Geylərin öldürülməsi Trampın xeyrinədir?

Geylərin öldürülməsi Trampın xeyrinədir?
  13 İyun 2016    Oxunub:2903
Siyasi ekspertlər hesab edirlər ki, ABŞ-ın Florida ştatının Orlando şəhərində yerləşən “Pulse” gecə klubunda törədilən və 50 nəfərin ölümü, 53 nəfər yaralanması ilə nəticələnən terror aktı bu ölkədə keçiriləcək prezident serçkilərinə təsir edəcək.
Analitiklərin fikrincə, terror aktını İŞİD-in öz üzərinə götürməsi müsəlmanlara qarşı qalmaqallı çıxışları ilə məşhurlaşan prezidentliyə namizəd Donald Trampın reytinqini daha da yüksəldəcək.

“Atlas” Araşdırmalar Mərkəzinin rəhbəri, politoloq Elxan Şahinoğlu əfqan mənşəli amerikalının 50 nəfəri öldürməsi İslama və müsəlman miqrantlara qarşı olan prezidentliyə namizəd Donald Trampın reytinqini yüksəldəcəyi fikri ilə tam razı olmadığını deyib.

Siyasi şərhçi AzVision.az-a açıqlamasında bildirib ki, Trampım rəqibi Hillari Klintonun da hadisə ilə bağlı çıxışı maraqla gözlənilir.

“Trampı silah istehsalçıları dəstəkləyir. Onlar həmin əfqana rahat şəkildə silah satmağa şərait yaratmasaydılar, Amerikada bu və digər qətliamlar baş verməzdi. Demokrat prezident Barak Obama dəfələrlə bildirb ki, hər bir şəxsin silah almaq hüququ olmamalıdır. Obama, o cümlədən keçmiş və gələcək prezidentlər bu istiqamətdə heç nə edə bilmirlər. Çünki silah istehsalçılarının Konqresdə güclü lobbisi var. Söhbət yüz milyardlarla dollar gəlirdən gedir.

Digər tərəfdən silaha malik olmaq Amerikada tarixi ənənələrə malikdir. Buna özünü qorumaq hüququnu da əlavə edirlər. Ancaq mən bir dəfə eşitmədim ki, kimsə silahıyla silahlı manyaka qarşı müqavimət göstərib onu neytrallaşdırsın, Amerikada qatili adətən qətliamdan sonra polis öldürür. Başqa sual odur ki, psixi problemləri olduğu deyilən əfqan dükandan müxtəlif silahları necə alıb? Odur ki, Hillari Klintonun da bu qətliamla bağlı Trampa deyəcəyi sözü – ittihamı var”.

Qeyd edək ki, hadisədən dərhal sonra Tramp çıxış edərək müsəlmanların Amerikaya buraxılmamasını vurğulayıb. Tramp hesab edir ki, bu kimi hadisələr bundan sonrada təkrarlanacaq. Bu baxımdan müsəlmanların ABŞ-a gəlişinin qarşısı almaq labüd hesab olunur.

Elvin Abdulqədirov
AzVision.az


Teqlər:  





Xəbər lenti