`Azərbaycan mühüm tərəfdaşdır` - Barak Obama

`Azərbaycan mühüm tərəfdaşdır` - Barak Obama
  02 Aprel 2016    Oxunub:2751
Azərbaycan nüvə qaçaqmalçılığı və nüvə terrorizmi təhlükələrinin qarşısının alınmasında olduqca mühüm tərəfdaşdır.

AzVision.az-ın məlumatına görə, bunu ABŞ prezidenti Barak Obama Nüvə Təhlükəsizliyi Sammitindən sonra keçirdiyi mətbuat konfransında bəyan edib. Onun sözlərinə görə, Azərbaycan sammitdə iştirak etmiş bir çox ölkə kimi bir sıra addımlar atıb:

`Bəzi ölkələrin yüksək zənginləşdirilmiş uran ehtiyatı var, onlar onu azaltmaq barədə qərara gəliblər. Digər ölkələrdə mülki nüvə obyektləri var, lakin vacib təhlükəsizlik təcrübəsi yoxdur və onlar daha yaxşı təhlükəsizlik praktikasını qəbul ediblər. Elə ölkələr də var ki, onlar nüvə materiallarının qaçaqmalçılığı üçün potensial tranzit nöqtələri ola bilərlər. Onlar sərhəd məntəqələrində və nüvə materiallarının müəyyən edilməsində bizimlə birgə işləyiblər. Özünün coğrafi mövqeyinə görə Azərbaycan bu prosesdə mühüm tərəfdaşdır`,- deyə B.Obama bildirib.

ABŞ lideri bildirib ki, bütün dövlətlər ümumi təhlükənin qarşısının alınması üçün öz töhfələrini əsirgəmirlər: `Nüvə Təhlükəsizliyi Sammitinin iştirakçıları təmas qrupunun yaradılmasına dair qərar qəbul ediblər. Bu qrup birgə səyləri əlaqələndirəcək və bu sahədə ümumi planların icrasına nəzarət edəcək. Təmas qrupuna 30-dan çox ölkənin ekspertləri daxil olacaq. Onlar qərarlarımızın gerçəkləşməsi və əlaqələrimizi qorumaq üçün mütəmadi olaraq görüşəcəklər`.

Qeyd edək ki, 31 mart-1 aprel tarixlərində Amerika Birləşmiş Ştatlarının paytaxtı Vaşinqtonda 4-cü Beynəlxalq Nüvə Sammiti keçirilib. 52 dövlət və hökumət başçısının iştirak etdiyi tədbirdə Azərbaycanı ölkə prezidenti İlham Əliyev təmsil edib. Sammitdə həmçinin Birləşmiş Millətlər Təşkilatı (BMT), Avropa İttifaqı (Aİ), Beynəlxaslq Polis Təşkilatı (INTERPOL) və Beynəlxalq Atom Enerjisi Agentliyinin (IAEA) nümayəndələri də iştirak ediblər.

İlkin Nəcəfzadə
AzVision.az



Teqlər:  





Xəbər lenti