240 ilin Amerikası: Kimlər gəldi, kimlər getdi…

240 ilin Amerikası: Kimlər gəldi, kimlər getdi…
  04 İyul 2016    Oxunub:7520
Bu gün Amerika Birləşmiş Ştatlarının Müstəqillik günüdür. Yeni dövlətin yaradıldığını elan edən sənədin imzalanmasından 240 il ötür. Müstəqillik Bəyannaməsi Şimali Amerikanın 13 Britaniya koloniyasının “artıq müstəqil dövlətlər olduğunu və Britaniya tax-tacının bütün öhdəliklərindən imtina etdiyini” təntənəli şəkildə elan edib. Bəyannamədə ilk dəfə olaraq rəsmi surətdə yeni dövlətin - Amerika Birləşmiş Ştatlarının adından istifadə olunub.

Ərazisinin böyüklüyünə görə dünyada 4-cü (təxminən 9,4 milyon kvadratkilometr), əhalisinin sayı baxımından isə 3-cü (320 milyon nəfər) böyük dövlət olan Birləşmiş Ştatlar federativ quruluşlu prezident respublikasıdır. Dövlət 50 ştatdan, Kolumbiya federal dairəsi və asılı ərazilərindən ibarətdir. Ştatlar rayonlara bölünürlər. ABŞ-da 3141 rayon var.

Bugünkü ABŞ-ın tarixi çox qədimə getmir. Avropa kolonistləri Şimali Amerika qitəsinə gələnədək (16 əsr) ABŞ-ın indiki ərazisində hindu tayfaları və eskimoslar yaşayırdı. 1607-ci ildə ingilislər indiki Virciniya ştatının ərazisində ilk daimi məskən salıblar. Şimali Amerikada İngiltərənin hökmranlığına son qoymuş istiqlaliyyət müharibəsi (1775-1783) gedişində ABŞ-da İstiqlaliyyət Bəyannaməsi qəbul edilib (1776-cı il 4 iyulda). Yorktaun yaxınlığında vuruşmadan (1781) sonra ingilis İcmalar palatası müharibənin davam etməsi əleyhinə səs verib və hökumətə sülh bağlamağı tapşırıb. 1781-ci ildə Xarici İşlər, Maliyyə və Hərb Departamentləri yaranıb. Həmin ildə Maliyyə Departamenti başçısı Robert Morris pul buraxılışı üçün Şimali Amerika Bankına Konqres lisenziyasını verib.



1789-cu ildə Corc Vaşinqton ölkənin ilk prezidenti seçilib. 1789-1791-ci illərdə ilk siyasi partiyası – federalistlər və respublikaçılar meydana gəlib (1828-ci ildə federalistlər adını Demokrat Partiyasına dəyişblər).

1791-ci ildə milli bank yaradılıb. 19-cu əsrin əvvəllərində ABŞ-ın ərazisi xeyli genişlənib. 19 əsrin sonundan Cənubi Karolina və Corciyadan Missisipi, Alabama, Luiziana və Arkanzasa kimi genişlənmiş pambıqçılıq inkişaf etməyə başlayıb. 1803-cü ildə ABŞ höküməti Luiziananı Fransadan satın almışdı, 1819-cu ildə İspaniya Qərbi və Şərqi Floridanı Amerikaya güzəştə gedib. 1867-ci ildə Rusiyadan Alyaskanı və Aleut adalarını satın alıb.

ABŞ-da konstitusiya 1787-ci ildə qəbul edilib və 1789-cu ildən qüvvədədir.

Ölkə əhalisinin 83 faizi ingiliscə danışır və təxminən 30 ştatda ingilis dili rəsmi dildir. İspan dili də bu ölkədə geniş yayılıb və dövlət səviyyəsində ikinci rəsmi statusa malikdir. İspan dilində ölkə əhalisinin təxminən 13 faizi danışır.

ABŞ konstitusiyasının birinci əlavəsi dinin dövlətdən ayrı olduğunu ehtiva edir. Amerika hökuməti ölkədə rəsmən dini statistikanı aparmır. Lakin “The world factbook”n açıqladığı məlumata əsasən, ABŞ əhalisinin 51,3 faizi protestant, 23,9 faizi katolik, 12,1 faizi hər hansısa konfessiyaya məxsus, 1,7 faizi mormonlar, 1,6 faizi digər xristian konfessiyasına, 1,7 faizi yəhudi, 0,7 faizi buddist, 0,6 faizi müsəlman, 2,5 faizi başqa və ya göstərilməyib, 4 faizi ateistdir.

