Gəncə “Avropanın İdman Şəhəri” titulunun bayrağını təhvil alıb
Gəncə Şəhər İcra Hakimiyyətinin başçısı Niyazi Bayramovun başçılıq etdiyi nümayəndə heyəti 2019-cu il üçün Avropanın İdman şəhəri titulunu əks etdirən rəsmi bayrağı qəbul edib. Tədbirdə çıxış edən Gəncə Şəhər İcra Hakimiyyətinin başçısı Niyazi Bayramov Avropa Parlamentinin idman siyasətini həyata keçirən təşkilat - ACES-in rəbərliyinə öz təşəkkürünü bildirib. Azərbaycanda həyata keçirilən uğurlu idman siyasətindən danışan Niyazi Bayramov, Prezident İlham Əliyevin ardıcıl səyləri nəticəsində bu sahənin daha da inkişaf etdiyini, Gəncənin Avropanın İdman Şəhəri adını layiqincə daşıyacağından əmin olduğunu bildirib. O, qeyd edib ki, bu gün paytaxt Bakı ilə yanaşı, respublikanın ikinci böyük şəhəri olan Gəncədə, habelə ölkəmizin əksər bölgələrində müasir olimpiya idman kompleksləri fəaliyyət göstərir. Təsadüfi deyil ki, beynəlxalq yarışlarda, olimpiya və dünya çempionatlarında iştirak edən və uğurlu nəticələr göstərən idmançılarımızın sayı ildən ilə artır.
Qeyd edək ki Avropanın İdman şəhəri tutulunu MDB ölkələri arasında ilk dəfə olaraq Gəncə şəhəri qazanıb. Xatırladaq ki, ACES Europe təşkilatının Qiymətləndirmə Komitəsi cari ilin may ayının 1-dən 4-ədək Gəncə şəhərində səfərdə olub, səfər çərçivəsində şəhərin infrastrukturu, son 3 ildə idman sahəsində görülən işlər və əldə olunan nəticələr, o cümlədən gələcək planlarla bağlı müxtəlif məlumatlar toplayıb, görüşlər keçirib.Bunun nəticəsində 16 may tarixində qəbul olunan qərara əsasən Gəncə 2019-cu ilin Avropanın İdman şəhəri tituluna layiq görülüb. ACES Europe (Avropanın İdman Şəhərləri və Paytaxtları Federasiyası) hər il 9-19 şəhəri “Avropa İdman Şəhəri”, bir şəhəri isə “Avropanın İdman Paytaxtı” titulu ilə təltif edir.
Azvision.az