Azərbaycan və Argentina münasibətləri müzakirə edilib

Azərbaycan və Argentina münasibətləri müzakirə edilib
  11 Aprel 2016    Oxunub:2262
Azərbaycanın Argentinadakı Səfirliyinin müvəqqəti işlər vəkili Rəşad Aslanov ilə Argentina Parlamentinin Deputatlar Palatasının ikinci vitse-prezidenti xanım Patrisia Ximenezlə arasında görüş keçirilib.
Bu barədə səfirlikdən AzVision.az-a daxil olan məlumatda bildirilir.

Görüş zamanı Azərbaycan və Argentina arasında əlaqələr və parlamentlərarası əməkdaşlıq məsələləri müzakirə edilib.

R.Aslanov həmsöhbətinə ölkəmiz haqqında danışıb, ölkələr arasında parlament əməkdaşlığının mühümlüyünü vurğulayıb, bu baxımdan Argentinanın yeni parlament üzvləri ilə Azərbaycan parlamentarları arasında əlaqələrin yaradılmasının, qarşılıqlı səfərlərin təşkilinin vacibliyini qeyd edib. Azərbaycanda keçirilmiş parlament seçkilərindən sonra parlamentdə Argentina ilə əməkdaşlıq üzrə işçi qrupunun yenidən formalaşdırıldığını bildirən R.Aslanov, Argentina Deputatlar Palatasında da Azərbaycanla dostluq qrupunun yenidən qurulmasının vacibliyini vurğulayıb.
P.Ximenez yaxın zamanda Deputatlar Palatasında müxtəlif ölkələrlə, habelə Azərbaycanla dostluq qruplarının yeni tərkibinin formalaşacağını, müxtəlif deputatların Azərbaycanla dostluq qrupuna cəlb olunmasına səy göstərəcəyini, özünün də bu qrupa qoşulmaq istəyində olduğunu bildirib. P.Ximenez Azərbaycan haqqında müsbət təəssüratlara malik olduğunu, şəxsən özünün qısa müddətdə Azərbaycanı görmək istəyində olduğunu xüsusi vurğulayıb.
Görüş zamanı R.Aslanov həmçinin qarşı tərəfə Ermənistan-Azərbaycan münaqişəsi və onun həlli istiqamətində Azərbaycan tərəfindən atılmış addımlar barədə ətraflı məlumat verib.

Sonda tərəflər iki ölkə arasında parlamentlər səviyyəsində potensial əməkdaşlıq əlaqələrinin müxtəlif istiqamətləri barədə fikir mübadiləsi aparıb.

Eldar Tanrıverdiyev
AzVision.az


Teqlər:  





Xəbər lenti