`Vyana görüşü əhəmiyyətli prosesin başlanğıcıdır` - Rəsmi İrəvan

`Vyana görüşü əhəmiyyətli prosesin başlanğıcıdır` - Rəsmi İrəvan
  02 İyun 2016    Oxunub:1748
Ermənistan və Azərbaycan prezidentlərinin Vyana görüşü çox əhəmiyyətli prosesin əsasını qoyub.

AzVision.az erməni KİV-nə istinadən xəbər verir kİ, bunu jurnalistlərə açıqlamasında Ermənistanın xarici işlər nazirinin müavini Şavarş Koçaryan bildirib.

“Davamlı atəşkəs rejimi əldə olunmayana, qarşılıqlı inamın möhkəmləndirilməsinə dair tədbirlər görülməyənə qədər danışıqlarda inkişafın olacağı çətin və demək olar ki, mümkün deyil. Ona görə də mən prezidentlərin növbəti görüşünü bu kontekstdə nəzərdən keçirmək istəyərdim. Artıq ATƏT-in fəaliyyətdə olan sədrinin şəxsi nümayəndəsi Anjey Kasprşikdən onun komanda və imkanlarının genişləndirilməsinə dair müəyyən təkliflər tərəflərə təqdim olunub”, - deyə XİN rəsmisi bildirib.

Koçaryanın sözlərinə görə, bu təkliflər vacibdir, lakin kifayət deyil: “Danışıqların davam etdirilməsi üçün digər vasitələr də var”.

Xatırladaq ki, mayın 16-da Avstriyanın paytaxtı Vyanada Azərbaycan Prezidenti İlham Əliyevlə Ermənistan Prezidenti Serj Sarkisyan arasında görüş keçirilib. Görüşdə ABŞ-ın dövlət katibi Con Kerri, Rusiyanın xarici işlər naziri Sergey Lavrov, Fransanın Avropa məsələləri üzrə dövlət katibi Harlem Dezir, ATƏT-in Minsk qrupunun həmsədrləri və ATƏT-in hazırkı sədrinin xüsusi nümayəndəsi Anji Kaspşik iştirak ediblər.

Eldar Tanrıverdiyev
AzVision.az


Teqlər:  





Xəbər lenti