FES-in qərarı manata təsir edəcəkmi?
Bu qərardan sonra dollar sürətlə ucuzlaşmağa başlayıb və paralel olaraq neftin qiymətinin qalxdığı müşahidə olunur.
FES-in qərarı manata necə təsir edəcək?
İqtisadçı Vüqar Bayramov AzVision.az-a açıqlamasında bildirib ki, ABŞ-ın Federal Ehtiyatlar Sisteminin (FES) uçot dərəcəsini dəyişməyəcəyi öncədən proqnozlaşdırılırdı, bu baxımdan qərar gözlənilən idi.
Ekspertin sözlərinə görə, FES-in uçot dərəcəsi ilə bağlı son qərarı manata təsir göstərməyəcək.
“İndiki məqamda uçot dərəcəsinin stabil qalması bazardakı mövcud status-kvonun qorunub saxlanması deməkdir. Mərkəzi Bank Azərbaycanda valyuta bazarında yenə də aparıcı qurumdur və proseslərə təsir göstərir. Bu baxımdan FES-in qərarı Azərbaycan maliyyə bazarına ciddi təsir göstərməyəcək. Manatın məzənnəsi ölkəyə daxil olan valyutanın həcmindən asılıdır. Azərbaycana dünya bazarında neftin qiymətinin dəyişməsi, FES-in qərarlarından daha çox təsir edir”.
V.Bayramov qeyd edib ki, Azərbaycanda manatın məzənnəsinin dəyişməsi FES-in qərarından yox, birbaşa Mərkəzi Bankın qəbul etdiyi qərarlardan asılıdır. Çünki Mərkəzi Bank praktik olaraq bazara təsir edir: “Manatın məzənnəsinin kəskin dəyişməsi yalnız Mərkəzi Bankın öz siyasətini dəyişməsi halında mümkündür”.
Anar Kəlbiyev
AzVision.az