Ağ Ev: Qarabağ Azərbaycana qaytarılmalıdır

Ağ Ev: Qarabağ Azərbaycana qaytarılmalıdır
  11 İyun 2016    Oxunub:4595
Ağ Ev Administrasiyası Azərbaycan ərazisinin 20%-ni işğal edən Ermənistan qoşunlarının geri çəkilməsini tələb edən və nəzarətsiz qalan Sərsəng su anbarına görə humanitar fəlakətlə üzləşə biləcək yüz minlərlə vətəndaşın vəziyyətini vurğulayan petisiyaya rəsmi cavab verib.

AzVision.az-ın Ağ Evə istinadən verdiyi məlumata görə, məlumatda Dağlıq Qarabağ münaqişəsinin sülh yolu ilə və davamlı həllinə dəstək ifadə olunub.

Cavabda bildirilir ki, Ağ ev Sərsəng su anbarı ilə bağlı AŞPA-da qəbul edilən 2085 saylı qətnamə ilə tanışdır, lakin AŞPA üzvü olmamasına baxmayaraq, Dağlıq Qarabağ münaqişəsinin sülh yolu ilə həllində maraqlı olan istənilən tərəflə fikir mübadiləsi aparmaq imkanlarını yüksək qiymətləndirir:

“Biz tərəfləri təmkinli olmağa, Dağlıq Qarabağ və ətraf rayonların Azərbaycanın nəzarətinə qaytarılmasını və Dağlıq Qarabağın statusunun müəyyənləşdirilməsini özündə əks etdirən hərtərəfli sülh sazişi üzərində dərhal danışıqlara başlamağa çağırırıq. Tərəflərlə davam edən dialoqun bir parçası olaraq biz humanitar məsələlərlə bağlı müzakirələrin aparılmasına çalışırıq və çalışacağıq. Sərsəng su anbarının idarə olunması və istismarı bunlardan biridir. Biz tərəflərdən olan texniki ekspertlərin idarə olunma və bənd yoxlanmasını müzakirə etməklə bağlı görüşünü alqışlayırıq. Həmsədrlər də belə görüşlərə təkan verməyə hazırdır. Uzun müddətdir davam edən bu münaqişənin həlli Azərbaycan və Ermənistan prezidentlərinin siyasi iradəsindən asılıdır. ATƏT-in Minsk qrupu ölkəsi kimi biz regionda sülh və rifahın təmin olunmasında səylərimiz davam etdirəcəyik”.

Qeyd edək ki, Azərbaycanda Vətəndaş Cəmiyyətinin İnkişafına Yardım Assosiasiyası (AVCİYA) tərəfindən aprelin 6-da Ağ Evin saytında yerləşdirilən “Ədalətin bərqərar olunması və böyük fəlakətin qarşısının alınması naminə” adlı petisiya layihəsinə 327 mindən çoxn insan səs verib.

Eldar Tanrıverdiyev
AzVision.az


Teqlər:  





Xəbər lenti