ABŞ-ın vitse-prezidenti bütün sahələrdə, o cümlədən iqtisadi sahədə ikitərəfli əlaqələrin daha da genişlənməsi üçün yaxşı imkanların olduğunu bildirdi. O, təhlükəsizlik sahəsində, sülhyaratma əməliyyatlarında ölkələrimizin yaxşı əməkdaşlıq qurduqlarını dedi, Azərbaycanın Əfqanıstandakı beynəlxalq antiterror koalisiyasında fəal iştirakını və töhfəsini yüksək qiymətləndirdi. Co Bayden ABŞ-ın Azərbaycan ilə müdafiə sahəsində də əməkdaşlıq imkanlarının müəyyənləşdirilməsi istiqamətində atılan addımların əhəmiyyətini vurğuladı. Vitse-prezident ABŞ-ın Azərbaycanın “Cənub Qaz Dəhlizi” layihəsinin həyata keçirilməsi ilə bağlı fəaliyyətini tam dəstəklədiyini və bu sahədə lazımi addımlar atacaqlarını bildirdi.
Söhbət zamanı tərəflər ölkələrimiz arasında güclü və uzunmüddətli əməkdaşlığın həyata keçirilməsində maraqlı olduqlarını bildirdilər.
Görüşdə ABŞ-ın dövlət katibi Con Kerri də iştirak edib.
AzVision.az