`Qarabağ işğaldan azad edilməlidir` - Əliyev Putinlə görüşdü (Yenilənib)

`Qarabağ işğaldan azad edilməlidir` - Əliyev Putinlə görüşdü (Yenilənib)
  20 İyun 2016    Oxunub:57757
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev iyunun 20-də Rusiya Federasiyasına işgüzar səfəri çərçivəsində Sankt-Peterburq şəhərində Prezident Vladimir Putin ilə görüşüb.

AzVision.az xəbər verir ki, görüş zamanı Dağlıq Qarabağ münaqişəsi və iki arasında mövcud iqtisadi münasibətlər müzakirə olunub.

Görüş zamanı İlham Əliyev bildirib ki, Rusiya və ATƏT-in Minsk qrupunun başqa həmsədrləri status-kvonun qəbul edilməz olduğunu qeyd edir:

“Biz onları tamamilə dəstəkləyirik. Münaqişə uzanıb. Status-kvonu dəyişmək üçün Azərbaycanın 20 ildən çoxdur işğal altında olan torpaqları erməni ordusundan azad edilməlidir. Son iki il ərzində danışıqlar aparılmayıb. Danışıqlara konstruktiv dinamika veriləcəyinə ümid edirik”.

İlham Əliyev Dağlıq Qarabağ münaqişəsinin həllində Rusiyanın konstruktiv rol oynadığını vurğulayıb. Ölkə başçısı Azərbaycan və Ermənistan prezidentlərinin üçtərəfli görüşünün təşkilinə görə Vladimir Putinə minnətdarlığını bildirib.

Putin isə görüşdə son zamanlar müşahidə olunan ikitərəfli əmtəə dövriyyəsinin azalması məsələsinə də toxunub: “Bizim müzakirə üçün toplaşdığımız problem məlumdur - bu, bizə əvvəlki dövrdən qalan Dağlıq Qarabağ problemidir. Lakin mən bu görüşdən istifadə edərək, ikitərəfli münasibətlərimizdən də danışmaq istərdim. İlk növbədə başa çatan Peterburq Beynəlxalq İqtisadi Forumu fonunda qeyd etmək istəyirəm ki, məlum səbəblərdən, təəssüf ki, biz əmtəə dövriyyəsinin azalmasını müşahidə edirik”.

V.Putin, həmçinin Azərbaycanda rus dilinin öyrənilməsinə diqqətlə yanaşılmasını çox yüksək dəyərləndirdiklərini söyləyib: “Ümid edirəm ki, gələcək işimiz bütün istiqamətlərdə davam etdiriləcək” .

Prezident İlham Əliyev isə Rusiya-Azərbaycan arasında əmtəə dövriyyəsinin azalmasının müvəqqəti xarakter daşıdığı bildirib: “Biz onun bərpa olunması və artırılması yollarını axtarırıq. Düşünürəm ki, bu, baş verəcək. Bundan başqa, bizim enerji sahəsində aktiv qarşılıqlı münasibətlərimiz, nəqliyyat əməkdaşlığı sahəsində yaxşı perspektivlərimiz mövcuddur.

Eyni zamanda bizə xoşdur ki, Azərbaycanda sizin iştirakınızla qismən Rusiya bankı tərəfindən maliyyələşdiriləcək iri enerji obyektinin yaradılması haqqında sənəd imzalanıb", - Azərbaycan prezidenti qeyd edib.

Dövlə başçısı Vladimir Putini Azərbaycanda görəcəyinə ümidvar olduğunu bildirib.

***

Rusiyanın Sankt-Peterburq şəhərində Rusiya, Azərbaycan və Ermənistan prezidentlərinin görüşü başlayıb.

AzVision.az xəbər verir ki, üçtərəfli görüşdən öncə Ermənistan prezidenti Serj Sarkisyan Rusiyanın dövlət başçısı Vladimir Putinlə görüşüb. Sarkisyan münaqişənin həllində göstərdiyi dəstəyə görə, Putinə təşəkkür edib:

“Bizim Qarabağla bağlı mövqeyimiz bəllidir. İstərdik ki, münaqişə sülh yolu ilə həll edilsin. Mən Minsk Qrupunun həmsədri ölkəsi kimi sizə bu məsələyə ayırdığınız diqqətə və səylərə görə təşəkkür etmək istəyirəm”.

Öz növbəsində isə Putin münaqişə ilə bağlı bütün məsələlərin müzakirə olunacağını söz verib.

Bir qədər sonra isə Vladimir Putin Azərbaycan prezidenti İlham Əliyevlə görüşəcək.

İlkin Nəcəfzadə
AzVision.az

Qalereya




Teqlər:  





Xəbər lenti