`Qarabağla bağlı müsbət addımlar atılmışdı`- Peskov

“Sözsüz ki, vəziyyət dayanıqlı olmaqdan uzaq olduğuna görə, əldə edilənlərlə kifayətlənmək sadəcə, mümkünsüzdür və kimsə belə etməyə hazırlaşmır. Rusiya Dağlıq Qarabağın sülh yolu ilə tənzimlənməsi üçün ilk günlərdən böyük səylər göstərir. Hazırda rəsmi Moskva Bakı və İrəvanla əməkdaşlığını davam etdirir. Bu imkanlardan istifadə edərək münaqişənin sülh və beynəlxalq qanunlara söykənərək həllinə çalışırıq”.
Rusiyanın həmsədr ölkələrdən biri olduğunu xatırladan D. Peskov deyib ki, ümumən durum geriyə doğru dəyişib. O, qeyd edib ki, hərbi əməliyyatların başlanmasına qədər münaqişənin tənzimlənməsi istiqamətində müsbət addımlar atılmışdı:
“Hazırda isə təəssüf ki, geriyə doğru inkişaf baş verib və yenidən səyləri bərpa etməyə başlamaq lazımdır. Sözsüz, bu dəfə də atəşin dayandırılması məqsədilə müxtəlif səviyyələrdə kifayət qədər operativ və böyük işlər görülüb. Rusiyanın bu fəaliyyəti proses iştirakçıları tərəfindən də vurğulanıb. Əlbəttə, Moskva bu xətti davam etdirəcək”.
İlkin Nəcəfzadə
AzVision.az