Ermənistanın sabiq baş naziri: `Azərbaycan bizi əzdi`

Ermənistanın sabiq baş naziri: `Azərbaycan bizi əzdi`
  24 Aprel 2016    Oxunub:13617
"Azərbaycan genişmiqyaslı müharibəyə başlasa, baxmayacaq ki, biz qarabağlı ermənilərin müstəqilliyini tanımışıq, ya yox. Hərbi əməliyyatların nəticələrini Ermənistan üçün uğurlu saymıram. Əksinə, Müdafiə Nazirliyi ilə Xarici İşlər Nazirliyi də bərbad işlədiklərini göstərdilər. Çox pis vəziyyətdəyik".

Ermənistanın sabiq baş naziri, "Azadlıq" Partiyasının sədri, Erməni Milli Konqresinin parlament fraksiyasının liderlərindən biri Hrant Baqratyan 1in.am-ın əməkdaşı Arevik Saakyana verdiyi müsahibəsində belə deyib.

AzVision.az milli.az-a istinadən müsahibəni müəyyən ixtisarlarla təqdim edir:

- Dağlıq Qarabağ münaqişəsinin nizamlanması ilə bağlı yaxın günlərdə intensiv danışıqlar prosesi başlanacaq. Prosesin təşəbbüskarı Rusiya prezidenti Vladimir Putindir. "İzvestiya" qəzeti də yazmışdı ki, V.Putin Ermənistanla Azərbaycanı qarşılıqlı güzəştlərə sövq etmək istəyir. Sizcə, Rusiyanın bu prosesdə aktivləşməsi Ermənistana nə vəd edir?

- Nə siz, nə də mən bilirik ki, bu proses sadəcə, Rusiyanın iştirakı və ya təşəbbüsü ilədir. Ola bilər ki, hər şey ABŞ və ya Fransa ilə də razılaşdırılsın. Unutmayın ki, bu günlərdə Fransanın xarici işlər naziri Moskvada səfərdə olacaq. Məncə, səfər əsasən Dağlıq Qarabağ məsələsinin müzakirəsinə həsr olunub. Vladimir Putinin iştirakına gəldikdə isə, yayılan xəbərlər göstərir ki, Dağlıq Qarabağ məsələsi yeni, daha üst səviyyəyə qalxıb. Baş verənlər "Roma nəzəriyyəsi"dir. Rusiya Avrasiya İqtisadi Birliyini ona görə yaradıb ki, Avrasiya materikinin şimalından tutmuş Fars körfəzinədək, Ərəb dənizinədək ərazilərə nəzarət etsin. 7-8 ölkənin yardımı ilə buna nail olmaq istəyir.

Problemin həlli üçün Azərbaycan, Türkiyə və İranla bağlı məsələlər həll olunmalıdır. Rusiya artıq anlayır ki, Ukrayna, Moldova və ya Gürcüstan strateji baxımdan əhəmiyyət kəsb etmir. Əsas məqsəd Avropadan mal və məhsulların Çinə, Yaponiya, Cənubi Koreyaya, Hindistana məhz Avrasiya İqtisadi Birliyinə üzv olan ölkələrin ərazisindən daşınmasıdır. Bu, Dostoyevskinin bir zamanlar "Üçüncü Roma nəzəriyyəsi" adlandırdığı məsələdir. Həmin nəzəriyyəyə görə, rusların "Konstantinopol" dedikləri İstanbul Rusiyanın paytaxtı olmalıdır.

19-cu əsrdən etibarən Rusiya həmişə Türkiyəyə qarşı Qafqaz və Balkan cəbhəsində müharibələrə başlayıb. Balkanlarda uduzanda Qafqazda güzəştlər edib. Əfsuslar olsun ki, həmişə ermənilərin hesabına. Amma o da doğrudur ki, dünya dəyişib. Nəhəng geosiyasi proqramlar asanlıqla dağılır.

- Dediklərinizdən belə çıxır ki, Azərbaycan da Avrasiya İqtisadi Birliyinə daxil ola bilər. Amma təşkilatın bütün üzvlərinin razılığı olmadan belə üzvlük mümkün deyil. Ermənistan razı olmasa, necə?

- Ermənistan razı olacaq.

- Hətta Azərbaycanın üzvlüyünə?

- Bəli. Bizim rəhbərlər kordur, Azərbaycan bizi əzdi. Hakimiyyətimizin zəifliyi və bivecliyi sayəsində başqa çıxış yolumuz qalmayıb. Rusiya Azərbaycanla münasibətlərdə bizi heç vecinə də almır.

- Axı necə yəni?! Avrasiya İqtisadi Birliyinin nizamnaməsi var və Ermənistan qərara veto qoyarsa... Yəni demək istəyirsiniz ki, Ermənistan rəhbərliyi artıq özünü məğlub sayır?

