Ruhanidən Qarabağ təklifi: “Kömək etməyə hazırıq”

Ruhanidən Qarabağ təklifi: “Kömək etməyə hazırıq”
  17 May 2016    Oxunub:2296
Azərbaycan Respublikasının İran İslam Respublikasındakı fövqəladə və səlahiyyətli səfiri Bünyad Hüseynov mayın 17-də etimadnaməsini Prezident Həsən Ruhaniyə təqdim edib.
İran Prezidenti Həsən Ruhani Azərbaycan Prezidenti İlham Əliyev ilə son illərdə beynəlxalq tədbirlər çərçivəsində, həmçinin Tehranda və Bakıda keçirdiyi görüşlərə toxunaraq, səmimi salamlarını və ən xoş arzularını dövlətimizin başçısına çatdırmağı xahiş etdi.

Prezident Həsən Ruhani ölkələrimiz arasında müxtəlif sahələr üzrə inkişaf etməkdə olan münasibətlərin daha da irəliyə aparılması üçün hər iki tərəfin ciddi iradə nümayiş etdirdiyini bildirdi. Ölkələrimizin aidiyyəti qurumlarının qarşılıqlı faydalı əməkdaşlığın inkişaf etdirilməsində ciddi səylər göstərməsinin zəruriliyini vurğulayan İran Prezidenti nəqliyyat və infrastruktur layihələrinin həyata keçirilməsi çərçivəsində Astara-Astara dəmir yolu xəttinin birləşdirilməsinin əhəmiyyətini qeyd etdi.



Prezident Həsən Ruhani İran-Azərbaycan-Rusiya, İran-Azərbaycan-Türkiyə və İran-Azərbaycan-Gürcüstan əməkdaşlığının ölkələrimiz ilə yanaşı, regionun mənafelərinə xidmət etdiyini söylədi. İran Prezidenti bölgədəki münaqişələrin region ölkələrinin iştirakı və əməkdaşlığı çərçivəsində sülh yolu ilə həllinin zəruriliyini bildirdi. Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinə toxunan Prezident Həsən Ruhani atəşkəsin qorunacağına ümid etdiyini söylədi, problemin həllinə kömək göstərməyə hazır olduqlarını bəyan etdi.

İranın nüvə proqramı ilə əlaqədar P5+1 dövlətləri ilə razılaşma əldə edilməsindən və sanksiyaların aradan qaldırılmasından sonra yaranmış fürsətdən ölkələrimiz arasında əlaqələrin inkişaf etdirilməsi üçün istifadə olunmasının zəruriliyini vurğulayan Prezident Həsən Ruhani gündəlikdəki layihələrin yekunlaşdırılmasının qarşılıqlı faydalı əlaqələrin səviyyəsinin artmasına və daha da möhkəmlənməsinə xidmət edəcəyini bildirdi.



Prezident İlham Əliyevin səmimi salamlarını və yüksək ehtiramını Prezident Həsən Ruhaniyə çatdıran səfir Bünyad Hüseynov Azərbaycan Hökuməti və xalqının İran Hökumətinə və xalqına ən xoş arzularını bildirdi. Səfir Azərbaycan Respublikası və İran İslam Respublikasının ikitərəfli münasibətlərinin ortaq tarix, mədəniyyət ilə yanaşı, xalqlarımız arasındakı qohumluq əlaqələrinə və ənənəvi dostluğa söykəndiyini vurğuladı.

Azərbaycan Respublikasının müstəqilliyinin ilk illərindən dost və qardaş İran İslam Respublikasının dəstəyinin şahidi olduğunu bildirən səfir Bünyad Hüseynov Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsi nəticəsində doğma yurd-yuvalarından köçkün düşən Azərbaycan vətəndaşlarına İranın humanitar yardımını xatırlatdı. O, münaqişə nəticəsində blokada şəraitində yaşayan Naxçıvan Muxtar Respublikasının problemlərinin həllində İranın bu gün də öz köməyini əsirgəmədiyini qeyd etdi.

Səfir Bünyad Hüseynov Azərbaycan-İran münasibətlərində qarşılıqlı etimadın yaradılmasında və inkişaf etdirilməsində ümummilli lider Heydər Əliyevin böyük xidmətləri olduğunu vurğuladı. Diplomat Azərbaycan Respublikasının regionun vacib ölkəsi olan İran İslam Respublikası ilə regional və beynəlxalq müstəvidə ikitərəfli və çoxtərəfli əlaqələrin daha da inkişaf etdirilməsi üçün yüksək siyasi iradə nümayiş etdirdiyini diqqətə çatdırdı. O, Azərbaycan ilə İranın Birləşmiş Millətlər Təşkilatı, Qoşulmama Hərəkatı, İslam Əməkdaşlıq Təşkilatı və İqtisadi Əməkdaşlıq Təşkilatı çərçivəsindəki qarşılıqlı faydalı əməkdaşlığının xalqlarımızın mənafelərinə xidmət etdiyini dedi.

Səfir Prezident Həsən Ruhaninin rəhbərlik etdiyi “tədbir və ümid hökuməti”nin P5+1 ölkələri ilə aparılan danışıqları uğurla başa çatdırması və sanksiyaların aradan qaldırılması münasibətilə Ali Rəhbər ayətullah-üzma Seyid Əli Xamenei həzrətlərini və İran xalqını təbrik etdi. Azərbaycan Respublikasının həmişə sözügedən sanksiyaların əleyhinə olduğunu və Prezident İlham Əliyevin dövlətimizin bununla bağlı rəsmi mövqeyini dəfələrlə bəyan etdiyini söylədi. Bünyad Hüseynov Azərbaycan Respublikasının İran İslam Respublikasındakı fövqəladə və səlahiyyətli səfiri qismində ölkələrimiz və xalqlarımız arasında dostluq və əməkdaşlığın daha da möhkəmləndirilməsi və inkişaf etdirilməsi üçün əzmlə çalışacağını vurğuladı.

AzVision.az


Teqlər:





Xəbər lenti