Poroşenko azərbaycanlı jurnalistləri müdafiə etdi

Poroşenko azərbaycanlı jurnalistləri müdafiə etdi
  04 İyun 2016    Oxunub:2403
Ukrayna Prezidenti Pyotr Poroşenko guya Rusiya və qondarma “Donetsk Xalq Respublikası” və “Luqansk Xalq Respublikası” ilə əməkdaşlıq edən 4 min jurnalistin adlarının olduğu siyahının “Mirotvorets” saytında dərc edilməsini böyük səhv hesab edir.
Azərtac “Ukrinform” agentliyinə istinadla xəbər verir ki, bunu Pyotr Poroşenko bu gün Kiyevdə keçirdiyi mətbuat konfransında bildirib.

Ukrayna Prezidenti deyib: “Mən “Mirotvorets” saytında 4 mindən çox jurnalistin adının dərcini qınayıram. Mənə verilən məlumata görə, bu jurnalistlərdən bəziləri Ukrayna barədə mənfi şərh və ya məqalə hazırlayıb... Mən Prezident kimi bu jurnalistlərin Ukraynada təhlükəsizliyinə zəmanət verirəm. Ukraynaya leqal yollarla gələn və demarkasiya xəttini keçərək işğal olunmuş ərazilərə gedən jurnalistlərin bu ərazilərdə olması mexanizminin təkmilləşdirilməsi lazımdır... Bizim müstəqil saytda məlumat dərc edilməsinə cavab vermək, bu məlumatın saytdan çıxarılmasına nail olmaq vasitələrimiz çox məhduddur. Bir daha deyirəm ki, həmin siyahının dərcini böyük səhv hesab edirəm. Bu, həm də Ukrayna hökumətinin mövqeyidir”.

AzVision.az xatırladır ki, Ukraynanın “Mirotvorec” saytı ölkəyə girişi qadağan edilmiş 239 jurnalistin adını açıqlayıb.

Siyahıda Azərbaycan KİV-də çalışan 11 jurnalistin də adı yer alıb. Sayt iddia edir ki, azərbaycanlı jurnalistlər “Luqansk Xalq Respublikası”na getdikləri üçün “qara siyahı”ya düşüb.

Azərbaycanlı jurnalistlərin sözlərinə görə, saytda dərc olunan siyahı Rusiya Xarici İşlər Nazirliyinin rəsmi saytından götürülüb və yayılan məlumat həqiqəti əks etdirmir. Bununla bağlı Azərbaycanın Mətbuat Şurası Ukraynanın dövlət qurumlarına müraciət ünvanlayıb.

AzVision.az


Teqlər:  





Xəbər lenti