Sarkisyan general Movsesi çətin döyüşə göndərdi

Sarkisyan general Movsesi çətin döyüşə göndərdi
  21 May 2016    Oxunub:3596
Ermənistan prezidenti Serj Sarkisyan general-leytenant Movses Akopyanı silahlı qüvvələrin Baş qərargah rəisinin müavini vəzifəsindən azad edib, digər fərmanla onu müdafiə nazirinin müavini-maddi-texniki təchizat departamentinin rəhbəri təyin edib.
General Movses 2015-ci ilə qədər qondarma “dqr müdafiə naziri” olub. 2015-ci ildə Sərkisyan onu Ermənistanda Baş qərargah rəisinin müavini vəzifəsinə təyin edəndə çoxları belə hesab etmişdi ki, Movses Akopyan Baş qərargah rəisi Yuri Xaçaturovun yerini tutacaq. Çünki Yuri Xaçaturov xeyli yaşlanıb və üstəlik onun əmrləri Sərkisyandan daha çox Moskvadan aldığı haqda danışırlar.

Ancaq indi Sarkisyan general Movsesi daha çətin döyüşə göndərir-Ermənistan ordusunun təchizatında aprel döyüşləri zamanı ortaya çıxan bərbad vəziyyəti aradan qaldırmaq.

Xəbər verildiyi kimi aprelin 26-da Sarkisyan Müdafiə Nazirliyinin rəhbərliyində cəza tədbirləri həyata keçirib. Müdafiə nazirinin müavini, maddi-texniki təchizat departamentinin rəhbəri general-leytenant Alik Mirzəbekyan, Baş qərargahın kəşfiyyat idarəsinin rəisi, general Arşak Karapetyan, rabitə qoşunlarının komandanı, general Komitas Muradyan işdən qovulublar.

Mirzəbekyanın qovulmasına səbəb ordunun təchizatında aprel döyüşləri zamanı üzə çıxmış ciddi problemlər, Karapetyanın qovulmasına səbəb isə “Kommersant” qəzetinin yazdığı kimi Azərbaycan ordusunun TOS-1A “Solntsepyok” ağır odsaçan sistemini döyüş mövqeyinə çıxarıb ermənilərin Cəbrayıldakı qərargahına zərbə endirməsi, nəticədə çoxsaylı itkilər göstərilmişdi. Erməni kəşfiyyatının isə odsaçan sistemin döyüş mövqeyinə çıxarılmasından xəbəri olmamışdı. General Muradyan isə qoşun birlikləri arasınd etibarlı rabitə əlaqəsini təmin edə bilməyib.



Bu günlərdə isə Ermənistan Müdafiə Nazirliyinin avtomobil xidməti departamentinin rəisi həbs olundu və belə görünür ki, erməni ordusunun təchizatında meydana çıxan problemlər kifayət qədər ciddidir. Əks halda Sərkisyan Baş qərargaha rəhbərlik etmək, ola bilsin gələcəkdə müdafiə naziri postunda Seyran Ohanyanı əvəzləmək üçün İrəvana apardığı odioz generala ordunun maddi-texniki təchizatını həvalə etməzdi.

Yəqin ki, Akopyanın qarşısında Ermənistan ordusunun təchizatını 4 günlük müharibənin təcrübəsindən çıxış edərək yenidən qurmaq vəzifəsi qoyulub. Bu məsələdə Rusiyanın 200 milyon dollarlıq güzəştli kredit hesabına Ermənistana verməyə razılaşdığı silah-texnika Akopyanın köməyinə gələ bilər. Lakin Azərbaycan Müdafiə Nazirliyi üçün də 4 günlük müharibə düşmənin zəif nöqtələrini müəyyənləşdirmək və silah-texnika imkanlarını sınamaq baxımından təcrübə qazandırıb. Deməli Azərbaycan ordusunun müasir silahlarla və texnika ilə təchizatına dair yeni kompleks tədbirlərin həyata keçiriləcəyini gözləmək lazımdır.



Yeri gəlmişkən 4 günlük müharibədən sonra işdən qovulan general Mirzəbekyan ötən ilin iyulunda Rusiyanın “Voennoe obozreniya” nəşrinə müsahibəsində Azərbaycan ordusunun silahlanması haqda danışarkən deyirdi: “Görün Rusiya Azərbaycana hansı silahları verib: reaktiv yaylım atəşi sistemləri “Smerç”, ağır odsaçan sistemləri TOS-1A, T-90 S tankları, tank körpüdüzəni MTU-90-bütün bunlar hücum silahlarıdır. Onlar nəinki hücum silahlarıdır, eyni zamanda seçmə silahlardır. Əks-hücum və hücum əməliyyatları anlayışı var. Əsas operativ vəziyyət möhkəmləndirilmiş müdafiə xəttini yarmaqdır. Rusiyanın Azərbaycana verdiyi silahlar isə eynilə buna uyğundur. Yəni minatəmizləyən maşınlar, körpüdüzənlər, tanklar, TOS-lar. Bütün bunlar narahatlıq doğurur. Yəni məqsədyönlü şəkildə elə silahlar satılıb ki, hücum vəzifələrini yerinə yetirsin”.

Aprel döyüşləri isə göstərdi ki, Azərbaycan ordusu hətta həmin hücum silahlarının çox cüzi hissəsini tətbiq etməklə belə erməni ordusunun müdafiə xəttini iki istiqamətdən yara bildi. Bu hücum əməliyyatlarında “Smerç”lərdən, TOS-1A odsaçanlarından (Cəbrayıldakı hərbi qərargahın dəqiq atəşlə vurulması istisna olmaqla), kütləvi şəkildə T-90 tanklarından və digərlərindən istifadə olunmadı. Əgər Azərbaycan ordusu bütün arsenalını səfərbər etməklə irimiqyaslı hücum əməliyyatı həyata keçirsəydi yəqin ki, nəticələr general Mirzəbekyanın narahatlıqlarını tam doğruldardı...(Virtualaz.org)

AzVision.az


Teqlər:





Xəbər lenti