`Çox adam elə bilir ki, oğlanam...` - Dünya çempionu ilə MÜSAHİBƏ

 `Çox adam elə bilir ki, oğlanam...` - Dünya çempionu ilə MÜSAHİBƏ
  29 Dekabr 2015    Oxunub:49409
`Elə günlərim olub ki, məşqə getməyə 20 qəpiyim olmayıb`

Taekvando üzrə dünya və Avropa çempionu, Bakıda keçirilən Avropa Oyunlarının gümüş mükafatçısı Fəridə Əzizovanın AzVision.az-a müsahibəsi:

-Fəridə, səninlə müsahibə götürmək üçün xeyli gözləməli olduq. Nədənsə, hər dəfə zəng vuranda vaxtın azlığından şikayətlənirdin.

- Təşəkkür edirəm diqqətinizə görə. Sözün açığı mənim gün ərzində boş vaxtım demək olar ki, çox olmur. Səhər saat 7-8 arası yuxudan oyanıram. Saat 9-da məşqim başlayır. Məşqdən sonra həkimə gedirəm, daha sonra yemək yeyə bildimsə, yemək yeyirəm, yeyə bilmədimsə, ev işləri ilə məşğul oluram. Bir neçə saatlıq fasilədən sonra yenidən məşqim başlayır. İkinci məşqdən sonra hovuzda üzürəm və nəhayət axşam saat 22:00-da evə gedib çatıram. Evdə də yemək bişirmək, paltarları yumağa da vaxt ayırıram. Arada imkan olan kimi kitab oxumağa da çalışıram. Gördüyünüz kimi, günüm çox ağır keçir.

-Ailən səndən ayrı yaşayır?

-Valideynlərin rayonda yaşayırlar. Bakıda tək qalıram. 14 yaşımdan indiyədək Bakıda tək kirayə qalırdım. Hazırda öz evim var, bir ay olar ki ora köçmüşəm. Hələ də tək qalıram.

-Kirayə qalmaq çətin deyildi sənə?

-Əlbəttə, çətin idi. Valideynlərim mənə kömək edirdilər. 14 yaşım olanda pul qazanmırdım, ailəm rayondan göndərirdi.

Sonra özüm də pul qazanmağa başladım. Kirayə, yemək, yol pulu, hamısını maaşımla ödəyirdim. Maaşı alanda sevinirdim, amma elə olurdu ki, ayın ortalarında pulum qurtarırdı. Belə situasiyalardan sonra yavaş-yavaş qənaətlə pul xərcləməyi öyrəndim. Elə vaxtlar olurdu ki, avtobusa verməyə 20 qəpik tapa bilmirdik.

Bir müddətdən sonra bizi federasiyanın yanındakı otellərdə yerləşdirdilər. Oradan məşqə gedib- gəlmək daha rahat olurdu. Artıq isti yeməyimiz, hazır, yuyulmuş paltarlarımız var idi. Rahatçılığa öyrəşməyə başladıq. Çox şükür, çətin günlərdən sonra bütün arzularıma çatdım. İndi evim də, maşınım da var. İstədiyimi ala bilirəm, kiməsə möhtac deyiləm.



- 14 yaşından tək qalmaq o qədər də asan deyil. Bəlkə də bu səbəblərdən yaşından tez böyümüsən.

-Bunu mənə çox adam deyib. İdmanda da özümdən böyüklərlə məşq etmişəm, böyüklərin əhatəsində olmuşam. İlk vaxtlar təklik həddindən çox çətin idi. Amma sonradan başım divara dəyə-dəyə öyrəşdim, öyrəndim. Bəzən görürsən ki, adam həmişə düz yol ilə getmir, balaca olanda yoldan kənara çıxır. Bir də görürsən ki, dalandasan, başın divara dəyir, düz yola qayıdırsan. Öz səhvlərinin iştirakçısı ola -ola formalaşırsan.

-Nə üçün taekvandonu seçdin? Bu idman növündə səni nə cəlb edir?



-Uşaq vaxtı məhəllə uşaqları ilə futbol, “müharibə -müharibə” oyunu oynayardıq. Digər yaşıdlarımdan fərqli olaraq oğlan kimi böyümüşəm, iki qardaşımdan seçilməmişəm. Çox dəcəl idim. Taekvandoya gəlməyimin əsas səbəbi isə ayaqlarımda qan dövranın yaxşı işləməməsi idi. Həkim məsləhət gördü ki, ayaqlarımı işlədəcək hansısa bir idmana yazılım. O vaxtlar taekvando idman növü bizim rayonda təzə açılmışdı və evimizə yaxın olduğu üçün ora getməyə başladım. Bir aydan sonra müalicə bitdi və valideyinlərim dedi ki, artıq idmana getməyə bilərsən. Ancaq mən taekvandonun fəlsəfəsinə o qədər öyrəşdim ki, ayrılmaq istəmədim.

- Bu seçiminə valideyinlərinin, qohumlarının münasibəti necə oldu?

