Fironlar, əfsanələr, qədim sivilizasiyanın beşiyi - Misir (Birinci yazı)

Fironlar, əfsanələr, qədim sivilizasiyanın beşiyi - Misir  (Birinci yazı)
  06 İyun 2016    Oxunub:19432
Afrika və Asiyanın qovşağında yerləşən, zəngin və qədim mədəniyyətə malik, hələ də tarixin sirlərini özündə saxlayan və insanı təəccübləndirən, möcüzəli Ehramların, abidələrin vətəni, dünya sivilizasiyasının beşiyi – Misir bəşəriyyətin ən qədim mədəniyyətinə sahib, ən böyük və sirlərlə dolu ölkələrindən biridir. Misir 5 min ildən çox tarixə malik olub özündə qədim mədəniyyəti və müasirliyi birləşdirir.
“Bütün şəhərlərin anası Qahirə”...

Misirin paytaxtı, Afrikanın ən böyük şəhəri, dünyanın tarixi şəhərlərindən biri olan Qahirədə 20 milyondan çox insan yaşayır. “Bütün şəhərlərin anası” adlanan Qahirə əzəmətli piramidalar və fironların həyatına şahidlik edən tarixi abidələrlə yanaşı, həm də “Ölülər şəhəri” kimi unikal məkanların ev sahibidir. Qahirə şəhəri zəngin Misir, Roma və orta əsr ərəb memarlığı, mədəniyyət nümunələri və təbiət mənzərələri ilə çox zəngin bir şəhərdir.

Sirli ehramlar....



Ehramlar dünyadakı yeddi möcüzədən birincisi hesab olunur. 5000 ildən yuxarı tarixi olan ehramlarla bağlı müxtəlif dövrlərdə elm adamları, alimlər tərəfindən araşdırmalar aparılmışdır. Həm bilinən, həm də bilinməyən cəhətləri ilə bu ehramlar Misir tarixini özündə ehtiva edir. Min illər kecsə də Misir ehramları öz əzəmətini və möhtəşəmliyini qoruyub saxlayır. Bir baxan, bir də baxmaq istəyir. Giza ehramları Misirin ən böyük ehramları hesab olunur. Bu ehramlarla yanaşı Misirdə irili-xırdalı yüzlərlə ehramlar mövcuddur. Giza ehramlarını digərlərindən fərlqləndirən cəhət, bu ehramlarda heç bir yazıya rast gəlinməməsidir və onların necə tikilməsi hələ də elmə məlum deyil. Bəzi tədqiqatçılar müxtəlif texnoloji üsullardan istifadə etsələr də məqsədlərinə nail ola bilməyiblər.

Misir muzeyi....



Paytaxt Qahirədə yerləşən və 1902-ci ildə açılmış Misir muzeyi Qədim Misirin kolleksiyasını özündə saxlayan bir məkandır. Muzeydə qədim sivilizasiyanın şahidi olmuş 120 mindən çox eskponant saxlanılır. Tarixin dərinliklərindən dövrümüzə gəlib çatmış bu əsərləri görmək üçün hər il on minlərlə turist muzeyə ziyarətə gəlir.

Tarixi Xan Əl Xəlili bazarı.....



Misirin mərkəzində yerləşən və ən böyük tarixi bazar olan Xan Əl Xəlili bazarı 1382-ci ildə Məmlüki sultanı Bərkükün əmiri Carkas Əl Xəlili tərəfindən inşa etdirilib. Uzun illər Misirin əsas ticarət mərkəzi olmuşdur. Bazarda mağazalarla bərabər restoranlar da fəaliyyət göstərir. Misirli yazıçı, ərəb dünyasına ədəbiyyat sahəsində ilk və yeganə Nobel mükafatı qazandıran Nəcib Məhfuzun "Midak küçəsi" romanındakı Midak küçəsi də burada yerləşir. Bazar turistlər tərəfindən ən çox ziyarət olunan bazardır, çünki burada Misirin tarixinə aid istənilən əşyanı tapmaq olar.

Kəmalə İsgəndərova
Misir Ərəb Respublikasının Azərbaycandakı Səfirliyinin
Mədəniyyət və Təhsil Əlaqələri Mərkəzinin əməkdaşı
AzVision.az


Teqlər:  





Xəbər lenti