Sarkisyanı devirmək istəyən Sefilyan kimdir? – DOSYE

Sarkisyanı devirmək istəyən Sefilyan kimdir? – DOSYE
  19 İyul 2016    Oxunub:6643
İrəvanda silahlı qruplaşmanın polis idarəsinə basqın etməsi Ermənistanda vəziyyəti daha da gərginləşdirib. Onsuzda acınacaqlı vəziyyətdə olan ölkədə bir neçə gündür silsilə etiraz aksiyaları keçirilir.

Radikal müxalifət lideri Jirayir Sefilyanın tərəfdarları İrəvanda toplanaraq prezident Serj Sarkisyanı istefa verməyə çağırıblar. Onlar Sefilyan azadlığa çıxmayanadək etiraz aksiyalarını dayandırmağacaqlarını bəyan ediblər.

Məlumat üçün bildirək ki, iyulun 17-də səhər saatlarında bir neçə silahlı şəxs Ermənistan polisinin patrul-post alayının ərazisinə daxil olub və zor tətbiq etməklə oradakı insanları girov götürüb.

Polisin məlumatına görə, binanın ələ keçirilməsinə cəhd zamanı bir polis zabiti ölüb, üç nəfər yaralanıb. Ardından xüsusi təyinatlıların əməliyyatı nəticəsində iki girov azad edilib.

Silahlı basqın edən şəxslərin Jirayr Sefilyanın tərəfdarları olduğu bildirilib. Onlar Sefilyanın həbsdən azad edilməsi, Sarkisyanın istefa tələbə ilə çıxış ediblər. Ermənistan Polis rəisinin müvini Unan Poqosyan bildirib ki, hal-hazırda 5 polis zabiti girovluqda saxlanılır.

3 gündür ki, Ermənistanın güc strukturları 20-25 nəfərlik silahlını zərərsizləşdirib, polis idarəsini azad edə bilmir. Heç şübhəsiz ki, silahlılar zərərsizləşdirilsə belə Sefilyan tərəfdarlarının etirazları davam edəcək.



Siyasət meydanlarında Sefilyan Sarkisyan üçün real təhlükə və amansız rəqib kimi qiymətləndirilir. İddia edilir ki, terror təşklatları ilə əlaqəli olan Sefilyan həbsdə olsa belə, İrəvanda hər an dövlət çevrilişi cəhdinə göstəriş verə bilər. Polis idarəsinin zəbt olunması da qiyam təhlükəsinin real olduğunun göstəricisidir.

Millət vəkili, politoloq Rasim Musabəyov hesab edir ki, Jirayr Sefilyan kriminal alətdir və lazım olan anda istifadə olunur: “O, Livanda ASALA-nın üzvü kimi terror hadisələri törətməklə məşğul idi. Sefilyan Qarabağ hadisələri zamanı əlinə silah alaraq azərbaycanlıları qıranlardan biridir. Bu adam təbiətinə görə, terrora, öldürməyə meyillidir. Belə insanlar azadlıqda qalanda dövlət üçün böyük problemlər yaradırlar. Əvvəllər Sarkisyan Jirayr Sefilyan kimi insanların fəaliyyətinə göz yumurdu. Hansısa bir mərhələdə onlar özlərini kənarda qalmış, aldadılmış hiss edərkən eyni metodlarla hakimiyyətə qarşı çıxırlar”.



Ermənistanı bir-birinə qatan Sefilyan kimdir?

Jirayr Sefilyan 1967-ci il iyulun 10-da Livanın Beyrut şəhərində anadan olub. Qarabağ döyüşlərində azərbaycanlılara qarşı qətliam törədən Sefilyan hazırda “Yeni Ermənistan” siyasi təşkilatının rəhbəridir.

O, 1986-cı ildə “Qevork Çatalbaşyan” adına erməni kollecində təhsil alıb. Sefilyan Livanda gedən vətəndaş müharibəsi zamanı erməni özünümüdafiə dəstəsinin üzvü olub. O, “Daşnaksütyun” partiyasının Livan təşkilatının fəallarından olub. 1990-cı ildə təşkilat tərəfindən hərbi təlimatçı kimi Ermənistana göndərilib. O, 1991-ci ildə Dağlıq Qarabağa gələrək döyüşlərdə iştirak edib.

1992-ci ildə onun rəhbərlik etdiyi dəstə Azərbaycanın Şuşa şəhərinin işğalında xüsusi fəallığı ilə seçilib. Qarabağda hərbi əməliyyatlar başa çatdıqdan sonra Sefilyan Livana geri dönüb. O, iki ildən sonra yenidən Ermənistana qayıdıb.

O, Ermənistana geri qayıtdıqdan sonra qondarma “Dağlıq Qarabağ ordusu”nda rəhbər vəzifələr tutur. Ordudan tərxis olunduqdan sonra, Sefilyan 2000-ci ildən etibarən Ermənistanda siyasi fəaliyyətlə məşğul olmağa başlayıb və müxalifət sıralarında Sarkisyana qarşı mövqe tutub.



O, bir müddət “Ermənistan könüllüləri birliyi” hərəkatının koordinatoru olub. 10 dekabr 2006-cı ildə ictimai çağırışlar və konstitusiya quruluşunun zorakılıq yolu ilə pozulması ittihamı ilə həmkarı Vardan Malxasyanla birgə saxlanılıb və qanunsuz silah saxladığına görə bir il altı ay müddətinə azadlıqdan məhrum edilib.

Sefilyan 2008-ci ilin iyununda cəzasını çəkdikdən sonra azadlığa çıxıb və Ermənistanda siyasi mübarizəni davam etdirmək niyyətində olduğunu bəyan edib.

O, 7 aprel 2015-ci ildə “Yeni Ermənistan” təşkilatının digər dörd üzvü ilə birgə kütləvi iğtişaşlara cəhddə şübhəli bilinərək həbs olunub.

Ermənistanın hüquq müdafiəçiləri o zaman Sefilyanın həbsinin siyasi xarakterli olduğunu elan etmişdilər. 4 may 2015-ci ildə Sefilyan və onunla birgə həbs olunan digər şəxslər azadlığa buraxılıb.

Sefilyan Ermənistanda Konstitusiya dəyişikliklərinin qatı əleyhdarıdır.

6 dekabr 2015-ci ildə Konstitusiya dəyişiklikləri üzrə referendumdan öncə “İrs” partiyasının lideri Raffi Ovanisyanla birgə “Yeni Ermənistan” təşkilatını yaradıb.

Hazırda Sefilyan və silahlı tərəfdarları prezident Serj Sarkisyan üçün real təhlükə mənbəyi sayılır.

Eldar Tanrıverdiyev
AzVision.az


Teqlər:  





Xəbər lenti