-Anam bu idman növü ilə məşğul olmağımı istəmirdi. Deyirdi ki, qız uşağı oxumalıdır. Mən etirazımı bildirdim ki, məni belə qəbul edin. Sağ olsunlar, anlayışla qarşıladılar. Anam bundan sonra mənimlə razılaşdı.

14 yaşımda əməliyyat keçirəndən sonra anam yenə məni idmandan uzaqlaşdırmağa çalışırdı. Amma alınmadı. Dedim ki, ya idman olacaq, ya da mən olmayacağam. Bundan sonra anam dedi, öz işindir, get, nə bilirsən et.

Ailəmdən başqa kiminsə haqqımda nəsə düşünməyi məni maraqlandırmırdı. Geyim tərzim qeyri- adi olduğu üçün deyirdilər ki, Şıxəmmədin 3 oğlu var. Deyirdim ki, yaxşı edirəm, özüm bilərəm necə geyinirəm. Onların nə dedikləri mənim üçün vacib olmayıb, bu mənim həyatımdır.

-Belə çətin yolla getməkdə məqsədin nə idi?

-Tutduğum yolun məsuliyyətini 16 yaşım olanda, London olimpiadasına gedərkən anlamağa başladım. Yaş az olanda onu dərk etmirsən, bilirsən ki, sənin xoşladığın budur, gedib məşqini edirsən, məşqdən sonra yarışa çıxırsan, ya uduzursan, ya udursan. Bu, bir növ vərdiş olur, həyat tərzinə çevrilir.16 yaşdan sonra dərk etdim ki, bu tək həyat tərzi deyil, mənim işimdir.



-Eyni zamanda uğurlara doğru addım atırdın.

- Xoşbəxtlikdən idmana uğurla başlamışam. 9 yaşım olanda Republika çempionu olmuşam. Sonra məni milli komandaya çağırdılar. 6 ay məşq etdikdən sonra ilk dəfə xaricə yarışa getdim. Macarıstanda keçirilən yeniyetmələr arasında Avropa çempionatında 3-cü oldum.Düzdür, həmin yarışdan sonra çox ağlayırdım. Müəllimə söz vermişdim çempion olacağam .Özümdən küsmüşdüm ki, mən niyə uduzdum, sözümün üstündə dura bilmədim. Qayıdandan sonra federasiya rəhbəri məni 3-cü yer tutduğuma görə təbrik etdi.

Vitse-prezident dedi ki, “sən hələ çox balacasan, buna baxmayaraq bürünc medal gətirə bilmisən, bu son deyil, yaxşı məşq elə, sənin gələcəyin var”.

Hər gün bu sözləri fikirləşə- fikirləşə məşqə gedirdim. O yaşda bu sözlər mənim üçün böyük təsəlli idi.

-Bizdə olan məlumata görə, sən yarışlara valideynlərinin gəlməyini istəmirsən. Buna səbəb nədir?

- Doğrudur. Yarışlara yaxınlarımdan heç kimi gəlməyə qoymuram.Yarışlarda elə vaxtlar olur ki, idmançı əzilir. Ailəmin, doğmalarımın məğlubiyyətimi, göz yaşlarımı, əzilməyimi, əyilməyimi görməyini istəmirəm. Yarışlarımı televizordan izləyirlər, amma canlı baxmalarını istəmirəm. Ola bilər Bakıda keçirilən Avropa oyunlarına məndən gizli gəliblər.



-Uşaqlıqdan dəcəl olduğunu deyirsən. Bu dəcəllik idmanda nə kimi rol oynayır?

-Bu, tək dəcəllik deyil, eyni zamanda fərasətlilikdir. İdman növündə fərasətin olmadısa, qabağa gedə bilməyəcəksən. Gərək sənin istəyinlə birlikdə, həm də sənin dəcəlliyin, yaxud fərasətin olsun ki, kimsə nəsə deyəndə, sən onu tez qavraya biləsən. İdmanda bir növ oğru olmaq lazımdır.

- İndiyə kimi neçə dəfə məğlub olmusan? Unuda bilmədiyin döyüşlər varmı?

-London Yay Olimpiadasındakı məğlubiyyəti deyə bilərəm. Hər bir idmançı üçün olimpiada müqəddəsdir. Ora çıxmaq, məqsədə çatmaq çətindir. Amma yarış çox rahatdır, 4 rəqibi udaraq çempion olursan. Lakin onu da nəzərə almalısan ki, dünyanın ən güclü idmançıları ilə qarşılaşırsan. Həmin məğlubiyyəti niyə yaddan çıxarda bilmirəm? Çünki təsnifat turnirinə lisenziya qazandıqdan sonra iki il dayanmadan məşq etdim. Hər şeydən, telefondan, internetdən, valideyinlərdən, dostlardan, şəxsi həyatdan imtina etdim. Həyatımda sırf idman, sırf məşq var idi. Nəticədə 1-0 hesabı ilə məğlub olmaq hələ də yaddan çıxmır.

-Həmin rəqiblə yenidən qarşılaşmaq istərdinmi?



-Həmin idmançı daha yarışlarda iştirak etmir. 27 yaşı var, təlimatçı kimi çalışır. Yenidən yarışlara gəlsəydi, mütləq onunla döyüşmək istərdim.

