Avropa Türkiyə ilə vizanı sadələşdirmək istəmir

Avropa Türkiyə ilə vizanı sadələşdirmək istəmir
  18 Mart 2016    Oxunub:2404
Avropa Parlamenti (AP) Türkiyə ilə viza rejiminin ləğvi ilə bağlı proseduru sadələşdirmək niyyətində deyil.
AzVision.az “TASS”-a istinadən xəbər verir ki, bu barədə AP-nin rəhbəri Martin Şults Brüsseldə Aİ-nin sammitinin açılışı zamanı bildirib.

Onun sözlərinə görə, Avropa İttifaqı vizaların liberallaşdırılması ilə bağlı məsələni Gürcüstan, Ukrayna və Kosova da daxil olmaqla, digər ölkələrlə müzakirə edir.

“Biz hər bir ölkə ilə dürüst şəkildə davrandığımızın siqnalını verməliyik”, - deyə Şults vurğulayıb.

Onun fikrincə, Türkiyənin Avropa İttifaqına daxil olması və miqrant böhranının həlli məsələləri ilə bağlı danışıqlar ayrı-ayrılıqda aparılmalıdır.

Bu arada Avropa İttifaqına üzv ölkələrin liderləri Ankara ilə miqrasiya sazişinə dair ümumi mövqeyi razılaşdırıb və bu məsələ martın 18-də sammitdə müzakirə olunacaq.

Bu barədə Lüksemburqun baş naziri Ksavye Bettel öz Twitter səhifəsində yazıb.

“Aİ-nin mövqeyi üzrə razılıq əldə olunub, Donald Tusk sabah şuranın toplantısından əvvəl təklifi Türkiyənin baş naziri Əhməd Davudoğlunu təqdim edəcək”, - deyə bildirib.

Qeyd edək ki, bu gün Brüsseldə Aİ-Türkiyə sammiti keçiriləcək. Sammitdə miqrasiya böhranının nizamlanmasına dair birgə yekun plan təsdiqlənəcək. Planın əsas prinsipləri martın 7-də razılaşdırılıb.

Eldar Tanrıverdiyev
AzVision.az


Teqlər:  





Xəbər lenti