ABŞ dünya iqtisadiyyatında olduqca mühüm rol oynayır. Xarici kapital qoyuluşuna görə ABŞ bütün ölkələri ötüb keçib. Formalaşmış üç meqapolisin daxilində ölkənin bütün sənaye məhsullarının 60 faizi istehsal edilir. Ölkədə ən iri sənaye mərkəzi Kaliforniya ştatıdır. Kaliforniya adətən "dövlət daxilində dövlət" adlandırılır. Sahəsinə görə bu ştat Yaponiyadan və Fransa istisna olunmaqla, Avropanın inkişaf etmiş ölkələrindən daha böyükdür.




ABŞ-ın prezidentləri

ABŞ-da prezidentlər 1789-cu ildən seçilirlər. Ardıcıl seçilmələr eyni hakimiyyət dövrü kimi qəbul olunur. İlk prezident Corc Vaşinqton 2 dəfə seçildiyi halda, 1-ci və 2-ci deyil, yalnız 1-ci ABŞ Prezidenti hesab olunur. Franklin Delano Ruzvelt 4 dəfə ABŞ Prezidenti seçilmiş yeganə şəxsdir. O, bu vəzifəni 12 il tutaraq prezident vəzifəsində ən uzun müddət qalan şəxs sayılır. Ən qısamüddətli prezidentlik dövrü isə Uilyam Henri Harrisona məxsusdur, o cəmi 32 gün hakimiyyətdə olub.

Amerika tarixində ən yaşlı prezident Ronald Reyqan (1981-1989) olub. O, ilk prezidentlik səlahiyyətlərinin icrasına başlayanda artıq 69 yaşı vardı. Ən gənc prezident Teodor Ruzveltdir (1901-1909) - onun seçki keçirilmədən prezident olarkən 42 yaşı vardı.

Con Kennedi (1961-1963) isə prezident seçilən vaxt (43 yaş) ən gənc prezident olub.

ABŞ prezidentləri arasında ən hündürboylu dövlət başçısı Avraam Linkoln (1861- 1865) olub - onun boyu 193 santimetr idi. Ceyms Мedison (1809-1817) isə ən qısa boylu lider olub - onun boyu 163 santimetr idi.

Ən ağırçəkili ABŞ prezidenti Uilyam Taft (1909-1913) olub - onun çəkisi 135 kq-dan çox olub.

Teodor Ruzvelt (1901-1909), hakimiyyəti dövründə mövcud olan 48 ştatın hamısını gəzən ilk ABŞ prezidenti olub. Bundan başqa, Teodor Ruzvelt, təyyarədə uçuş həyata keçirən ilk prezident olub.

Riçard Nikson (1969-1974) SSRİ və Çinə səfər edən ilk prezident olub.

Bill Klinton (1993-2001) isə ABŞ prezidenti olaraq, ən çox xarici səfərlər edən ölkə başçısı kimi tarixə düşüb - hakimiyyəti dövründə 133 ölkəyə rəsmi səfər edib.

Con Tayler (1841-1845) ABŞ tarixinin ən çoxuşaqlı prezidenti idi. Onun birinci arvadından 8, ikinci nikahdan isə 7 övladı vardı. Həm də sonuncu 15-ci övladı dünyaya gələndə prezidentin 70 yaşı varmış.

Ceyms Byukenen (1857-1861) subay olan yeganə ABŞ prezidentidir. O, bir dəfə nişanlı olub, lakin toya yaxın ixtilaflar üzündən naşanlısı onu tərk edib və tezliklə dünyasını dəyişib.

Grover Klivlend (1885-1889) ABŞ-ın Ağ evdə toy keçirən yeganə prezidentdir. ABŞ prezidenti Endryu Consonun (1865-1869) ibtidai təhsili belə yox idi. Ona yazıb-oxumağı xanımı öyrətmişdi.

