ATƏT Qarabağla bağlı qətnamə qəbul etdi

ATƏT Qarabağla bağlı qətnamə qəbul etdi
  04 İyul 2016    Oxunub:2457
ATƏT Parlament Assambleyasının 25-ci sessiyası çərçivəsində bu qurumun siyasi məsələlər və təhlükəsizlik komitəsinin son iclası keçirilib.
İclasda ATƏT regionunda təhlükəsizlik, insan hüquq və azadlıqları, miqrantların, qaçqın və məcburi köçkünlərin problemləri barədə məsələlər müzakirə edilib, komitənin yekun qətnaməsinin layihəsi qəbul olunub.

Qətnamə layihəsində Azərbaycan tərəfinin təklifləri əsasında Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin sülh yolu ilə həlli, qaçqın və məcburi köçkünlərin, miqrantların, qadınların, uşaqların problemləri ilə bağlı müddəalar da əksini tapıb.

Sənəddə, həmçinin işğal altındakı ərazilərin azad olunması, terrorizmə, insan alverinə, zorakılıq və diskriminasiya hallarına qarşı mübarizə sahəsində birgə əməkdaşlığın gücləndirilməsinə dair məsələlər də var.

İclasda ATƏT PA-nın Büro üzvü, komitənin sədr müavini Azay Quliyev vida çıxışı edib. O, komitədə səlahiyyət müddəti ərzində göstərdikləri dəstəyə və anlayışa görə deputat həmkarlarına minnətdarlıq edib. Komitədə göstərilən inamı və etibarı yüksək qiymətləndirən A.Quliyev bildirib ki, bu, ona ATƏT-in ümumi maraqlarının bələdçilik etdiyi güclü örnək olub.

Milli Məclisin deputatı ATƏT və onun Parlament Assambleyasını bundan sonra da eyni qətiyyətlə dəstəkləməkdə davam etməyə hazır olduğunu, əməkdaşlıq və dialoqa sadiq tərəfdar olaraq qalacağını vurğulayıb.

Xatırladaq ki, Azay Quliyev ATƏT-in siyasi məsələlər və təhlükəsizlik komitəsinin sədr müavini vəzifəsinə ilk dəfə 2013-cü ildə İstanbul sammitində seçilib. O, 2014-cü və 2015-ci illərdə də bu vəzifəyə təkrar seçilib.

AzVision.az


Teqlər:  





Xəbər lenti