Kim yalan danışır: Zaxarova, yoxsa Nalbandyan?

Kim yalan danışır: Zaxarova, yoxsa Nalbandyan?
  27 Aprel 2016    Oxunub:4619
Ermənistanın xarici işlər naziri Edvard Nalbandyan növbəti dəfə sərsəm bəyanatla çıxış edərək, ölkəsinin işğalçı mahiyyətini pərdələməyə çalışıb. O, bildirib ki, aprelin əvvəlində baş verən hadisələr Dağlıq Qarabağ münaqişəsinin nizamlanması üzrə danışıqlara ciddi zərbə vurub.

Həmçinin Nalbandyan Rusiyanın münaqişənin tənzimləməsi ilə bağlı heç bir real planın olmadığını açıqlayıb. Nalbandyan Lavrovun İrəvan səfərinə münasibət bildirirək qeyd edib ki, Rusiya XİN rəhbəri Ermənistana Dağlıq Qarabağla bağlı hər hansı təklif, paket gətirməyib, yəni əliboş gəlib. Halbuki, İrəvan səfərindən bir gün öncə Rusiyanın Xarici İşlər Nazirliyinin xüsusi nümayəndəsi Mariya Zaxarova Lavrovun heç yerə əliboş getmədiyini bəyan etmişdi.

Ortaya maraqlı sual çıxır: Zaxarova yalan danışır, yoxsa Nalbandyan?

Politoloq Qabil Hüseynlinin fikrincə, görünən mənzərə bunu deməyə əsas verir ki, həqiqətən də Rusiyanın Qarabağ münaqişənin tənzimləməsi ilə bağlı real təkliflər paketi yoxdur:

“Sergey Lavrovun Ermənistana səfəri zamanı Serj Sarkisyanla görüşünün çox gərgin keçdiyi bildirilirdi. Bu görüşdən sonra Sarkisyan danışıqlardan imtina etdiklərini bəyan etdi. Proseslər göstərir ki, Rusiyanın Qarabağa dair xüsusi planı yoxdur. Xüsusi plan, təklif olsaydı, İrəvan görüşündən sonra hiss olunardı.

Hesab edirəm ki, Ermənistanın danışıqlara hazır olması üçün Azərbaycanın yeni əks həmləsinə ehtiyac var. Ermənilər anlamır ki, Qarabağ beynəlxalq aləm tərəfindən Azərbaycanın ərazisi kimi tanınır”.



Q.Hüseynli bildirib ki, Azərbaycan ordusu yeni müharibəyə hazırlaşmaqdadır: “Azərbaycan ordusu yeni müharibəyə hazırlaşır. Ermənistanın konstruktiv mövqeyə gəlməsi başqa cür mümkün də deyil. Hesab edirəm ki, bundan sonra Azərbaycan diqqətini sırf ordu hazırlığına yönəltməlidir. Əks halda ermənilər sülhə razılaşmayacaq”.

Politoloq vurğulayıb ki, Dağlıq Qarabağ münaqişəsi ilə bağlı Rusiyanın mövqeyində “açıq xətt” yoxdur:

“Rusiya Ermənistana təzyiq göstərsə,münaqişə tezliklə həll olunar. Hazırda Rusiya sanki taym-aut götürüb. Bu müddət ərzində Rusiya Ermənistanı silahlandırmaq istəyir. Artıq Ermənistana silahların bir qismi göndərilib. Rusiya Ermənistanı müharibəyə hazırlayır. Ancaq, ermənilərin canlı qüvvəsi çatmır. Gərək canlı qüvvəni ruslar əvəz etsin. Ruslar Azərbaycanla müharibəyə girişəcəksə, biz Türkiyə və Pakistana müraciət etməli olacağıq. Pakistan Qarabağa yüzminlik qoşun göndərmək istəyir. Hətta nüvə silahı ilə də kömək etməyə hazırdır. Əgrə Rusiya bunu istəyirsə, başlasın”.

Elvin Abdulqədirov
AzVision.az


Teqlər:  





Xəbər lenti