Brayza Qarabağa görə Obama hökumətini tənqid etdi

M. Brayza Azərbaycan və Ermənistanın az da olsa, bu hərbi toqquşmalarda maraqlı olduqlarını və bununla Ağ Evin diqqətini Dağlıq Qarabağ sülh prosesinə daha çox cəlb etmək məqsədi daşıdıqlarını söyləyib: “Bütün hallarda Putin intensiv diplomatiya aparmaqla vəziyyəti nəzarət altına alır, Obama isə buna uyğun heç bir maraq nümayiş etdirmir. Ağ Ev son hadisələrlə bağlı hətta rəsmi bəyanat verməyib. Eyni zamanda Dövlət Departamentinin fəaliyyəti hadisənin dəhşətini əks etdirməyən yeni bir bəyanat verməklə və Con Kerinin rusiyalı həmkarı ilə bir neçə telefon danışığı aparması ilə məhdudlaşıb. Bunun əksinə olaraq, Putin dəfələrlə İlham Əliyev və Serj Sarkisyanla məsləhətləşmələr aparıb, Rusiya müdafiə və xarici işlər nazirləri özlərinin Bakı və İrəvandakı həmkarları ilə aktiv şəkildə bu məsələyə cəlb olunublar. Nəticədə aprelin 5-də Rusiyanın hərbi rəhbərliyinin azərbaycanlı və ermənistanlı həmkarları ilə danışıqları əsasında və Minsk Qrupunun birbaşa vasitəçiliyi olmadan atəşkəs bərpa edilib”.
Keçmiş həmsədr bildirib ki, bununla Rusiya 2 qazanc əldə etmək istəyir. Birincisi, Rusiya Ukrayna məsələsi ilə alt-üst olmuş beynəlxalq nüfuzunu bərpa etmək məqsədi güdür. İkincisi, Azərbaycan və Ermənistan rəhbərliyində o təəssürat yaranıb ki, Rusiya Cənubi Qafqazda atəşkəslə bağlı çağırış edən yeganə ölkədir: “Bu, Putinə Rusiya, Türkiyə, İran, Mərkəzi Asiya və Xəzərin enerji təminatçılarını birləşdirən regionda fəaliyyət göstərməyə imkan yaradır. İndi Dağlıq Qarabağ münaqişəsinin həll prosesində iştirak etmək istəyən və bu planı pozulan İran da Rusiya ilə birgə hərəkət etmək və ABŞ-dan kənarda Azərbaycanla üçtərəfli əməkdaşlıq mexanizmi qurmaq istəyir. Putin Azərbaycan və Ermənistanı Qərbdən uzaqlaşdırdığı və gələcək böhranların bünövrəsini qoyduğu bir vaxtda ABŞ kənardan izləməklə məşğuldur". (APA)
AzVision.az