Respublika günü Afrikada qeyd olunub
Azərbaycan, Efiopiya və Afrika İttifaqının himnlərinin səslənməsi ilə başlanmış tədbirin açılışında çıxış edən Azərbaycan Respublikasının Efiopiya Federativ Demokratik Respublikasındakı səfiri və Afrika İttifaqı yanında daimi nümayəndəsi Elman Abdullayev 1918-ci il mayın 28-də yaradılmış Azərbaycan Xalq Cümhuriyyətinin müsəlman Şərqində ilk parlamentli demokratik respublika olduğunu qeyd edərək, onun Azərbaycan üçün xüsusi tarixi önəm daşıdığını bildirib. Azərbaycanın hər bir sahədə əldə etdiyi uğurlarından və dinamik inkişafından danışan səfir E.Abdullayev, bunun əsasında dahi şəxsiyyət Ulu Öndər Heydər Əliyevin misilsiz xidmətlərinin dayandığını xüsusi vurğulayıb. O, bu gün Prezident İlham Əliyevin rəhbərliyi altında Azərbaycanın böyük uğurlara imza atdığını və dünyanın diqqət mərkəzinə çevirildiyini qeyd edib.
Ermənistanın ölkəmizə qarşı təcavüzündən bəhs edən səfir E.Abdullayev, Azərbaycanın ərazi bütövlüyünün və ədalətli mövqeyinin dünya ictimaiyyəti və mötəbər beynəlxalq təşkilatlar tərəfindən birmənalı şəkildə dəstəkləndiyini qonaqların diqqətinə çatdırıb.
Tədbir zamanı qonaqlara Azərbaycanın zəngin mədəniyyəti və tarixini əks etdirən videoçarxlar nümayiş etdirilib və milli mətbəxin təamları təqdim olunub.
AzVision.az