Ermənistan rejimi cəsədləri təhqir edir - Rəsmi Bakı

  18 Aprel 2016    Oxunub : 2209
Ermənistan rejimi cəsədləri təhqir edir - Rəsmi Bakı
"Ermənistan tərəfinin əvvəlcədən əldə olunmuş razılığa baxmayaraq Azərbaycan hərbi qulluqçusunun nəşinin nümayişkarcasına qaytarmaqdan imtina etməsi beynəlxalq humanitar hüquq, xüsusilə 1949-cu il Cenevrə konvensiyası və əlavə protokolların normalarının rəsmi Yerevan tərəfindən növbəti kobud pozulmasıdır".

AzVision.az-ın məlumatına görə, bu bəyanatla Azərbaycan Xarici İşlər Nazirliyinin mətbuat xidmətinin rəhbəri Hikmət Hacıyev çıxış edib.

O bildirib ki, humanizm dəyərlərindən kənar olan Ermənistan rejimi cəsədləri belə işgəncə, təhqir və fiziki zorakılığa məruz qoyaraq qisas və siyasi möhtəkirlik obyektinə çevirir. Bu kimi zorakılıq əlamətləri son günlərdə geri qaytarılmış hərbi qulluqçuların cəsədlərində də müəyyən edilib.

"Ermənistanın qeyri-insani əməllərinin nəticəsidir ki, 1991-1994-cü il hərbi əməliyyatlarında əsir və girov götürülmüş 4000-dən artıq azərbaycanlı mülki və hərbi şəxs hələ də itkin düşmüş hesab olunur.

Cəsədlərin qaytarılmasına vasitəçilik missiyasını yerinə yetirən beynəlxalq qurumlar tərəfindən də Azərbaycan hərbi qulluqçusunun nəşinin Ermənistan tərəfində olması faktı təsdiqlənsə də, rəsmi Yerevanın imtinasından sonra susqunluq nümayiş etdirmələri başa düşülən deyil. Onlar tərəfindən bu kimi məsələlərdə prinsipial və aydın mövqe nümayiş etdirilməlidir.

Rəsmi Yerevan 2 aprel tarixindən etibarən başladığı təxribat və hərbi avantüranın uğursuzluğundan sonra beynəlxalq təcrid vəziyyətində olduğunu bir daha görüb. Odur ki, ölkədaxili və beynəlxalq ictimaiyyət qarşısında olan-qalan nüfuz və etimadını da itirən Ermənistan rəhbərliyinin addımları daha sərsəm, qeyri-müəyyən və təhlükəli xarakter alır", - deyə H. Hacıyev qeyd edib.

Ermənistan tərəfi beynəlxalq vasitəçilərin təşəbbüsünü rədd edərək Azərbaycan hərbi qulluqçusunun meyitini geri qaytarmaqdan imtina edib.

Eldar Tanrıverdiyev
AzVision.az

Teqlər: