Novruz bayramı BMT-də qeyd olunub

Novruz bayramı BMT-də qeyd olunub
  22 Mart 2016    Oxunub:2467
Novruz bayramı BMT-nin mənzil qərargahında geniş qeyd olunub.

AzVision.az-ın məlumatına görə, BMT Baş Məclisinin 2010-cu ildə qəbul etdiyi qərarla elan olunan Beynəlxalq Novruz Günü təşkilatın qərargahında altıncı dəfə qeyd edilib. Azərbaycan, Türkiyə, Əfqanıstan, Hindistan, İran, İraq, Qazaxıstan, Qırğızıstan, Pakistan, Tacikistan, Türkmənistan və Özbəkistanın BMT-dəki daimi nümayəndəliklərinin birgə təşkil etdiyi mərasimdəki çıxışlarda sülh və qardaşlıq məsələlərinə geniş yer ayrılıb.

BMT-nin baş katibi Pan Gi Mun mərasimdə çıxış edərək Novruzun dünya mədəniyyətinin mirası olduğunu söyləyib. Dünyada Novruzu qeyd edən yüz milyonlarla insanın bayram sevincinə şərik olmaqdan məmnunluq duyduğunu bildirən baş katib deyib: “Bugünkü çağırışlardan və fərqliliklərdən daha qədim tarixə sahib olan Novruz bu xüsusiyyəti ilə sərhədləri aşmaqda və qarşılıqlı inam hissi yaratmaqdadır. Novruzun “fərqliliklər içərisində birlik bayramı” olduğunu vurğulayan Pan Gi Mun BMT-nin Novruzu qeyd etməsindən məmnun olduqlarını bildirib.

Çıxışlardan sonra bayram tədbirində Novruzun rəmzi olan ləziz təamlar təqdim edilib.

AzVision.az


Teqlər:





Xəbər lenti