`Əvvəl 5, sonra 2 rayon qaytarılmalıdır` - Səfir

`Əvvəl 5, sonra 2 rayon qaytarılmalıdır` - Səfir
  06 Aprel 2016    Oxunub:4665
“Biz Dağlıq Qarabağ münaqişəsinin sülh yolu ilə həllində maraqlıyıq. Lakin daha 20 il gözləmək istəmirik”.
AzVision.az xəbər verir ki, bu barədə Azərbaycanın ATƏT yanında daimi nümayəndəsi Qalib İsrafilov Anadol agentliyinə açıqlamasında bildirib. Onun sözlərinə görə, rəsmi İrəvan danışıqlar masasında əyləşməkdən boyun qaçırır.

Diplomat əlavə edib ki, Azərbaycanın ərazi bütövlüyü, suverenliyi heç vaxt danışıqlar mövzusu ola bilməz.

`Bunun müqabilində erməni icmasının hüquqlarından rahat istifadə etməsi üçün imkan yaratmağa hazırıq. Necə azərbaycanlı icması öz imkanlarından, hüquqlarından istifadə edə bilər, eyni şəkildə də erməni icması öz hüquqlarından istifadə edə bilər. Söhbət burda burda sırf hüquqlardan aparıla bilər, ərazidən yox. Ermənistanın artıq öz ərazisi var. Ermənistanın ikinci dəfə bizim torpaqlarımızda dövlət yaratmasına imkan verməyəcəyik. Biz torpaqlarımızı heç vaxt danışıqlar predmeti etməyəcəyik`.

Qalib İsrafilov bildirib ki, Dağlıq Qarabağ münaqişəsinin ATƏT-in Helsinki Yekun Aktının prinsipləri əsasında mərhələli həll yolu mövcuddur: `ATƏT-in Daimi Şurasında da qeyd etdik ki, Minsk Qrupu formatında Ermənistan və Azərbaycanın iştirakı ilə effektiv danışıqların aparılmasının tərəfdarıyıq. Bunun üçün Ermənistanın hələ də şansı var.

Hesab edirik ki, ATƏT çərçivəsində qəbul edilmiş qərarlar buna imkan verir. Belə ki, həmsədrlər öz mandatlarından istifadə edərək Ermənistandan öz qoşunlarını Azərbaycan torpaqlarından çıxarmasını tələb etməlidir. Öncə 5 bölgə boşalmalı, həmin bölgəyə azərbaycanlı məcburi köçkünlər qayıtmalı, onlar üçün normal şərait yaranmalı, ərazilər və nəqliyyat-kommunikasiya bərpa edilməlidir. İkinci mərhələdə Laçın və Kəlbəcər qayıtmalıdır. Bunun əsasında isə Dağlıq Qarabağ bölgəsinin Azərbaycan tərkibində statusunun müəyyən edilməsi baş tuta bilər”.

Səfir münaqişənin həllinin yeganə yolunun ATƏT-in 1994-cü il Budapeşt Sammitinin qərarında təsbit edildiyi kimi mərhələli şəkildə həll yolundan ibarət olduğunu, işğal edilmiş Azərbaycan ərazilərinin işğalçı qüvvələrdən təmizlənməsi, Azərbaycan məcburi köçkünləri təhlükəsiz və layiqli şəkildə geri qayıdışının təmin edilməsi, Dağlıq Qarabağ regionun azərbaycanlı və erməni icmalarının bərabərhüquqlu qaydada Azərbaycan Respublikasının sərhədləri çərçivəsində birgəyaşayış modelinin işlənməsi yolu ilə mümkün olduğunu vurğulayıb.

Azərbaycanın ATƏT yanındakı daimi nümayəndəsi bu məsələdə daim Azərbaycanın yanında olduğu üçün Türkiyəyə təşəkkürünü də bildirib.

Qeyd edək ki, Vyanada Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsində son günlərdə baş vermiş gərginliklə bağlı ATƏT-in Daimi Şurasının xüsusi iclas keçirilib.

Türkiyənin ATƏT yanında daimi nümayəndəsinin müavini Boğaç Güldərə ATƏT-in Minsk qrupunun fəaliyyətini tənqid edib. O, həmsədrlərin uzun illərdən bəri heç bir nəticə olmadan danışıqlar apardığını, bir milyon qaçqın və köçkünü olan, ərazi bütövlüyü pozularaq təcavüzə məruz qalan, torpaqlarının beşdəbir hissəsi Ermənistan tərəfindən işğal olunmuş Azərbaycandan danışıqlar prosesində hansısa güzəştli mövqe gözləməyin əsassız olduğunu söyləyib.

İlkin Nəcəfzadə
AzVision.az


Teqlər:  





Xəbər lenti