`Azərbaycan İŞİD-lə mübarizədə öz iradəsini göstərib` - ABŞ

`Azərbaycan İŞİD-lə mübarizədə öz iradəsini göstərib` - ABŞ
  03 İyun 2016    Oxunub:1770
Amerika Birləşmiş Ştatlarının Kodeksinin əsasnaməsinə uyğun olaraq, ABŞ Dövlət Departamenti «2015-ci ildə terrorizmlə mübarizə» haqqında hesabat dərc edib.
Əsasnamədə Dövlət Departamentindən dünyanın müxtəlif ölkələrində terrorizmlə mübarizə üzrə Konqresə hər il hesabat təqdim etmək tələb olunur. Azərbaycana aid olan fəsildə göstərilir ki, Azərbaycanla ABŞ arasında terrorizmlə mübarizə sahəsində sıx əməkdaşlıq əlaqələri qurulub. Azərbaycan Qafqaz ərazisindən maliyyə və materialların keçirilməsinə can atan terrorçu təşkilatların fəaliyyətinin qarşısının alınmasında fəal iştirak edir.

Sənəddə deyilir ki, Azərbaycan səylərini terrorizmlə mübarizə üzərində cəmləşdirib və terrorizmlə bağlı maddələr üzrə ittiham edilən şəxsləri məsuliyyətə cəlb edib; xeyli miqdarda qeyri-leqal silah və sursat müsadirə edilib, həmçinin xarici ölkələrdə terrorçu kimi vuruşan və sonradan Azərbaycana qayıdan şəxslər həbs edilib.

Hesabatda vurğulanır ki, Azərbaycan informasiya mübadiləsi və səylərini İraqda və Suriyada vuruşmuş şəxslərin axının qarşısını almağa, həmin ərazilərdə qeyri-qanuni maliyyələşdirmənin aradan qaldırımlısına yönəltmək vasitəsilə İŞİD-lə mübarizədə öz iradəsini göstərmişdir. Qafqaz Müsəlmanları Idarəsi və Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin rəhbərləri İŞİD-in ideologiyasını pisləyən bəyanatlarla çıxış etmişlər.

Dövlət Departamenti qeyd edir ki, Azərbaycan 2015-ci ilin sentyabrında Ağ Evin təşəbbüsü ilə BMT Baş Məclisi çərçivəsində təşkil olunan silahlı ekstremizmlə mübarizə üzrə Sammitdə iştirak edib. Qeyd olunur ki, terrorizmlə mübarizədə əsas məsuliyyətli struktur Daxili İşlər Nazirliyi və Respublika Prokurorluğu ilə birgə işləmiş Milli Təhlükəsizlik Nazirliyi (MTN) olmuşdur. 2015-ci ildə Milli təhlükəsizlik Nazirliyində böyük islahatlar həyata keçirilib və dekabrın ortalarında Azərbaycan Prezidenti MTN-in əsasında iki qurumun – Dövlət Təhlükəsizliyi Xidmətinin və Xarici Kəşfiyyat Xidmətinin yaradılması barədə Fərman imzalayıb

Sənəddə göstərilir ki, Azərbaycan hökuməti terrorçuların fəaliyyətini üzə çıxarmaqda və qarşısını almaqda, həmçinin xarici ölkələrdə terrorçu kimi vuruşan və Azərbaycana qayıdan şəxsləri məsuliyyətə cəlb etməkdə səmərəli bacarıq nümayiş etdirib. Səlahiyyətli orqanlar ölkəyə gəlmə məntəqələrində səyahətçiləri yoxlamaq üçün terrorçu və cinayətkarların nəzarət siyahılarında, həmçinin bioqrafik və biometrik məlumatlardan istifadə edirlər.

Terrorizmin maliyyələşdirilməsi barədə fəsildə qeyd olunur ki, Azərbaycan Avropa Şurasının pulların yuyulması və terrorizmin maliyyələşdirilməsi ilə mübarizə tədbirlərinin qiymətlədirilməsi üzrə ekspert Komitəsinin (MONEYVAL), pulların yuyulması ilə mübarizədə maliyyə tədbirlərinin hazırlanması üzrə regional Qrupunun üzvüdür. Azərbaycan 2009-cu ildə çirkli pulların yuyulması və terrorizmin maliyyələşdirilməsi ilə mübarizəyə toxunan qanunun qəbul ediləndən sonra bu sahədə professional səviyyəsini yüksəltmişdir.

Sənəddə həmçinin Azərbaycanın regional və beynəlxalq əməkdaşlığına yer ayrılmışdır. Dövlət Departamenti qeyd edir ki, Azərbaycan ATƏT-in, İslam Əməkdaşlıq Təşkilatının və digər regional qurumların üzvü olmaqla bərabər, terrorizmlə mübarizə məsələlərində NATO ilə əməkdaşlığı davam etdirir.

AzVision.az


Teqlər:





Xəbər lenti