Ən varlı ABŞ prezidentləri Corc Vaşinqton və Con Kennedi olub. Forbes jurnalının versiyasına görə, Vaşinqtonun sərvəti (plantasiyaları, daşınmaz əmlak və s.) hazırkı kursla qiymətləndirsək, 900 mln dollar, Kennedinin sərvəti isə 850 mln dollar təşkil edib.

Ən yoxsul ABŞ prezidentləri isə Conson Endrü hesab edilir. ABŞ -a ən çox prezidenti Ohayo ştatı (yeddi) verib. İkinci yerdə Nyu-york (altı), üçüncü yerdə isə Virciniya (beş), daha sonra Massaçusets (dörd), Texas, Tennessi və Kaliforniya (üç) dayanır.

Barak Obamanın doğma ştatı olan İllinoysda bir prezident - Avraam Linkoln dünyaya gəlmişdi.



Tekumse lənəti

Daha çox Prezident lənəti kimi tanınan Tekumse lənəti haqda ABŞ-da belə bir əfsanə mövcuddur: vaxtilə ölən hindu qəbiləsinin başçısı ağdərililərlə müqavilənin pozulmasına görə Amerika prezidentlərini lənətləmişdi.

Bu lənət ondan ibarətdir ki, axır "0" rəqəmi ilə bitən ildə prezident seçilən insan, səlahiyyətləri müddətini bitirməmiş həlak olacaq. Bu lənət inanca görə yeddi seçim prezidentə aid olmalıydı.

Seçildiyi illərin sonu sıfırla bitən 2 prezidentdən başqa, qalanlarının hamısı öldürülmüşdü. İlk olaraq, bu sisiləni Uilyam Henri Harrison başlayıb. Belə ki o, andiçmə mərasimindən cəmi bir ay sonra vəfat edib.

İkinci lənət - Linkoln Avraam, ilk dəfə 1860-cı ildə prezident seçilib, 1864-cü ildə isə təkrar seçkilərdə qalib gəlib və 1865-ci ildə qətlə yetirilib.

Üçüncü lənət - Ceyms Qarfild 1880-ci ildə prezident seçilib, 1881-ci ildə qətlə yetirilib.

Dördüncü lənət - Uilyam Mak-Kinli, yenidən 1900-cı ildə seçilib, 1901-ci ildə qətlə yetirilib.

Beşinci lənət - Qardinq Uorren 1920 -cı ildə seçilib, 1923-də dünyasını dəyişib.

Altıncı lənət - Franklin Ruzvelt, ilk dəfə 1940 -cı ildə, ikincı müddətə isə 1944-cü ildə seçilib, 1945-də dünyasını dəyişib.

Yeddinci lənət - Con Kennedi 1960 -cı ildə seçilib, 1963-cü ildə qətlə yetirilib.

Bu qanunauyğunluğu ilk dəfə Ronald Reyqan pozub. 1980-cı ildə prezident postuna gələn Reyqana 1981-ci ildə sui-qəsd təşkil olunub. Lakin cəhd uğursuzluqla nəticələnib.

Bundan sonra "tilsim" sınıb. Ronald Reyqan səlahiyyət müddətini uğurla başa vuraraq, 1989-ci ildə bu vəzifəni tərk edib.



Milli valyutada əks olunan prezidentlər

Ölkənin ilk prezidenti Corc Vaşinqtonun rəsmi 1 dollarlıq əskinasda, üçüncü prezidenti Tomas Ceffersonun 2 dollar əskinasda, ABŞ-ın 16-cı prezidenti Avraam Linkolnun rəsmi 5 dollar əskinasda, yeddinci ABŞ prezidenti Endryu Ceksonun rəsmi 20 dollarlıq əskinasda, 18-ci prezident Uliss Qrantın rəsmi isə 50 dollarlıq əskinasda əks olunub. Rəsmləri daha böyük əskinaslarda təsvir olunan ABŞ prezidentləri isə bunlardır:

ABŞ-ın 25-ci prezidenti Uilyam Mak-Kinli 500 dollarlıq, 22-cü prezidenti Grover Klivlend 1000 dollarlıq, dördüncü ABŞ prezidenti Ceyms Мedison 5000 dollarlıq, prezident Vudro Vilson isə 100 000 dollarlıq əskinasda əbədiləşdirilib.

Hazırladı: Elvin Abdulqədirov
AzVision.az


Teqlər:  





Xəbər lenti