`İlham Əliyev belə yanaşmanı dəstəklədi` - Lavrov

S.Lavrov deyib ki, Prezident Vladimir Putin, buna qədər isə Prezident Dmitri Medvedev müxtəlif ideyaları fəal şəkildə irəli sürürdülər. Bu ideyaların Qarabağ ətrafındakı rayonların azad edilməsinə və eyni zamanda, Qarabağın statusu məsələsinin həlli yolu ilə vəziyyətin sadələşdirilməsinə imkan verəcəyini deyən S.Lavrov bildirib: “Təfərrüata varmaq istəmirəm, lakin danışıqlar masası üzərində bir neçə variant qalır, dünən Azərbaycan Prezidenti ilə görüşdə bu məsələyə də toxunduq. Səylərimizi davam etdirəcəyik”.
Nazir Sergey Lavrov İran və Azərbaycan XİN rəhbərləri ilə müşavirə barədə sualın cavabında bildirib ki, nazirlər regionda təhlükəsizlik, silahlı terrorçuların trafikinin, narkoişbazların həyata keçirdiyi trafikin qarşısının alınmasında əməkdaşlıq, ümumi təhlükəsizlik, mütəşəkkil cinayətkarlığa qarşı mübarizə, Xəzərdə əməkdaşlıq kimi əsas məsələləri müzakirə edəcəklər. Diplomat deyib: “Xəzərin statusu barədə hüquqi sənəd üzərində beştərəfli iş prosesi ilə yanaşı, Azərbaycan və İranla qarşılıqlı layihələrimiz də var. Məsələn, limanlardan daha intensiv istifadə məsələsi. “Şimal-Cənub” beynəlxalq dəhlizi kontekstində turizmin inkişafı və infrastruktur layihələri çoxdan müzakirə edilir. Hindistandan Skandinaviyaya qədər iyirmiyə yaxın ölkə bu layihə ilə maraqlanır”.
S.Lavrovun sözlərinə görə Rusiya, İran və Azərbaycan dəmiryolçuları əsasən İran ərazisindən keçən Rəşt-Astara dəmir yolu sahəsi üzərində işləyirlər. Yolun bu hissəsi yaradılacağı təqdirdə Şimal-Cənub dəmir yolu bütövləşəcək və bir sıra ölkələr ondan səmərəli istifadə edəcəklər. (Azərtac)
Teqlər: