Gürcüstandakı azərbaycanlı müəllimlər birləşir

Gürcüstandakı azərbaycanlı müəllimlər birləşir
  17 İyun 2016    Oxunub:1421
Dünya Azərbaycanlılarının IV Qurultayından sonra Gürcüstanda yaşayan azərbaycanlılar daha bir təşkilat yaradıblar. Gürcüstanda Azərbaycanlı Müəllimlər İttifaqı adlanan yeni təşkilat bu ölkədəki azərbaycanlı müəllimləri, elm və təhsil işçilərini ətrafında birləşdirəcək.
İyunun 16-da Tbilisidəki M.F.Axundzadə adına Azərbaycan Mədəniyyəti Muzeyində yeni təşkilatın təqdimatı olub.

Muzeyin direktoru Leyla Əliyeva tədbiri açdıqdan sonra təşkilatın sədri, Qardabani rayon Kəpənəkçi kənd məktəbinin müəlliməsi Səadət Quliyeva yeni yaratdığı qurum barədə məlumat verib. Bildirib ki, Azərbaycan Prezidenti İlham Əliyevin Dünya Azərbaycanlılarının IV Qurultayındakı tarixi nitqindən sonra Gürcüstandakı ziyalılarımız bu ölkədəki soydaşlarımızın daha da təşkilatlanması, birliyinin möhkəmlənməsi üçün yeni bir qurumun - Gürcüstanda Azərbaycanlı Müəllimlər İttifaqının yaranması barədə qərar qəbul ediblər. Bu ittifaq, həmçinin Gürcüstandakı müəllim çatışmazlığı, kadr problemi, gənclərin və yeniyetmələrin cəmiyyətə inteqrasiyası, gürcü və azərbaycanlı məktəblər arasında əlaqələrin möhkəmlənməsi sahəsində də mühüm işlər görəcək.

Sonra professor Kamal Hacıxəlilov, Azərbaycanlıların Mədəniyyət Mərkəzinin sədri Fazil Həsənov, Gürcüstan parlamentinin deputatları Azər Süleymanov, Əli Məmmədov, Gürcüstanın barış və vətəndaş bərabərliyi məsələləri üzrə dövlət nazirinin müşaviri Zaur Darğallı, yazıçı-publisist, Azərbaycan Yazıçılar Birliyinin fəxri üzvü Əli Abbas və başqaları çıxış edərək təşkilatın yaranma zərurətindən danışıblar. Bildirilib ki, bu gün Gürcüstandakı azərbaycanlı müəllimlərin 80 faizini yaşlı insanlar təşkil edirlər. Qalan 20 faizi isə gənclərdir və onlar da tədricən pedaqoji fəaliyyətdən uzaqlaşırlar. Bu gün Gürcüstanda azərbaycanlı kadr çatışmazlığı, gənc müəllimlərin məktəblərdən uzaqlaşması, yeni nəslin bu sahəyə marağının azalması yeni bir təşkilatın yaranması zərurətini yaradıb. Bildirilib ki, bu təşkilat sadalanan problemlərin həllində mühüm rol oynayacaq.

Çıxışlarda bir fikir xüsusi vurğulanıb ki, yeni yaranmış təşkilat Gürcüstanda yaşayan soydaşlarımızın azərbaycançılıq ideyası ətrafında daha sıx birləşməsində mühüm rol oynayacaq.

Gürcüstanda Azərbaycanlı Müəllimlər İttifaqının sədri Səadət Quliyeva jurnalistlərə müsahibəsində deyib: “Gürcüstanda yaşayan müəllimlərimizin vahid amal ətrafında birləşməsinə nail olmaq üçün yaratdığımız İttifaq gürcü-azərbaycanlı dostluğunun inkişafına, kadr problemlərimizin, azərbaycanlı şagirdlərin dərslik və digər problemlərinin həllində də mühüm rol oynayacaq. Biz Azərbaycan Prezidenti İlham Əliyevin qurultaydakı çıxışını diqqətlə izlədik. Bu, bizim üçün birliyə bir çağırış idi. Biz də bu çağırışa qoşuluruq və tarixi Vətənimiz Azərbaycan ətrafında daha sıx birləşəcəyik”.

Gürcüstanın barış və vətəndaş bərabərliyi məsələləri üzrə dövlət nazirinin müşaviri Zaur Darğallı isə bildirib ki, bu gün yeni bir ittifaqın - azərbaycanlı müəllimlər birliyinin yaradılması olduqca vacibdir. Gürcüstan hökuməti dostluğa, cəmiyyətin inkişafına, azərbaycanlıların inteqrasiyasına xidmət edən bu cür təşkilatların yaranması dəstəkləyir. (Azərtac)

AzVision.az


Teqlər:





Xəbər lenti