- Sizə deyirəm ki, Rusiya bizi növbəti dəfə aşağılamaq, əzmək üçün yeni yol tapacaq. Rusiyanın "Ermənistan vetosu" problemini həll etmək üçün ən azı 10-15 çıxış yolu var.

- Belədirsə, Ermənistan nə etməlidir?

- Nə etsək də, mənası yoxdur. Ermənistan hakimiyyəti indi elə bir vəziyyətdədir ki, nə Qərbə, nə də Rusiyaya qarşı çıxa bilməz. Rusiyaya qarşı çıxmaq Serj Sarkisyanın devrilməsi deməkdir. Qərbin şərtlərinin qəbul olunmaması da Serj Sarkisyanın "siyasi ölümü" olacaq. Bu adam hələ də dərk etməyib ki, iki ağaya qulluq edən nökərin vəziyyəti acınacaqlı olur.

- Çıxış yolumuz nədir?

- Ermənistan rəhbərliyi ölkəni bu vəziyyətə salıb. Avrasiya İqtisadi Birliyinə qoşulmaqla bağlı məsələ müzakirə olunanda bu qərarın bizə heç nə verməyəcəyini demişdim. Amma mənə qulaq asmadılar. Dedilər ki, daha da güclənəcəyik. Bəs nə oldu, niyə güclənmədik?

- "Dördgünlük müharibə"dən sonra...

- Bilirsiniz, gəlin aldanmayaq. Bizə deyirlər ki, Azərbaycana Türkiyə dəstək verir. İnanmıram. Azərbaycana dəstək verən ölkələr çoxdur. Məqsəd də bizi danışıqlara vadar etmək, güzəştlərə sürükləmək idi. Məqsədlərinə də çatdılar.

- Yəni Rusiya Ermənistanı bu günə qoydu?

- Bunu demək üçün konkret faktlarım yoxdur. Amma onu da deyə bilmərəm ki, Rusiya, ABŞ və Fransa bizə qarşı belə oyun oynamadılar. Rusiyanın böyük təsir rıçaqları var. Hər halda Rusiyanın baş naziri Dmitri Medvedev döyüş günlərində "qoşunların hərəkətini görürük" bəyanatı verdi. Fikir versəniz, ABŞ-ın dövlət katibi və prezidenti belə açıqlama vermədi.

- Bu, ABŞ-ın məlumatı olmadığı anlamına gəlmir.

- Bu o deməkdir ki, ABŞ başqa peyk vasitəsilə hər şeyi izləyirdi.

- Belə vəziyyətdə nə etməliyik?

- Qarabağlı ermənilərin müstəqilliyini tanımalıyıq. Bütün dünyadan bunu istəyirik, amma özümüz etmirik. İndi Qarabağda guya könüllü vuruşuruq.

- Hə, Ermənistan əsgərləri oradadır.

- Anlamalyıq ki, qarabağlı ermənilərin döyüşü Ermənistanın müharibəsidir. Azərbaycan genişmiqyaslı hərbi əməliyyatlara başlasa, bizim nə dediyimizə, hansı mövqe tutduğumuza baxmayacaq. "Dördgünlük" müharibənin nəticələri bizim üçün çox ağır oldu.

- Yəni Ermənistanı sülh müqaviləsinə vadar edəcəklər, Deyton anlaşmasının yeni variantı olacaq?

- Yəqin, Kemp-Devid və ya Deyton anlaşmalarındakı təki, Ermənistanı güzəştlərə vadar edəcəklər. Kemp-Devid variantı daha yaxşıdır. Deyton anlaşması pis qərardır.

- Madrid və Kazan variantları barədə nə düşünürsünüz?

- Bu variantların heç biri tam açıqlanmayıb. Yalnız qısa şərhlər, açıqlamalar var. Belə şəraitdə konkret nə isə demək istəməzdim. Son iki xarici işlər nazirimiz Madrid variantını tərifləyir. Bilmirəm, elə sənəd olsaydı, görərdim. Amma həll mərhələlidirsə, uduzduq. Mərhələli həll variantlarına nifrət edirəm.

- Bizdən 7 rayonu azad etmək tələb olunur.

- Yenə təkrar edirəm: Madrid sənədləri tam açıqlanmayıb. Bizə sadəcə deyilib ki, 7 rayonu azad edək, əvəzində Dağlıq Qarabağda referendum keçirmək imkanı əldə edirik. Sənədlər açıqlansın, fikirləşərik. İstənilən halda qərarı Serj Sarkisyan verməməlidir. O, səhv edə bilər. Məsələ Ermənistanda referendumda həll olunmalıdır.

- Ermənistanda Konstitusiyaya əlavələr və dəyişikliklərlə bağlı referendum keçirildi.

- Gördük o referendumun nəticələrini. Sözün açığı, hakimiyyət referendumla bağlı istənilən fırıldağı, saxtakarlığı edə bilər.




Teqlər:





Xəbər lenti