`Qarabağ münaqişəsinin hərbi həlli yoxdur`- Lavrov (Video)

`Qarabağ münaqişəsinin hərbi həlli yoxdur`- Lavrov (Video)
  04 Aprel 2016    Oxunub:3370
“Dağlıq Qarabağ münaqişəsində atəşkəs rejiminin pozulmasını dərhal dayandırmaq lazımdır”.
AzVision.az Rusiya mətbuatına istinadən xəbər verir ki, bunu Rusiyanın xarici işlər naziri Sergey Lavrov deyib. XİN rəhbəri fikirlərini belə davam etdirib: “Təmas xəttində baş verənlərlə bağlı mövqeyimiz prezident, xarici işlər və müdafiə naziri tərəfindən açıqlanıb. Ümid edirik ki, tərəflər müraciətimizi eşidəcəklər. Atəşin dayandırılması ilə bağlı hər iki tərəfdən əmrlərin verildiyi açıqlansa da bu gün yenidən atəşin tam dayandırılmadığı görünür. Münaqişə tərəfləri ilə əlaqələrimizi davam etdiririk. Münaqişənin sülh yolu ilə həllinə çətinliklər yaratmaq lazım deyil”.

Nazir ATƏT-in Minsk Qrupu həmsədrlərinin fəaliyyətindən söz açıb: “Bu, böyük mexanizmdir və formatı dəyişmək məqsəduyğun deyil. Həmsədrlərin rolunu baltalamaq və son 10 ildə onların əldə etdiklərini kölgə altında qoymaq lazım deyil. Lakin bunu edənlər var. Onlar problemin həllini çətinləşdirmək istəyənlərdir. Dağlıq Qarabağ münaqişəsinin hərbi yolla həlli yoxdur. Münaqişə ATƏT-in Helsinki Yekun Aktının prinsipləri əsasında həll olunmalıdır”.

Nazir əlavə edib ki, Dağlıq Qarabağda gərginliyin yaranmasında Rusiya Ankara da daxil olmaqla heç bir xarici qüvvəni qınamır.



İlkin Nəcəfzadə
AzVision.az


Teqlər:  





Xəbər lenti