Azərbaycanlıya BP-də yüksək vəzifə verildi - FOTO

Azərbaycanlıya BP-də yüksək vəzifə verildi - FOTO
  08 İyun 2016    Oxunub:4791
Səngəçal Terminalının meneceri olan Zaur Paşayev 1 sentyabr 2016-cı il tarixindən BP-nin Azərbaycan, Gürcüstan və Türkiyə regionunda qurudakı (midstrim) əməliyyatlar üzrə vitse-prezidenti təyin olunub.
Bu barədə AzVision.az-a BP-nin mətbuat xidmətindən məlumat verilib.

Bildirilib ki, yeni vəzifədə Zaur Paşayev BP-nin Qlobal Əməliyyatlar Təşkilatının (apstrim üzrə), həmçinin BP-nin Azərbaycan, Gürcüstan və Türkiyə regionu üzrə rəhbər qrupunun üzvü olmaqla region üzrə qurudakı (midstrim) əməliyyatların təhlükəsiz, etibarlı və səmərəli icrasına cavabdeh olacaq.

Zaur paşayev BP-nin digər bir regiondakı biznesində texniki təhlükəsizlik və əməliyyat riski üzrə vitse prezident təyin olunmuş Kreq Uiqqzi əvəz edəcək ki, bu da BP-nin kadrların milliləşdirilməsi planına uyğundur.

Məlumatda qeyd edilib ki, BP-də çalışdığı 18 il ərzində Zaur dənizdə və qurudakı əməliyyatlar sahəsində dərin təcrübə qazanıb. Səngəçal terminalının meneceri vəzifəsindən əvvəl o, dənizdə Şahdəniz və Çıraq platformalarının meneceri, ondan əvvəl isə ixrac boru kəmərləri üzrə müxtəlif rəhbər vəzifələrdə işləyib.

Zaur Azərbaycan Neft Akademiyasını fərqlənmə diplomu ilə bitirib və onun mexanika mühəndisliyi sahəsində bakalavr dərəcəsi var. 2011-ci ildə Zaur ABŞ-ın Boston şəhərində yerləşən Massaçusets Texnologiya İnsitutunda BP-nin Əməliyyatlar Akademiyasını bitirib.

2001-ci ildə Zaur Azərbaycanda neft və qaz sənayesinin inkişafına töhfəsinə görə Azərbaycan Respublikasının Prezidenti Heydər Əliyev tərəfindən “Tərəqqi” medalına layiq görülmüşdür.



Evlidir, üç övladı var.

Aytən Zəhra
AzVision.az


Teqlər:  





Xəbər lenti