinə düşəcək. Bizim proqnozlarımıza əsasən bu 2016-cı ildə baş verməlidir. Lakin risklər var ki, bu gələn ilin ilk rübündə baş verəcək. Çünki, Beynəlxalq Energetika Agentliyi hesab edir ki, neftə olan tələbat kəskin azalıb neft anbaları isə artıq doludur”, - deyə Roberts qeyd edib.

Az əhəmiyyətli faktorlar kimi iqtisadçı texnologiyaların inkişafı və bərpa olunan enerji resurslarına tələbatın artmasını göstərib. Bundan əlavə, Roberts bəzi investorların qiymətlərin qalxacağına dair proqnozlarını anlamadığını qeyd edib.

Eldar Tanrıverdiyev
AzVision.az


Teqlər:  





Xəbər lenti