Düşmən itkilərini etiraf etdi - Zirzəmilərdə gizlənirlər

Düşmən itkilərini etiraf etdi - Zirzəmilərdə gizlənirlər
  02 Aprel 2016    Oxunub:6562
Ermənistan Müdafiə Nazirliyi cəbhədə gedən ağır döyüşlər zamanı yaralanan erməni hərbçilərinin vəziyyətinin ağır olduğu barədə məlumat yayıb.
Nazirliyin məlumatında qeyd olunur ki, hospitala yerləşdirilən Tsovinar Aqadjanyan (1961), Qaqaerin Aqadjanyan (1973), Zaven Avanesyan (1985) və Ayk Torosyanın (1997) vəziyyəti ağırdır.

Erməni KİV-in məlumatına görə, cəbhə xəttinə yaxın ərazilərdə yaşayan erməni əhali təşviş içindədir: "Ermənistan tərəfindən 100 nəfərdən çox ölü və yaralı var. İnsanlar kütləvi şəkildə evlərini tərk etməyə başlayıb. İnsanların bəziləri zirzəmilərdə gizlənir. Davam edən şiddətli atışma zamanı Ermənistanın 6 tankı məhv edilib, 12-15 artilleriya sistemi sıradan çıxarılıb".

Erməni mətbuatında yayılan digər bir xəbərə görə isə Azərbaycan Silahlı Qüvvələri Seysulan və Talış yaşayış məntəqələri və eləcə də Talış kəndinin ətrafındakı yüksəkliklərə nəzarəti ələ keçirib.

Azərbaycan Müdafiə Nazirliyinin yaydığı rəsmi məlumata görə, aprelin 2-nə keçən gecə və gün ərzində bütün cəbhə boyu mövqelərimiz və yaşayış məntəqələrimiz düşmən tərəfindən intensiv atəşə məruz qalıb.

Bunun nəticəsində mülki əhali arasında ölən və yaralananlar var. Bu təxribatın qarşısının alınması, mülki əhalinin təhlükəsizliyinin təmin olunması məqsədilə Silahlı Qüvvələrimizin komandanlığı tərəfindən Ağdərə-Tərtər-Ağdam və Xocavənd-Füzuli istiqamətində cavab tədbirlərinin keçirilməsi barədə qərar qəbul edilib.

Qısa müddətdə həyata keçirilən sürətli əks-həmlə zamanı erməni birləşmələrinin uzun illərdən bəri mühəndis-istehkam baxımından möhkəmləndirdiyi birinci müdafiə xətti cəbhənin bəzi istiqamətlərində yarılıb, strateji əhəmiyyətə malik bir neçə yüksəklik və yaşayış məntəqələri düşməndən tam azad olunub.

Goranboy rayonu və Naftalan şəhərinə təhlükə yarada biləcək Talış kəndi ətrafındakı yüksəkliklər, eləcə də Seysulan məntəqəsi düşmən qüvvələrindən tam təmizlənib.

Horadiz şəhərinin düşmən təhlükəsindən qorunması məqsədilə Füzuli rayonu istiqamətində yerləşən, geniş ərazini nəzarətdə saxlamaq imkanı verən strateji əhəmiyyətli "Lələ təpə" adlandırılan yüksəklik də bölmələrimizin nəzarətinə keçib.

Hazırda həmin yüksəkliklər və yeni müdafiə xətti boyu müvafiq gücləndirmə tədbirləri həyata keçirilir, yeni səngərlər qazılır və mövqelərdə möhkəmləndirmə işləri aparılır.

Döyüşlərdə ermənilərə məxsus 6 ədəd tank, 15-dək artilleriya qurğusu və möhkəmləndirilmiş mühəndis qurğuları məhv edilib, o cümlədən yüzdən çox hərbi qulluqçusu ölüb və yaralanıb.

AzVision.az


Teqlər:  





Xəbər lenti