Rusiyaya qarşı Türkiyə-İsrail birliyi mümkündürmü? – TƏHLİL

Rusiyaya qarşı Türkiyə-İsrail birliyi mümkündürmü? – TƏHLİL
  10 May 2016    Oxunub:4068
Türkiyə ilə Rusiya arasındakı gərgin münasibətlər Türkiyə-İsrail yaxınlaşmasını günü-gündən labüdləşdirir. Əslində İsrail "Mavi Mərmərə" olayı ilə bağlı Türkiyədən üzr istədiyini və barışmağa hazır olduğunu daha öncə də bəyan etmişdi. Bu yaxınlarda isə Rus-Türk münasibətlərinin korlanmasının ardından Rusiyanın Türkiyəni enerji məsələsində sıxışdıracağı gündəmə gəldikdən sonra İsrail növbəti addımı ataraq, Türkiyənın enerji ilə təminatı məsələsində yardım təklif etdi. Bu faktlar rəsmi Təl-Əvivin Türkiyə ilə barışmağa cəhd etdiyini göstərir.

Rusiyaya birləşdirilən Krım ərazisi də Türkiyə və İsraili müəyyən mənada yaxınlaşdıran nüansdır. Məlum olduğu kimi, Krımın qədim xalqları sayılan karaim və krımçaklar etnik baxımdan türk olsalar da, dini baxımdan musəvidilər, hətta çoxusu yəhudi sayılır, amma dünyada ümumi ad altında “Krım tatarı” kimi tanınırlar. Təbii ki, onların Rusiyanın nəzarətinə keçməsi Türkiyə ilə İsraili yaxınlaşdıran önəmli nüanslardan biridir.

Bəzi türk mənbələri AKP-də 3 nəfər Krım tatarının çox önəmli post tutduğunu yazır. Türkiyənin keçmiş baş naziri Əhməd Davudoğlunun, keçmiş xarici işlər naziri Əli Babacanın və Cəmil Çiçəyin əslən Krım tatarları olduqları söylənməkədir. “Babacan” - tipik karaim adıdır. Davudoğlu, Davudoff adlarının da karaimlərdə çox geniş yayıldığı bilinməkdədir, çünki karaim təriqətinin əsasını qoyan şəxsin adı da Amman bin Davuddur. Maraqlıdır ki, İranın dini lideri Ayətullah Xamneyi Əhməd Davudoğlu barədə bir fikrində onu "Davudi" adlandırmışdı.

Rusiyanın Krımı anneksiyası ilə bağlı öncələr İsrail daha çox bitərəf mövqe sərgiləyirdi. İsrailin baş naziri Benyamin Netenyahunun BMT-nin təhlükəsizlik şurasında Krımla bağlı keçirilən səsverməyə qatılmaması İsrailin Rusiya ilə münasibətləri korlamaq istəməməsindən irəli gəlirdi. Diqqət çəkən başqa bir fakt isə Rusiyanın Krımı ilhaqına İsrailin olduqca yumşaq təpki göstərməsidir. Belə ki, İsrail həmin açıqlamada Ukraynadakı böhranın diplomatik yollarla həllinin tərəfdarı olduğunu elan etmişdi.

SSRİ-nin dağılmasından sonra İsrail hökumətində 4 nəfər rusdilli yəhudi nazir postun tutub. Rusdilli yəhudilər Rusiya ilə münasibətlərin formalaşmasına müəyyən təsir göstərə bilir. Digər tərəfdən, İsrailə ABŞ-dan sonra ən çox turist Rusiyadan gəlir. Bu halda İsrail Ukraynaya görə Rusiya ilə münasibətlərin pozulmasında maraqlı ola bilməzdi.

Rusiya və Ukrayna İsrailin böyük iqtisadi partnyorları sayılmasalar da, Kiyevlə Təli-Əvivin kifayət qədər iqtisadi əməkdaşlığı var. Ukrayna da İsrailin ən çox turist qəbul etdiyi ölkələrdən biridir. Rəsmi yəhudi mənbələri 1990-2012-ci illərə aid miqrant köçünü açıqlayarkən bildirirlər ki, bu illər ərzində Ukraynadan İsrailə daha çox yəhudi köç edib, nəinki Rusiyadan. Diqqət çəkən başqa bir hal isə Rusiyanın baş hahamı Berel Lazarın Rusiyanın Krımın ilhaqına qarşı sərt çıxış edən Ukraynalı yəhudi liderləri tənqid etməsidir.

Kritik Rusiya-Türkiyə münasibətləri fonunda məsələyə yanaşdıqda belə nəticəyə gəlmək olur ki, məhz bu olayın ardınca İsrail ilə Türkiyə yaxınlaşması aktuallaşır. Bəs, iki ölkəni yaxınlaşdıran səbəblər nədir ?

1) Rusiyanın Suriyanı müdafiə etməsi, Misirlə əlaqələrini möhkəmləndirməsi və Fələstinə yardım göstərməsi, hətta Fələstinin tanınmasında onun yanında olması, Fələstində rus məktəblərin açılması İsraili Moskvaya qarşı çıxmağa sövq edirdi, lakin açıq deyil, qapalı şəkildə.

2) Rusiyanın İranla sıx əlaqələri və İrana satılan `S-300` hava hücumundan müdafiə sistemi İsraili Rusiya ilə münasibətlərə yenidən baxmağa məcbur edən səbəblərdən biridir.

3) Krımın ilhaqı ilə oradakı yerli yəhudilərin Rusiyanın nəzarətinə keçməsi, üstəgəl, Türkiyə-Rusiya münasibətlərinin korlanması fonunda İsrailin anidən Türkiyəyə yardım əlini uzatması dolayısı ilə rəsmi Təl-Əvivin Rusiyaya qarşı çoxdandır bir tərəfdaş axtarışında oluğunu göstərən vacib amildir. Şübhəsiz ki, belə bir məqamda İsrailin Türkiyəyə kömək əlini uzatması Rusiya-İsrail əlaqələrinin də soyumasına təsir etdi.

Yuxarıda sadalanan hadisələrin inkişafı onu deməyə əsas verir ki, Türkiyə-İsrail əməkdaşlığı Rusiyaya qarşı birlik yaranmasına qədər dərinləşə bilər. Bu birliyin hansı formada olacağını isə hələ dəqiq demək tezdir, lakin artıq ciddi əlamətlər var.

Fərrux Həsənov
AzVision.az üçün


Teqlər:





Xəbər lenti