Almaniyanı fəth edən azərbaycanlı - 7 oyuna 8 qol

Almaniyanı fəth edən azərbaycanlı - 7 oyuna 8 qol
  30 Mart 2016    Oxunub:53539
Azərbaycan əsilli gənc futbolçu Renat Dadaşovun möhtəşəm oyunu Almaniya böyük əks-səda doğurub. Son günlər onunla bağlı Almaniya KİV-lərində maraqlı məlumatlar dərc edilir.
.
AzVision.az xəbər verir ki, həmyerlimiz 17 yaşlılar üzrə Almaniya millisinin heyətində meydana çıxdığı yeddi oyunda 8 dəfə fərqlənə bilib.

“Leipzig” komandasının futbolçusu olan həmyerlimiz millinin heyətində sonuncu qolunu Avropa Çempionatının elit turu çərçivəsində Slovakiya millisinə vurub. Oyunda almanlar rəqiblərinə 5:1 hesabı ilə qalib gəliblər.

Qeyd edək ki, 2013-2014-cü illərdə Renat U-16 üzrə Azərbaycan millisinin heyətində oynayıb. Təxminən elə həmin vaxt onun böyük qardaşı Rüfət Dadaşov da Berti Foqtsun dəvəti əsasında Azərbaycan millisinin heyətinə cəlb olunub.

O, hətta Azərbaycan millisinin heyətində dörd dəfə fərqlənə də bilib.

Lakin Foqtsun gedişindən sonra Rüfəti Azərbaycan millisinə dəvət etmədilər, onun balaca qardaşı isə Almaniya millisindən dəvət aldıqdan sonra Azərbaycan millisinin heyətində çıxış etməkdən imtina etdi.

Renatın valideynləri hələ o doğulmamışdan öncə Almaniya köçüb. Renat Rudeshaymda anadan olub, Frankfurtun “Ayntraxt” klubunun gənclərdən ibarət yığmasında çıxış edib. Lakin Renatın bir çox qohumları Azərbaycanda yaşayır. Onlar Renatın bu ilin may ayında Bakıda keçiriləcək U-17 üzrə Avropa Çempionatında çıxış edəcəyini gözləyirlər. Almaniya millisi hazırda bu çempionata qatılmaq üçün mübarizə aparır.

“Nənəm və babam Almaniya millisinin şərfini alıb, mənə dəstək olurlar. Azərbaycandakı Avropa çempionatında oynamaq mənim böyük arzumdur. İdman mənim qanımdadır. Anam həndbol, atam isə su polusu ilə məşğul olub. Valideynlərim mənim üçün əsasdır. Hər həftə sonu onlar 400 kilometr qət edərək mənim oyunuma baxmağa gəlirlər”, - deyə Renat Almaniya KİV-nə müsahibəsi zamanı bildirib.

Renatın kumiri Kriştiano Ronaldudur: “Mənim hələ o səviyyəyə çatmağıma çox var, hələlik hədəfim Bakıdakı çempionatda oynamaq və Almaniya millisinin heyətində titul qazanmaqdır”.

Eldar Tanrıverdiyev
AzVision.az


Teqlər:  





Xəbər lenti