-4 dəfə səni məğlub edən Anastasiya ilə “hesablaşmaq” istərdinmi?

-Anastasiya başqa söhbətdir. Eybi yox, qoy, onlar məni hələ udsunlar, əsas məsələ Riodur. İnşallah lisenziya qazansam, son söz orada deyiləcək. Kimin əvvəli, kimin axırı. Əsas odur ki, məşqlərdə tək fiziolji deyil, psixolji də iştirak edirəm. Məşqçim Səbuhi Zülfüqarov sağ olsun, tək müəllim kimi deyil, həm də dost kimi mənə dəstək olur. Döyüşdə sənin gözlərin müəllimdir. Çünki o qıraqdan rəqibin də, bizim də səhvlərimizi görürür. Yarışda tək rəqibin deyil, müəllimlərin də döyüşü gedir.

-Ac qalmaq, fasiləsiz məşqlər, yorğunluq istər- istəməz əsəb, aqressiyaya səbəb olur. Belə anlarda özünü necə cilovlayırsan?

- Təsəvvür edin, ac qalırsan və çoxlu məşq edirsən, tərləyirsən, ancaq çəkin düşmür. Bəzən insan bezir, hər şeyi atıb doyunca yemək istəyirsən.



- Yarışlarda qalib gəlmək üçün yaxşı məşq etmək lazımdır, yoxsa şanslı olmaq?

-Məncə, hər ikisi idmançıya lazımdır. Hərdən elə olur ki, gün ərzində yaxşı əhval-ruhiyyən olur, həmin gün sənin günündür. O zaman yarışda asanlıqla qalib gəlmək olar. Hərdən də yarış elə bir vaxta düşür ki, səhər durursan, özünü cox pis hiss edirsən. Heç nə etmək istəmirsən. Bax həmin gün sən artıq uduzmuş sayılırsan.



- Belə xəbərlər var ki, sən 2017-ci ildən sonra idmandan ayrılacaqsan. Bu doğrudurmu?

-14 ildir ki, bu idmanla məşğul oluram. Hər gün zərbə və zədə olur. Onlar üst -üstə yığılıb. Bir ayağım əməliyyat olunub. Sol ayağımda hazırda problemlər var. Həmin ağrıları aradan götürmək üçün müalicə almalıyam. İdmanı atmağa gəlincə, hələ bu haqda düşünmürəm. Səhhətimdəki problemləri həll edəndən sonra idmana yenidən başlayacağam.

Eyni zamanda dövlət işində, Fövqaladə Hallar Nazirliyində, Gömrük Komitəsində işləmək istəyərdim. Niyə də olmasın ki?

- Təbiətən qapalı insana bənzəyirsən. Dostluq etdiyin insanlar varmı?

- İdmana başlayanda dostlarım çox idi. Çağırırdılar ki, gəl görüşək. Amma onlarla görüşməyə vaxtım olmurdu. Beləliklə, yavaş-yavaş uzaqlaşdıq. İndi sadəcə tək bir dostum var , o da Yaqut xanımdır. Əslində dostluq etməyi bacarıram. Ancaq dostlarımın çox vəfasız çıxdıkar. Olimpiadadan sonra məni bir çox oğlan və qız dostlarım atdı. Başa düşdüm ki, hamı mənimlə şöhrətə, pula görə dostluq edirmiş.

-Geyim tərzin çox fərqlidir. Görünür, oğlan kimi geyinməyi xoşlayırsan.



- 12 yaşımdan belə geyinirəm. Əvvəllər mənə oğlan, qaqaş deyəndə əsəbləşirdim. İndi heç kimə fikir vermirəm. Əvvəllər metroyla gedəndə məni görənlər mübahisə edirdilər ki, bu, qızdır, yoxsa oğlan. Üzümü çevirib reaksiya vermirdim.

Bu geyim mənə rahatdır. Tərzim budur, bundan sonra dəyişməyi düşünmürəm. Bədənim incə olmadığı üçün qız paltarları geyinə bilmirəm. Ayaqlarım əyridir, yerişim oğlan kimdir, saçım da qısa, belə durumda yubka geyinəndə çoxu mənə tərs- tərs baxır. Deyirlər, qaqaş niyə yubka geyinib?



- Hər halda sənə xanım kimi yaxınlaşıb, tanış olmaq istəyənlər də olub.

- Avropa Oyunlarından sonra çox olub. İnboxda mənə evlənmək təklifləri edirdilər. Bu da şöhrətimdən irəli gəlir. Düşünürlər ki, Bakıda evi, maşını, pulu var. Hamı istəyər də belə qız tapsın. Amma ürəyə yatan adam yoxdur. Hazırda o barədə fikirləşmirəm. Mənim şəxsi həyatım idmandır. Bir neçə dəfə münasibət qurmaq istədim. Qarşı tərəf məni başa düşmədi. Şəxsi həyatıma ayıracaq vaxtım olmur. Gələcəkdə necə olacaq, onu Allah bilir.

Şahanə Rəhimli
Fotolar: Elvin Abdulla




Teqlər:  





Xəbər lenti