`Azərbaycana dəstək verməyə hazırdır` - Gürcüstandakı soydaşlarımız

`Azərbaycana dəstək verməyə hazırdır` - Gürcüstandakı soydaşlarımız
  04 Aprel 2016    Oxunub:2183
`Gürcüstan azərbaycanlıları Ermənistanın Azərbaycana qarşı törətdiyi son hərbi təxribatları qəti şəkildə pisləyir və münaqişənin sülh yolu ilə həllini dəstəkləyirlər`.

Bu sözlər Gürcüstanda fəaliyyət göstərən Azərbaycan QHT-lərinin yaydığı bəyanatdandır. Onlar bildirirlər ki, Ermənistanın hərbi işğalı ilə üzləşən Azərbaycan beynəlxalq hüquq çərçivəsində haqlı olaraq Ermənistana tutarlı cavab verib: “Bu gün BMT Təhlükəsizlik Şurasının 4 qətnaməsi Azərbaycana ərazi bütövlüyünü bərpa etməyə tam hüquq verir. Ermənistan, işğalçı qoşunlarının Azərbaycan torpaqlarından qeyd-şərtsiz çıxarılması ilə bağlı beynəlxalq təşkilatların çoxsaylı çağırışlarına baxmayaraq işğalı davam etdirir və təmas xəttində təxribatlar törədir”.

Bəyanatda deyilir ki, işğal və separatizmə məruz qalan Gürcüstan da eyni problemlə üzləşib, ölkənin separatizm və yüz minlərlə qaçqın ağrısı var: “Bu gün Azərbaycan xalqı ədalətin bərqərar olması, Azərbaycan və Gürcüstanın ərazi bütövlüyünün bərpa olunması yolunda əvvəlkindən daha vahid mövqedən çıxış edirlər. Dünya ictimaiyyəti Ermənistanın son təxribatçı fəaliyyətini qəti şəkildə pisləməli və Azərbaycanın əzəli torpaqlarını boşaltmağı tələb etməlidir. Dağlıq Qarabağ münaqişəsi dinc yolla Azərbaycanın ərazi bütövlüyü çərçivəsində həll olunmalıdır”.

Sonda vurğulanır ki, Gürcüstanda yaşayan hər bir azərbaycanlı Azərbaycanın haqq işinə dəstək verməyə hər an hazırdır!

Bəyanatı “Qeyrət” Hərəkatı, Gürcüstanda Azərbaycan Evi, Gürcüstan azərbaycanlılarının Gənclər Forumu, Sadaxlı Dirçəliş Cəmiyyəti və Qarapapaq Xeyriyyə Cəmiyyəti imzalayıblar.


Teqlər:





Xəbər lenti