`Rza Zərrab sərvətini gizlədir` - Məşhur prokurordan ittiham

`Rza Zərrab sərvətini gizlədir` - Məşhur prokurordan ittiham
  03 İyun 2016    Oxunub:4692
Bu gün ABŞ-da həbs edilən azərbaycan əsilli biznesmen və Türkiyə vətəndaşı Rza Zərrabın 50 milyon dollar müqabilində zaminə buraxılma tələbini məhkəmə Nyu-Yorkda dəyərləndirəcək.
AzVision.az BBC-yə istinadən xəbər verir ki, zaminə buraxılma tələbinə qarşı çıxan Nyu-York Cənub Dairəsi federal prokuroru Prit Bharara iş adamının vəkillərinin məhkəməyə təqdim etdiyi sənədlərə etiraz edib.

Prokuror Bharara Zərrabın məhkəməni aldatmağa çalışmağa davam etdiyini bildirib. O, Zərrabın vəkillərinin “hüquqi baxımdan qüsurlu” və “yanlış” məlumatlar verdiyini deyib.

Zərrabın böyük sərvətini gizlətməyə çalışdığını deyən Bharara, biznesmenin ilkin istintaqda ingiliscə bilmədiyi və tərcüməçi verilmədiyi üçün səhv bəyanat verməsinə dair iddiasının həqiqətə uyğun olmadığını bildirib.



Bharara sorğu zamanı tərcüməçinin orada olduğunu və bunun məhkəməyə verilən videoda təsvir olunduğunu deyib. Bharara bildirib ki, Zərrab zaminə buraxılarsa, böyük sərvəti və yüksək rütbəli şəxslərlə münasibətləri olduğu üçün ölkədən qaçma riski genişdir.

Xatırladaq ki, Azərbaycan əsilli iş adamı Rza Zərrab ABŞ-ın Mayami şəhərində həbs olunub. 33 yaşlı milyarder İrana tətbiq olunan sanksiyaları pozaraq ABŞ-ı aldatmaq, bank saxtakarlığı və çirkli pulların yuyulmasında ittiham olunur.

Martın 19-da tutulan R.Zərrab barəsində Mayami məhkəməsi tərəfindən həbs qərarı çıxarılıb. Onunla birlikdə Kamelya Cəmşidi və Hüseyn Nəcəfzadə adlı iki İran vətəndaşı da həbs olunub. Bu ittihamlara görə R.Zərraba 75 il həbs cəzası istənilir.

AzVision.az


Teqlər:  





Xəbər lenti