`BVF, ÜTT və Dünya Bankı dövlətlərin iqtisadiyyatını dağıdır` - Ramiz Mehdiyev

`BVF, ÜTT və Dünya Bankı dövlətlərin iqtisadiyyatını dağıdır` - Ramiz Mehdiyev
  01 İyun 2016    Oxunub:6812
Azərbaycan Respublikası Prezidenti Administrasiyasının rəhbəri Ramiz Mehdiyevin 1news.az saytında “Güclü Azərbaycan dövləti qloballaşma şəraitində milli ideyaların əksi kimi” məqaləsi dərc olunub. Sayt anons edir ki, bu məqalə Administrasiya rəhbərinin yeni kitabının əsasını təşkil edəcək.

Məqalədə Ramiz Mehdiyev dünya maliyyə institutlarını kəskin tənqid edib. R.Mehdiyev yazır: “Anlamaq çətin deyil ki, neoliberal ideologiyalı qloballaşan dünya tədricən qeyri-müəyyənlik vəziyyətinə doğru yuvarlanır. 2008-ci ildə ABŞ-da və Qərbi Avropada başlamış maliyyə-iqtisadi böhranı, Qərbin inkişaf etmiş dövlətlərində işini itirmiş insanların səngiməyən kütləvi etirazları bədbin proqnozlar üçün əsas verir. Bu faktlar onu göstərir ki, neoliberal demokratiyanın zəfər yürüşü ciddi çətinliklər yaşayır, siyasi-demokratik yenidənqurma, sürətini zəiflədərək, zorakı xarakter alır (Liviya, Misir, İraq, Suriya). Nəticədə, Avropa miqrasiya və millətlərarası böhran, multikulturalizmdən imtina təhlükəsi altında qalıb. Dünya ictimaiyyətini gələcəkdə nə gözlədiyini heç kəs bilmir”.

Mehdiyevin sözlərinə görə, “dövlətlərin suverenliklərinin zəifləməsində” Beynəlxalq Valyuta Fondu, Dünya Bankı və Ümumdünya Ticarət Təşkilatı heç də az rol oynamır. ÜTT və digər beynəlxalq maliyyə qurumları hər vəchlə ölkələrin iqtisadiyyatları üzərində nəzarətlərini gücləndirirlər: “Onların yürütdükləri siyasət nəticəsində milli iqtisadiyyatlar dağılır, inkişaf etmiş dövlətlərin sırasına daxil olmayan ölkələrin əhalisinin sosial vəziyyəti ağırlaşır”.

Mehdiyev əmindir ki, qlobal maliyyə axınlarını tənzimləyən struktur olan BVF formal olaraq beynəlxalq təşkilat sayılır, əslində isə, daha çox inkişaf etmiş dünya ölkələrinin maraqlarını qoruyan alətə çevrilib. Milli dövlətlərin iqtisadiyyatını dağıdan Ümumdünya Ticarət Təşkilatı da oxşar rolu oynayır.

Nəticədə BVF, DB, ÜTT və digər beynəlxalq maliyyə təşkilatları bir tərəfdən dünya iqtisadiyyatına öz nəzarətlərini gücləndirirlər, digər tərəfdən isə milli iqtisadiyyatları dağıdır və bununla da ölkələrin əhalisinin sosial vəziyyətini pisləşdirir.

Tərcümə etdi: Eldar Tanrıverdiyev
AzVision.az


Teqlər:  





Xəbər lenti