Ermənistan Çindən silah ala bilər

Ermənistan Çindən silah ala bilər
  07 May 2016    Oxunub:2099
Ermənistanın müdafiə nazirliyi Rusiyadan başqa digər ölkələrdən silah alınması məsələsinə münasibət bildirib.
"Aykakan Jamanak" qəzetinə müsahibə verən müdafiə nazirinin müavini David Tonoyan jurnalistin “Çin silah satışında Rusiyaya alternativ ola bilərmi?” sualına belə cavab verib.

“Bu qeyri - peşəkarların söhbətidir. Bizim məqsədimiz hərbi texnikanın hər növündən əldə etmək deyil. Həmçinin silahın hansı ölkənin olması əhəmiyyətsizdir. Bura əsasən keyfiyyətə qiymətə və texniki məsələlərə əhəmiyyət verilir. Ermənistanın Müdafiə Nazirliyi bütün imkanları müzakirə edir”,-deyə David Tonoyan bildirib.

Cəbhə xəttində baş verən son hadisələrdən sonra Ermənistan cəmiyyətində əsas müzakirə mövzusu ordunun müasir silahlarla təchiz olunmamasıdır. Bir necə gün əvvəl Ermənistan parlamentinin millət vəkilləri ilə görüşdə müdafiə naziri Seyran Ohanyan dolayısı ilə bildirib ki, başqa ölkələrdən silah alınmamasının əsas səbəbi İrəvanın Moskvadan qorxmasıdır. Ohanyan deyib ki, biz Rusiyadan indiyə qədər silah almışıq və bundan sonra da bu proses davam edəcək.

Aprelin 4-də qapalı keçirilən görüşdə ölkə rəsmisinə bu suallarla müraciət ediblər: "Ermənistan niyə Çin və İsraildən silahı əldə etmir? Bu ölkələr bizə istənilən növ hərbi texnika satmağa hazırdır. Niyə bizim ordumuz yalnız Rusiyadan əldə edilmiş silahla silahlandırılır?” - "Aykakan jamanak" qəzeti yazır.

Ermənistanın silah ala biləcəyi, amma imtina etdiyi ölkələr arasında Çin və İsrailin adı xüsusi qeyd edilir.

Cəbhə xəttində baş verən son hadisələrdən sonra Ermənistan rəhbərliyi güclü ordularının olmadığını dolayı yollarla etiraf edirlər. Serj Sarkisyan Almaniyaya səfəri çərçivəsində bildirmişdi ki, rəsmi Bakıdan fərqli olaraq İrəvan 1980-ci illərdə istehsal olunan silahlarla döyüşür: "Azərbaycanın modern silahlara sahib olduğu son 3 gündə özünü göstərdi".

Həmçinin baş nazir Ovik Abramyan Rusiyanı Azərbaycana silah satmamağa çağırıb. “Rusiyanın qarşı tərəfə silah satışını dayandırması yaxşı olardı. Amma bu, Rusiya tərəfinin daxili işidir”, - deyə Abramyan Gümrüdə çıxış edərək bildirib.

Aprelin 2-dən 5-dək Dağlıq Qarabağda hərbi vəziyyət gərginləşib. Ermənistanın silahlı qüvvələri Azərbaycan kəndlərini atəşə tutublar. Bundan sonra Azərbaycan ordusu da onlara cavab atəşi açıblar və 4 gün cəbhə xəttində ağır döyüşlər gedib.

Qısa müddətdə həyata keçirilən sürətli əks-həmlə zamanı erməni birləşmələrinin uzun illərdən bəri mühəndis-istehkam baxımından möhkəmləndirdiyi birinci müdafiə xətti cəbhənin bəzi istiqamətlərində yarılıb, strateji əhəmiyyətə malik bir neçə yüksəklik və yaşayış məntəqələri düşməndən tam azad olunub. Döyüşlər zamanı Azərbaycan Ermənistan ordusunun təxribatlarına qarşı müasir silahlarla cavab verib. (Anspress)


Teqlər:  





Xəbər lenti