Londonun ilk müsəlman meri kimdir? – DOSYE (FOTOLAR)

Londonun ilk müsəlman meri kimdir? – DOSYE (FOTOLAR)
  07 May 2016    Oxunub:27565
Böyük Britaniyanın paytaxtı Londonda mer seçkilərində Leyboristlər partiyasının nümayəndəsi Sadiq Xan qalib gəlib. O, tarixdə bu vəzifəni tutan ilk müsəlmandır.

Sadiq Xan kimdir?

Sadiq Aman Xan 1970-cı ildə Londonda pakistanlı ailəsində anadan olub. Şimali London Universitetində və Gilford kollecində hüquq fakültəsini bitirib. O, hüquqşünas kimi bir sıra firmalarda çalışıb.

Sadiq Xan 2008-2009-cu ildə yerli idarəetmə məsələləri üzrə dövlət naziri, 2009-2010-cu illərdə isə nəqliyyat məsələləri üzrə dövlət naziri postlarında çalışıb.



2009-cu ilin iyununda Sadiq Xan kiçik nəqliyyat naziri təyin edildikdən sonra Gizli Şuraya daxil olub.

Xan Londonda Nazirlər Kabinetinin iclaslarında iştirak edən ilk müsəlman və Asiya əsilli şəxs kimi tarixə düşüb.

Leyboristlərin 2010-cu ildə parlament seçkilərində məğlub olmasından sonra o, kölgə kabinetinə təyin olunub.



Xan öncə kölgə nəqliyyat naziri, daha sonra xəzinənin kölgə kansleri və kölgə ədliyyə naziri postlarına təyinat alıb. 2010-cu ildə partiyada liderlik uğrunda mübarizədə qalib gələn Ed Milinamd-ın seçki kompaniyasına rəhbərlik edib.

11 sentyabr 2015-ci ildə Sadiq Xanın namizədliyi Leyboristlər Partiyasından London meri postuna irəli sürülüb. Praymerizlərin ilkin turunda o, seçicilərin 38%-nin, ikinci turda isə 59%-nin səsini toplayıb.



Valideynləri Ammanulla Xan və Sehrun Xan Sadiq Xan dünyaya gəlməzdən əvvəl Pakistandan Böyük Britaniyaya köçüblər.
Ammanula Xan 25 ildən artıq Londonda avtobus sürücüsü işləyib. Sadiqin anası isə dərzi olub.

Sadiqin 6 qardaşı və bir bacısı var. 1994-cü ildə Sadiq Xan ixtisasca hüquqşünas olan Sədiyə Əhmədlə evlənib. Onun iki qızı – Anişah (1999) və Amarah (2001) var.

Sadiq idmanı çox sevir. O, “Liverpul” futbol klubunun və “Surrey County Criket Club” kriket klubun fanatıdır.



2013-cü ildə eynicinsli nikahlar qanun layihəsinə səs verdiyi üçün ölümlə hədələnib. Britaniya KİV-ləri yazır ki, “Bradford” məscidinin imamı onun müsəlman olmaması barədə fətva verib.

Qeyd edək ki, Londonun ilk müsəlman meri leyborist siyasətçidir. 2005-ci ildən İcmalar Palatasının üzvü, partiyanın sosial-demokratlar qanadının nümayəndəsidir.



Eldar Tanrıverdiyev
AzVision.az


Teqlər:  





Xəbər lenti