`ABŞ Azərbaycana lider ölkə kimi baxır`- Con Kirbi

`ABŞ Azərbaycana lider ölkə kimi baxır`- Con Kirbi
  31 Mart 2016    Oxunub:2994
ABŞ Azərbaycana Avropanın enerji təhlükəsizliyinin təmin edilməsində mühüm rol oynayan "Cənub qaz dəhlizi"nin yaradılması işində lider ölkələrdən biri kimi baxır.

AzVision.az xəbər verir ki, bunu ABŞ Dövlət Departamentinin rəsmi nümayəndəsi Con Kirbi Vaşinqtonda Azərbaycan prezidenti İlham Əliyevlə dövlət katibi Con Kerri arasında baş tutan görüş haqqında yaydığı bəyanatda bildirib.

Kirbinin sözlərinə görə, Kerri ABŞ-ın Azərbaycanın regional ticarət mərkəzinə çevrilmək istiqamətində səylərini dəstəkləyib. Amerikalı rəsmi qeyd edib ki, o, həmçinin Azərbaycanın NATO və Əfqanıstandakı missiyalara verdiyi töhfələr, onun sülhməramlı əməliyyatlara göstərdiyi dəstək və terrorçuluqla mübarizədə mühüm roluna görə minnətdarlıq edib.

Onun sözlərinə görə, Kerri demokratiya və insan haqları məsələlərinin müzakirəsi zamanı Azərbaycanın son vaxtlar bu istiqamətdə atdığı müsbət addımları alqışlayıb.

Kirbi bildirib ki, görüşdə, həmçinin Dağlıq Qarabağ münaqişəsinin nizamlanması üzrə səylər müzakirə olunub.

"Dövlət katibi Kerri Birləşmiş Ştatların Azərbaycanın ərazi bütövlüyünü dəstəklədiyini təsdiq edib və qeyd edib ki, biz təmas xəttində və sərhəddəki gərginlikdən narahatıq. O bizim münaqişənin tərəflər arasında beynəlxalq hüquq, BMT Nizamnaməsi və Helsinki yekun aktı prinsipləri əsasında hərtərəfli nizamlanmasına nail olunması üzərində işə sadiq olduğumuzu qeyd edib", - deyə o əlavə edib.

Eldar Tanrıverdiyev
AzVision.az


Teqlər:  





Xəbər lenti