Gürcüstan prezidenti azərbaycanlıların kəndində

Gürcüstan prezidenti azərbaycanlıların kəndində
  15 Aprel 2016    Oxunub:1705
Gürcüstan Prezidenti Giorgi Marqvelaşvili aprelin 14-də azərbaycanlıların yığcam yaşadıqları Qardabani rayonunun Qaracalar kəndində olub.
AzVision.az AzərTac-a istinadən xəbər verir ki, prezident Gürcüstanın Elm və Təhsil Nazirliyinin Qaracalar kənd ümumi məktəbində təhsil ocağının müəllim və şagirdlərini Milli Ana Dili Günü münasibətilə təbrik edib. Dövlət başçısı məktəbdə həyata keçirilən “Gürcü dilini öyrənək” layihəsi ilə maraqlanıb.

İ.Cavaxişvili adına Tbilisi Dövlət Universitetinin “Gürcüstanda milli azlıqların sıx yaşadıqları regionlarda dövlət dili və konstitusiyanın əsaslarının tezləşdirilmiş metodlarla inteqrativ tədrisi” proqramı çərçivəsində həyata keçirilən layihənin məqsədi azərbaycanlıların və digər milli azlıqların gürcü dilini öyrənmələrinə, inteqrasiyasına yardım etməkdir.

Gürcüstan Prezidenti sinif otaqlarını gəzib, məktəblilərin ifasında rəqslərə tamaşa edib.

Prezidentin adından məktəblilərə gürcü dilini daha yaxşı öyrənmək üçün kitab və digər ləvazimatlar verilib.

Bildirilib ki, məktəbdə 650-yə yaxın şagird öz istəklərinə uyğun olaraq Azərbaycan və gürcü dili bölmələrində təhsil alırlar. Onların təhsil, təlim və tərbiyəsi ilə 55 müəllim məşğul olur. Müəllimlərin 28-i azərbaycanlı, 27-si isə gürcüdür. Eyni zamanda, həyata keçirilən layihə əsasında 60-a yaxın kənd sakini məktəbdə gürcü dilini öyrənir.

Prezident azərbaycanlıların gürcü dilini öyrənmələrini yüksək qiymətləndirib, azərbaycanlılarla gürcülərin dostluğunun başqa millətlər üçün də nümunə olduğunu söyləyib.

Giorgi Marqvelaşvili məktəbin kollektivinə və şagirdlərə uğurlar arzulayıb, gürcü dilini öyrənmələri və digər problemlərinin həllinə yardım göstərəcəyini bildirib.

Qaracalar kənd ümumi məktəbi 2010-2011-ci illərdə Heydər Əliyev Fondunun “Təhsilə dəstək” layihəsi çərçivəsində tikilib. Məktəbin binası üçmərtəbəlidir və burada 30 sinif otağı, idman zalı və fənn kabinələri var.

AzVision.az


Teqlər:





Xəbər lenti